16 yanvar 2019 11:09
416

Demokratiyadan dəm vuranlar Ermənistandakı özbaşınalıqları görmürlərmi?

Azərbaycan bu gün Dağlıq Qarabağ münaqişəsinin dinc yolla həlli prinsipinə sadiqlik nümayiş etdirməklə yanaşı, problemin tənzimlənməsi prosesində özünün haqlı mövqelərinin qorunmasında da israrlıdır. Nəzərə almaq lazımdır ki, 20 ildən artıq Ermənistanda hakimiyyəti gücə və zorakılığa əsaslanaraq əldə saxlamış cinayətkar siyasi qruplaşmanın devrilməsi nəticəsində hakimiyyətə gəlmiş Nikol Paşinyan da öz siyasi oyunlarını Dağlıq Qarabağ üzərindən oynamağa cəhd edir. Belə ki, sələflərinin təcrübəsindən faydalanan Paşinyan da münaqişə vəziyyətindən istifadə edərək hakimiyyətdəki mövqelərini möhkəmləndirməyə çalışırdı. Məsələn, o, Azərbaycanın işğal altında olan ərazilərinə ardıcıl qanunsuz səfərlər etməklə yanaşı, danışıqlarda da qondarma “Dağlıq Qarabağ respublikası”nın tərəf kimi iştirakının vacibliyi ilə bağlı sərsəm fikirlər səsləndirirdi. Lakin Prezident İlham Əliyevin qeyd etdiyi kimi, Azərbaycan bunu qətiyyətlə rədd edib və bunun mümkünsüzlüyünü işğalçı tərəfə aydın şəkildə çatdırıb.

Politoloq Elşad Mirbəşiroğlu sözügedən məsələ ilə bağlı “İki sahil”ə açıqlamasında bildirdi ki, Azərbaycan hakimiyyəti ən böyük problemimiz olan Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həll olunması istiqamətində öz prinsipial siyasətini ardıcıl olaraq davam etdirir və bütün dünyaya bəyan edir ki, bu problem yalnız Azərbaycanın ərazi bütövlüyü və suverenliyi çərçivəsində həll oluna bilər: “Dövlət başçısının qeyd etdiyi kimi, Azərbaycanın həyata keçirdiyi uğurlu siyasət Ermənistanın kriminal xunta rejiminin mahiyyətini açıb ortaya qoydu. Bütün dünya bildi ki, Ermənistanda Sarkisyan, Koçaryan kimiləri Azərbaycan xalqına qarşı soyqırımı həyata keçirmiş bir cinayətkar qruplaşmadır. Onların hakimiyyəti dövründə xalqla hakimiyyət arasında uçurum yaranıb, seçkilər kobud və aşkar şəkildə saxtalaşdırılıb. Nəhayət, Ermənistan cəmiyyəti də dözməyərək onları tarixin arxivinə atdı və əminəm ki, məhkəmələr də qurulacaq və onlar Azərbaycan xalqına qarşı törətdiyi cinayətlərə görə cavab verəcəklər”.

Politoloq onu da qeyd etdi ki, Prezident İlham Əliyevin Nazirlər Kabinetinin iclasında toxunduğu məqamlardan biri də məhz bu oldu: “Daim ədalətdən dəm vuran Avropa Şurası, Avropa Parlamenti və beynəlxalq təşkilatlar cinayətkar Sarkisyan rejiminin saxtakarlıq edərək özünə 50 faizdən çox səs yazmasına göz yummuşdur. Həmin təşkilatlar Sarkisyanın cinayət əməllərinə göz yummaqla onun törətdiyi cinayətlərə şərik olublar. Həqiqətən də istər Ermənistan hakimiyyəti, istərsə də müxtəlif ölkələrdə fəaliyyət göstərən erməni diaspor təşkilatları öz fəaliyyətlərində həmişə rüşvət yolu ilə ələalma taktikasına istinad ediblər. Ona görə də uzun illərdən bəri Ermənistandakı cinayətkar rejimin əməllərinə göz yummuş beynəlxalq təşkilatların ədalətdən və demokratiyadan danışmağa mənəvi haqları yoxdur”.

E.Mirbəşiroğlu onu da vurğuladı ki, bu gün Azərbaycanın apardığı uğurlu siyasəti Ermənistanı təcrid vəziyyətinə salıb: “Ermənistanın iqtisadiyyatı da, siyasəti də çöküb. Onların yeganə çıxış yolu işğalçı qoşunlarını Azərbaycan ərazilərindən çıxarmalarıdır. Yalnız bundan sonra bəlkə Ermənistanın bir şansı, çıxış yolu ola bilsin. Demək olar ki, onların gələcək taleyi Azərbaycan dövlətindən asılıdır. Ermənistan bunu nə qədər tez anlasa, onlar üçün bir o qədər yaxşı olar. Əks halda onlar üçün heç də yaxşı olmaz. Ermənistandan fərqli olaraq, Azərbaycan sürətlə inkişaf edir, dayanıqlı iqtisadiyyata malikdir, bütün ölkələrlə faydalı münasibətlər qurub”.

Mənsumə Babayeva, “İki sahil”