KÖŞƏ

Azər Qismət

Müxalifətin mitinqinə icazə verilməsinin səbəbi

18 yanvar 2019 11:01
4261

Bakı Şəhər İcra Hakimiyyəti (BŞİH)  “Milli Şura”sı və AXCP-nin birgə mitinq müraciətinə müsbət cavab verdi. Özü də heç bir narahatlıq keçirmədən və cavabı gecikdirmədən.

Müxalifət üzvləri isə sosial şəbəkələrdə elan verdilər ki, “mitinq olacaq, gəlin”. Çağırışlar səsləndi ki, “təki gəlin”. Əlbəttə ki, hər bir mitinqin keçirilməsinin səbəbi olur. Budəfəki səbəbin adı bloqger Mehman Hüseynovdur. Beləliklə, bloqger Mehman Hüseynova dəstək üçün keçirilməsi planlaşdırılan mitinq.

Əvvəla, mitinqə icazə verilməsinə daha mat qalmıram. Son illər ərzində müxalifət istənilən vaxt mitinq keçirib və əvvəlcədən razılığını alıb. Hakimiyyət də etiraz etməyib, müraciəti müsbət cavablandırıb. Amma nədən heç bir gərginlik yaşanmadan “Milli Şura”nın mitinqlərinə icazə verilir? Birinci səbəb odur ki, Azərbaycan digər demokratik ölkələr kimi fikir plüralizminin əleyhinə getmir. İkinci səbəb qorxusuzluqdur. Adətən görmüşük ki, bəzi ölkələrdə mitinq müraciətindən narahat qalınır, yaxud müraciətə cavab gecikdirilir. Bizdə isə vəziyyət rahatlıqla həyata keçirilir. Sanki “gedin, istədiyiniz qədər mitinq keçirin, danışın”. Belə inamlı addımın arxasında isə müxalifətin illərlə formalaşdırdığı amil dayanır. Mitinqlərin brifinqlərə bənzəməsinin səbəbi adamlarda inamın azalmasına görədir.

Bəzi partiya fəallarını çıxsaq, sadə adamlar daha müxalifətə inanmır. Yox, bunu söz xatirinə yazmıram. Bax, təsəvvür edin ki,narazı adam mitinqə gedir. Hansısa vəzifəli adamdan narazılıq görüb, ya iş yerində məvacibinin artırılmasına laqeyd yanaşılıb. Adam mitinqə gedir və görür ki, aksiya Mehman Hüseynovun həbsinə münasibətlə təşkil edilib. Ya kimsə qarabağlıdır, mitinqə gedir ki, xarici ölkələr sadə azərbaycanlıların torpaq itkisinə görə narahatlığını görsün, Ermənistanı sıxışdırsın, sanksiyalar tətbiq etsin, qoşunları işğal edilmiş ərazilərdən çıxarsınlar. Ancaq sadə adam mitinqə gedib görür ki, bu qışın soyuğunda adamları Mehmana görə yığıblar. Sadə adam mitinqin mövzusuna baxır, getmək fikrini dəyişir.

Sadə adamdan soruşuram ki, “sən necə müxalifət görmək istəyirsən?”. Mənə Türkiyəni misal çəkir. Çünki oranın müxalifəti milli məsələdə vahid mövqedən çıxış edir. Bizdə isə milli məsələdə hakimiyyət beynəlxalq qurumlardan izahat istəyir, ikili standarta son qoymağı tələb edir, müxalifətin isə səsi çıxmır. Yaxud “Türkiyədə Ərdoğanın anası rəhmətə gedəndə müxalifət liderləri onunla yanaşı dayanıb başsağlığı verdilər. Bizdə isə müxalifət hətta bir-birinin doğmalarının ölümünə də sevinir”. Bunu az-çox təhsili olan sadə adamlar deyir. Orta statistik azərbaycanlı belə düşünür. Ona həm də çatmır ki, niyə bizim müxalifətin mitinqində İŞİD-in bayrağı dalğalanır. Yaxud ona çatmır ki, niyə erməni əsirliyində qalan iki girovumuzun taleyindən, ümumilikdə Qarabağ məsələsindən danışılmır. Deməli, müxalifət sanki bizdən deyil. Sanki başqa ölkənin müxalifət partiyası mitinq keçirməyə məkan tapmadığından bizdə keçirməyə qərar verib.

Elə budəfəki mitinqin mövzusu da sadə adamları ona görə narahat edir ki, qışın soyuğunda nəyin ardınca gedilir. Müxalifətin iflası illər boyu formalaşıb. Partiyanın bir üzvü liderini paxırını açacağı ilə hədələyir, başqa partiyaya xəfiyyə göndərirlər ki, ara qarışsın, parçalanma yaransın. Belə addımlar isə onları gözdən saldı. Nəticədə mitinqə 500-600 adam gəlir, onu da 10-a vurub 5 000 edirlər. Əlbəttə, yenə deyiləcək ki, “hakimiyyət adamların rayondan gəlməsinin qarşısını aldı”, yenə deyiləcək ki, “işıqları kəsdilər, mikrofonlar işləmədi”. Bunlar aydındır, yenə deyiləcək. Ancaq istənilən halda hakimiyyət axı sosial şəbəkələrin qarşısını ala bilməz. Sistem elə qurulub ki, çağırışların qarşısını almaq mümkünsüzdür. Bəs, niyə adamlar mitinqə gəlmir. Çünki inam itib. Zamana uyğun müxalifətin formalaşacağını gözləyənlər isə hələ kandarda durublar. Lazımi milli, xalqını, dövlətini həqiqətən də istəyən müxalifət isə yetişmir. Elektoratı inandırmağı bacarmayan liderlərin arxasınca kimlər getsin? Axı, adamlar çörəyi qulağına yemir. Görür ki, müxalifətin dünən dediyi ilə sabah söylədiyi düz gəlmir. Deməli, hamısı məqsəd güdür.

İndi aydın oldu ki, niyə müxalifətin mitinqinə icazə verildi. Heç bir narahatlıq keçirmədən və rahatlıqla. Çünki hakimiyyətə gün kimi aydındır ki, müxalifət iflasa uğrayıb. Deməli, brifinq xarakteri daşıyan müxalifət mitinqindən üşənməyə dəyməz. Elə ona görə də müraciət kağızına rahatlıqla “icazə verilsin” dərkənarı qoyulub.