14 fevral 2019 11:34
4368

Niyə uşaqlar evdə tək qala bilməzlər?

Uşaqları evdə təkbaşına qoymaq olarmı? Bir saatlıq? Smartfon ilə və ya onsuz? Hansı yaşda? Bu kimi suallarla demək olar ki, bütün valideynlər rastlaşır. Axı, hər bir valideyn beş dəqiqəlik də olsa evdən “qaçmaq” məcburiyyətində olur.

Anidən nələrinsə baş verəcəyinə bəzən inanmırıq. Lakin belə hadisələr tez-tez baş verir. Elektrik cərəyanında problem, qaz plitəsində  nasazlıq və s. Əgər hətta sizin sərbəst və məsuliyyətli övladınız varsa belə, o, baş verə biləcək hansısa bir hadisə qarşısında aciz qala bilər. Ana və ya ata evdən gedərkən, hətta “bir dəqiqəlik" belə olsa, uşaqlar onların həmişəlik getdiyini düşünürlər.

Bütün uşaqlar ən təhlükəsiz yerin valideynlərinin yanı olduğunu hesab edirlər. Əgər bir uşaq  anasından uzaq durmursa bu, o deməkdir ki, o öz təhlükəsizliyinə inanmır və o  tək qalmaqdan qorxur. Valideynlərin qarşısında qoyulan tapşırıq odur ki, sözlə deyil, hərəkət ilə uşağı tək qalmağa hazırlamaq lazımdır. Bu məsələdə ən vacib olanı asta-asta öyrətməkdir. Bəs uşağı necə öyrətmək lazımdır ki, onu evdə tək qoymaq mümkün olsun və  gələcəkdə  həyatda istənilən vəziyyətdən çıxış yolu tapa bilsin?

1. Uşağa tək oynamaq imkanı verin. Əvvəlcə sizin yanınızda oynasın, sonra isə başqa otaqda tək oynasın. Belə olduqda uşaq fikirləşəcək ki, ana və ya ata ondan çox da uzaqda deyil və onların onun yanında olmadığı müddətdə o, tək qala biləcəyinə inanacaq.

2. Özünə qulluq etmək üçün uşaqlara imkan yaradın. Özü geyinsin, özü soyunsun, stəkana su süzsün, çəngəl və bıçaqdan istifadə etsin.

3. Uşaqlara onların qidanı götürə biləcəyi yeri göstərin. Çalışın dadlı təamları şkafın arxasında gizlətməyəsiniz. Çox vaxt uşaqlar dadlı bir konfet yemək üçün təhlükəli yerlərə əl atırlar.

4. Elektrik cihazlarından düzgün şəkildə necə istifadə olunmasını öyrədin. Məsələn, çaydanı, işığı, qaz plitəsini yandırıb söndürməyi və s.

5. Çalışın yad insanlara qapı açmamağı, telefondan istifadə etməyi, valideynlərin, qohumların, xilasedici xidmətin nömrələrini yığmağı öyrədəsiniz.  Bütün telefon nömrələrini təkcə telefonun yaddaşında deyil, bir kağıza yazıb onların görə biləcəyi bir yerə qoyun. Hər dəfə onlara təhlükə hiss etdikləri zaman xilasedici xidmətə zəng edərək ad, soyad, ünvan və vəziyyəti başa sala bilmək qabiliyyətini öyrədin.

6. Bundan başqa, uşaq təkcə yad insanlara qapı açmamağı deyil, həmçinin evdə baş verə biləcək təhlükəli vəziyyətdə tez bir zamanda oranı tərk etməsini də öyrətmək lazımdır.

Övladınız bütün bunları bildikdən  sonra evdə tək qalmağı və vəziyyətlərdən çıxış yolunu asanlıqla öyrənəcək. Avropa ölkələrində evdə uşaqların tək qalmağına yalnız 16 yaşından etibarən icazə verilir. ABŞ-da ştatdan ştata qanunlar dəyişir. Belə ki, bugünkü gün yaşı 15-dən aşağı olan uşaqların evdə tək qalmağı qadağandır. Nevada ştatında vəziyyət tamamilə başqadır, burada 21 yaşına qədər olan yeniyetmələrin evdə nəinki tək qalması qadağandır, onların saat 21.00-dan sonra küçəyə çıxmaqları belə olmaz. Yaponiyada oğlanlar 12 yaşından, qızlar 11 yaşından etibarən evdə tək qala bilərlər. Hindistanda isə bu qanun 8 yaşından 10 yaşına kimi olan uşaqlara aid olunur.

Könül Əliyeva, “İki sahil"