25 aprel 2019 10:52
5848

Dəmir çatışmazlığının səbəbləri

Zülal sintezi, ferment istehsalı və fəaliyyəti üçün dəmir mineralı tələb olunur. O, həmçinin hüceyrələrə oksigen nəql etmək üçün bir vasitədir. Beləliklə, biz daha güclü hiss edirik, zehni funksiyalarımız güclənir, metabolizmamız işləyir və enerji istehlak olunur. Bir sözlə, dəmirin sağlamlığımıza çox böyük təsiri var.

Uşaqlar və kişilərdə gündəlik dəmir ehtiyacı 10 mq-dır. Qadınlar, yeni uşaq dünyaya gətirən analar və yeniyetmələr üçünsə gündəlik dəmir ehtiyacı 18 mq-dır. Hamiləlik dövründə gündəlik dəmir ehtiyacı 27 mq-dır.

Dəmir çatışmazlığının səbəblərini bildikdə düzgün müalicə metodu tətbiq oluna bilər. Çoxlu çay və qəhvə istehlakı, hamiləlik, əkiz doğum, yeni uşaq dünyaya gətirmiş qadınlarda körpəyə ana südü vermə dönəmi, uşaqlarda sürətli böyümə, ciddi menstrual qanaxma, bağırsaq şişi, vegetarianlıq, 500 ml-dən çox gündəlik süd, qatıq istehlakı, səhv pəhriz təcrübələri, təkrarlanan ishal və infeksiyalar, cərrahi əməliyyatlarda bağırsağın qısaldılması, mədə kiçiltmə əməliyyatları, qastrit müalicəsində istifadə edilən dərmanlar, həddindən artıq sink qəbulu, mədə-bağırsaq sistemində baş verən gizli qanaxmalar dəmir çatışmazlığı yaradan səbəblərdir.

Çatışmazlıq simptomları: zəiflik, yorğunluq, yuxusuzluq, zehni bulanıqlıq və konsentrasiyanın olmaması, unutqanlıq, əsəbilik, immunitetin zəifliyi, nəfəs darlığı və döyüntülərin azlığı, dildə ağrı, dad hissiyyatının zəifləməsi, iştahsızlıq, dırnaqlarda qırılma, ağız kənarında yaraların əmələ gəlməsi, saç tökülməsi, solğun bənizlilik, üşümə, əl və ayaqlarda keyəlmə kimi bir çox əlamətlər ortaya çıxır. Xalq arasında dəmir çatışmazlığı anemiya və qansızlıq kimi tanınır. Uşaqlarda dərs oxuma qabiliyyətinə və zehni inkişafa mənfi təsir göstərir. Ölkəmizdə dəmir çatışmazlığı anemiyası məktəbə qədər təhsil dövründə 30 -40% təşkil edir.

Dəmir mənbəyinə görə təbiətdəki müxtəlif kimyəvi strukturlarda müşahidə olunur. Heyvan mənşəli qidalarda olan dəmirin bağırsaqdan qana keçmə qabiliyyəti daha yüksəkdir. Beləliklə, anemiyanın qarşısını alır. Bitki tərkibli qidalarda dəmirin qana keçməsi potensialı çox aşağıdır. Bitki tərkibli qidalarla C vitamini ilə birləşdikdə heyvan mənşəli qidalarda olan dəmirə çevrilir. Yəni kimyəvi quruluşu dəyişir. Belə olduqda qana keçə biləcək miqdar artır. Yəni ət yeməyi sevməyənlər və ya vegetarianlara bitki mənşəli qidaların tərkibində limondan istifadə etmək məsləhət görülür.

Dəmir hansı heyvan mənşəli qidalardan alına bilər?

Qırmızı ət, yumurta sarısı, qaraciyər kimi qidalar həftədə 3-4 porsiya istehlak olunmalıdır.

Bitki mənşəli qidalardan alınan dəmir

Yaşıl yarpaqlı bitkilər, quzu qulağı, yaşıl bibər, mərci, noxud və digər paxlalı bitkilər. Onların arasında üzüm doşabı şəkər çox yüksək olan bir seçimdir.

Yeməkdən dərhal sonra içilən çay və ya qəhvə yediyimiz yeməyin tərkibindəki dəmirin qana keçməmiş orqanizmdən xaric olunmasına səbəb olur. Çünki çay dəmindəki fitat və taninlər və qəhvənin tərkibindəki kafein dəmiri özünə bağlayır və orqanizmdən xaric edərək anemiyaya gətirib çıxarır.

Çaya əlavə edilən limon dilimindəki C vitamini çayda fitat və taninin mənfi təsirlərini qismən azaldaraq dəmir çatışmazlığının da qismən qarşısını almış olur. Dəmdən az istifadə edin və limon dilimiylə için.

Röya Rasimqızı, “İki sahil”