04 mart 2019 10:25
943

Cənab Prezident milli mədəni inkişafın prioritetlərini müəyyənləşdirdi

Son gülərdə imzaladığı sərəncamlar və fərmanlarla vətəndaşların sosial müdafiəsinin daha etibarlı təminatı üçün uğurlu islahatları,  sakinlərlə görüşləri ilə Azərbaycanın iqtisadi qüdrətini təsdiqləyən Prezident İlham Əliyev  tədbirlərin davamlı keçiriləcəyini də bəyan edir.

Fevralın 2-də gənclərlə keçirdiyi görüşdə müstəqillik illərində Azərbaycanın qazandığı iqtisadi uğurlardan, həyata keçirilən islahatlardan ətraflı bəhs edən cənab İlham Əliyev vurğulamışdır ki, sosial problemlərin həlli daim diqqət mərkəzində olmalıdır.

Ölkəmizdə mədəniyyət və incəsənətin inkişafını daim diqqətdə saxlayan, bu sahədə çalışanların əməyini layiqincə qiymətləndirən Prezident İlham Əliyevin, Birinci vitse-prezident Mehriban xanım Əliyevanın  bir qrup mədəniyyət və incəsənət xadimi ilə görüşü də  insan amilinə diqqətin təzahürüdür.

Görüşdə son günlərdə ölkə əhalisi tərəfindən rəğbətlə qarşılanan islahatları insan amilinə diqqətin ifadəsi adlandıran cənab İlham Əliyev bildirmişdir ki, Azərbaycan yeni inkişaf mərhələsinə qədəm qoyur, bütün sahələrdə ciddi dönüş yaranır.

Bu islahatların müsbət nəticələri təbii ki, mədəniyyət və incəsənət sahəsində də hiss olunur. 2019-cu ildə daha önəmli islahatların aparılacağını diqqətə çatdıran dövlət başçımız iqtisadi müstəqilliyimiz sayəsində əldə olunan nailiyyətlərdə hər bir vətəndaşın, o cümlədən mədəniyyət və incəsənət xadimlərinin də xüsusi əməyinin olduğunu bildirmişdir.

2015-ci ildən sonra dünya ölkələrində davam edən tənəzzüldən iqtisadi müstəqillik nəticəsində daha az itki ilə  çıxan Azərbaycanın maliyə imkanlarının möhkəmlənməsi sosial islahatların sürətlənməsini də şərtləndirdi.

Respublikanın hər yerində tətbiq olunan iqtisadi islahatlar sosial sahədə ciddi addımların atılması üçün möhkəm təməl formalaşdırdı.

Son günlərdə həyata keçirilən islahatların məntiqi nəticəsi budur ki, dövlət daim öz vətəndaşının yanındadır. Biri-birindən önəmli islahatlar təsdiqlədi ki, heç bir ölkədə bu dərəcədə sosialyönümlü, vətəndaşın marağını ifadə edən addım atılmamışdır. 3 milyona yaxın insanı əhatə edən sosial paketlərə daxil olan islahatlar nəticəsində əhalinin minimum əməkhaqqı və pensiyalar, təqaüdlər, müavinətlər artırılmış,  güzəştlərə əlavələr olunmuşdur. Əhalinin illərdən bəri gözlədiyi problemli kreditlərin vətəndaşların xeyrinə həlli, çoxmənzilli binaların istismarına icazə verilməsinin sadələşdirilməsi haqqındakı  sərəncamlar əhali tərəfindən xüsusi rəğbətlə qarşılanmışdır.

Görüşdə təhsil, milli mənəvi dəyərlərdən söz açan, məhkəmə-hüquq sistemində aparılan islahatlardan danışan dövlət başçımız bildirmişdir ki, mədəniyyət sahəsində həllini gözləyən işlər də sistemli şəkildə həyata keçiriləcəkdir. 

“Mədəniyyət sahəsinin inkişafı ilə bağlı əvvəlki illərdə bir çox işlər görülüb. Mən Prezident kimi çalışırdım ki, həmişə bu sahəyə öz diqqətimi göstərim. Hesab edirəm ki, görülmüş işlər qiymətləndirilməlidir. Bizim əsas teatrlarımız - Milli Dram Teatrı, Rus Dram Teatrı, Gənc Tamaşaçılar Teatrı, Musiqili Teatr əsaslı təmir olundu. Bölgələrdə teatrlar tikildi və əsaslı təmir edildi, yeni teatrlar yaradıldı. Muzeylərimiz, Bakı şəhərinin muzeyləri demək olar ki, tam şəkildə əsaslı təmir edildi - Tarix Muzeyi, Nizami adına Muzey, Muzey Mərkəzi. İncəsənət Muzeyinin iki binası və Xalça Muzeyi tikildi. Müasir İncəsənət Muzeyi fəaliyyətə başladı, digər muzeylər, mən indi hamısını xatırlaya bilmərəm. Hər bir şəhərdə Tarix-Diyarşünaslıq muzeyləri fəaliyyətə başladı” söyləyən cənab İlham Əliyev bir çox mədəniyyət obyektlərinin təmir və bərpasını da xalqa xidmətin nümunəsi adlandırmışdır.

Qara Qarayev, Fikrət Əmirov, Bülbül, Niyazi və digər görkəmli mədəniyyət xadimlərimizin xatirəsinin əbədiləşdirilməsini  mədəni irsimizə diqqətin ifadəsi adlandıran Prezident İlham Əliyev bundan sonra görüləcək işlərdə vətəndaş təkliflərinə diqqətlə yanaşılacağını bildirmişdir. “Biz bu məsələlərə daha da geniş kontekstdə baxmalıyıq. Ümumiyyətlə, mədəniyyətimizin gələcək inkişafı, cəmiyyətdə mövcud olan ovqat, gənc nəslin tərbiyə olunması, bütün bu məsələlər bir-biri ilə bağlıdır. Ölkə iqtisadi cəhətdən inkişaf edə bilər, siyasi cəhətdən də beynəlxalq mövqeləri güclü ola bilər, ancaq əgər biz xalqımızın əsas, təməl prinsiplərini diqqətdən kənarda qoysaq, onda ölkəmizin uğurlu inkişafı dayanıqlı ola bilməz” söyləyən cənab İlham Əliyev onu da vurğulamışdır ki, gənc nəslimiz milli ruhda tərbiyə olunmalı, mədəni irsimizi yaşatmalı, qorumalı və təbliğ etməlidir.

Görüşdə çıxış edən mədəniyyət və incəsənət xadimləri bu sahəyə göstərdiyi qayğıya görə dövlət başçısına minnətdarlıq edərək bildirmişlər ki, qarşıdakı illərdə daha məsulliyyət ilə çalışacaq, Azərbaycanın milli mənəvi dəyərlərinin qorunması üçün səylərini artıracaqlar.

Xuraman İsmayılqızı,  “İki sahil”