12 mart 2019 10:36
445

Azərbaycandakı genişmiqyaslı hərbi təlimlərin Ermənistanda yaratdığı “zəlzələ”...

Azərbaycan Silahlı Qüvvələrinin Ali Baş Komandanı İlham Əliyevin təsdiq etdiyi plana əsasən, martın 11-də start verilən genişmiqyaslı hərbi təlimlər Ermənistanda növbəti “zəlzələyə” səbəb olub.

İşğalçı ölkənin mətbuatında məlum təlimlərlə bağlı canına vəlvələ düşmüş siyasi şərhçilərin, hərbi ekspertlərin, analitiklərin  və bütövlükdə erməni  cəmiyyətinin böyük təşvişini ifadə edən yazılarda yenə Azərbaycanın hərbi potensialı qarşısında düşmənin qarşısıalınmaz qorxu hissi keçirdiyi aydınca hiss olunur.

Azərbaycan Respublikası Müdafiə Nazirliyinin mətbuat xidmətinin açıqlamasına görə, martın 15-dək davam edəcək təlimlərə 10000 nəfərədək şəxsi heyət, 500-dək tank, zirehli texnika, eləcə də avtomobil və xüsusi texnika, 300-dək müxtəlif çaplı raket və artilleriya qurğusu, reaktiv yaylım atəş sistemi və minaatan, 20-dək müxtəlif təyinatlı ordu və cəbhə aviasiyası cəlb olunub. Təlimlərdə qoşunlar hücum əməliyyatının hazırlanması, şərti düşmənə bir neçə istiqamətdə zərbə vurulması, onun müdafiəsinin yarılması və qruplaşmalarının darmadağın edilməsi, eləcə də düşmən ərazisinin dərinliyində yerləşən hərbi və strateji obyektlərə raket-artilleriya zərbələrinin endirilməsi tapşırıqlarını yerinə yetirəcək. 

Təlimlərdə, həmçinin təlim mərkəzləri və ümumqoşun poliqonlarında müasir silah sistemləri və vasitələrinin tətbiqi ilə döyüş atışları, o cümlədən raket buraxılışlarının praktiki icra olunması nəzərdə tutulub. 

Müdafiə Nazirliyinin bu açıqlaması demək olar ki, təcavüzkar ölkənin bütün saytlarında yayımlanaraq rəzil erməni xislətinə uygun şəkildə müxtəlif iddiaların müşayiəti ilə  ictimaiyyətə təqdim olunur.

Şüvən qaldıran Ermənistan tərəfi iddia edir ki, Azərbaycan ATƏT-ə keçirdiyi genişmiqyaslı hərbi təlimlərlə bağlı informasiya verməli idi. Əsassız iddia ilə çıxış edən Ermənistan Müdafiə Nazirliyinin mətbuat katibi Artsrun Hovannisyan həmişəki kimi Azərbaycanı ittiham etməkdən çəkinməyib. Nazirliyin sözçüsü sayıqlamasına davam edərək bildirib ki, sözügedən genişmiqyaslı təlimlər Azərbaycanın  Ermənistana təzyiq göstərmək cəhdidir.

Bizim tarixi torpaqlarımızda yaradılmış  Ermənistanın sözçüsü unudur ki, Azərbaycanın öz əzəli torpaqlarında təlim keçmək üçün heç kimə hesabat vermək öhdəliyi yoxdur. Çünki ermənilərin oturub bizə silah tuşladığı “qarşı tərəf” dediyi ərazilər də tarixi Azərbaycan torpaqlarıdır. Yəni Ali Baş Komandan İlham Əliyev sözügedən hərbi təlimlərin keçirildiyi hansısa məqamda  istənilən hərbi əməliyyatı ermənilərin “qarşı tərəf” dediyi, əslində Azərbaycanın tarixi torpaqlarında   keçirilməsi üçün əmr verməsi istisna edilməyə bilər. Prezident İlham Əliyevin dəfələrlə öz bəyanatlarında qeyd etdiyi kimi, erməni əsgəri ölmək istəmirsə, Azərbaycan torpağından rədd olub getməlidir, əks təqdirdə,  məsuliyyət həmin əsgərin işğalçı dövlətinin üzərindədir. 

Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistanın baş naziri Nikol Paşinyanın bu yaxınlarda gözlənilən görüşü  ərəfəsində baş tutan təlimləri təzyiq  cəhdi kimi dəyərləndirmək isə işğalçı dövlətin absurd iddiasıdır. Çünki Azərbaycan heç vaxt dolayı yollarla təzyiq cəhdləri göstərməyib, dövlətimiz illərdir  əzəli torpaqları olan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı öz mövqeyini birbaşa ortaya qoymaqdadır. Prezident İlham Əliyevin Paşinyanla görüşə razılaşması Azərbaycan liderinin nəticəli danışıqlar tərəfdarı olduğunun və münaqişənin qan tökülmədən həllinin tapılmasını istədiyinin  göstəricisidir. Bu, Azərbaycan Prezidentinin hər zamankı kimi sülhpərvər olduğunu göstərən humanist siyasi jestdir.

O ki qaldı baş tutacaq görüş ərəfəsində genişmiqyaslı hərbi təlimlərin keçirilməsinə, bu, bir təzyiq rıçaqı deyil, sadəcə xəbərdarlıqdır. Əgər Ermənistan danışıqlar masasında “yola gəlməzsə”, Azərbaycan torpaqlarında yaradılmış qondarma qurumu da israrla üçüncü tərəf kimi öz yanında oturtmaq istərsə, aprel müharibəsini bir daha xatırlamalı və bu genişmiqyaslı hərbi təlimlərdən öz dərsini almalıdır...

Danışıqlar masası arxasında güzəştlərdən dəm vuran Ermənistan tərəfi yaxşı bilir ki, Azərbaycan qətiyyən  ərazilərinin  bütövlüyü ilə bağlı heç bir güzəşti müzakirə predmeti etmək haqqında belə düşünmür.

Erməni mediasında yer alan sözügedən hərbi təlimlərlə bağlı yazıların demək olar ki, hamısında aprel döyüşləri haqqında qorxu ilə söz açılıb.  Ermənistan politoloqları hətta hazırkı genişmiyqaslı təlimlərin növbəti aprel müharibəsinə  gətirib çıxaracağını əndişə ilə uydurduqları versiyalardan biri də hesab edirlər. 

İşğalçı ölkənin mediasında, həmçinin Azərbaycanın öz hərbi potensialını durmadan artırması ilə bağlı narahatlıq ifadə edən yazılar da təqdim olunur. “Armenianreport”un siyasi şərhçisi Q.Qriqoryan Azərbaycan Ordusunun öz hərbi gücünü artırması və müasir silahlarla silahlanması  ilə bağlı öz təşvişini gizlədə bilməyib. “Özündənekspert”  Qriqoryan Stokholm Beynəlxalq Sülh Tədqiqatları İnstitutunun (SIPRI) silahların ən böyük idxalçısı və ixracatçısına dair illik hesabatına əsaslanaraq 2009-2013-cü illərlə müqayisədə 2014-2018-ci illərdə Azərbaycanda silah idxalının 15 faiz artdığını təlaşla vurğulayıb: “Azərbaycan ən çox silah idxal edən ölkələr sırasında 23-cü yerdə qərarlaşıb.  Azərbaycan silahların 51 faizini Rusiyadan, 43 faizini İsraildən və 2,8 faizini Türkiyədən alır. Bununla yanaşı, Azərbaycan İsrailin ən çox silah satdığı (17%) 2-ci ölkədir. İsrail 2016-cı ildə Azərbaycana “Barak-8” sistemlərini tədarük edib. Ermənistan isə silah ixrac edən 25 ölkə və silah idxal edən 40 ölkəyə dair hesabatda yer almayıb”.

Müəllif narahatlıqla qeyd edib ki, hərbi silahlandırma ilə bağlı bu rəqəmlər sadəcə statistika deyil, mümkün müharibə ehtimalında Azərbaycanın  Ermənistanı məhv edə biləcək güclü potensialıdır.

Analitik Azərbaycan-İsrail münasibətlərinin son illərdə hərbi-strateji əməkdaşlıq səviyyəsində inkişafını da xüsusi qısqanclıqla qeyd etməyi unutmayıb: “İsrail hökuməti kifayət qədər açıq mövqeyini ortaya qoymaqdan çəkinmir. Ermənistan İsraillə münasibətləri yaxınlaşdırmaq üçün nə qədər can atsa da, qarşı tərəf bizim bu cəhdlərimizə müsbət cavab vermir. Azərbaycanı özünün strateji tərəfdaşı adlandıran İsrail bu ifadəni bircə dəfə də Ermənistanın ünvanına səsləndirməyib. İsrail uzun illərdir Azərbaycanı dəstəkləmək mövqeyini qoruyur. Ermənistan isə böyük qardaş hesab etdiyi Rusiyaya artıq  güvənə bilmir. Rusiyanın Ermənistana dayaq olmadığı azmış kimi, “böyük qardaş” Azərbaycanı daha çox dəstəkləyir, nəinki Ermənistanı...”

Müəllif  yazısında, həmçinin bu günlərdə Rusiyadan Azərbaycana deportasiya edilən  ermənilərin əlaltısı, separatçı Fəxrəddin Abbasovun  “halına ağlamağı” da özünə borc bilib.

İşğalçı ölkənin mətbuatında xüsusilə bu günlərdə Azərbaycanın keçirdyi genişmiqyaslı hərbi təlimlər, ölkəmizin öz hərbi potensialını artırması ilə bağlı təşviş dolu çoxsaylı yazıların dərc olunması bir daha göstərir ki, aradan 3 il müddət keçməsinə baxmayaraq Ermənistan tərəfi istənilən an aprel müharibəsinin təkrarlanacağı xofu ilə yaşayır. Bu xofdan birdəfəlik qurtulmağın yeganə yolu işğal etdikləri əzəli Azərbaycan torpaqlarını boşaltmalarıdır. Əks təqdirdə, işğalçı erməni hərbi birləşmələri məhvə məhkumdur... 

Sevinc Abdullayeva, “İki sahil”