25 aprel 2019 17:51
1210

Tərtərdə yeni yol inşa olunub

Son dövrlərdə respublikanın kənd və qəsəbələrini birləşdirən yolların inşası, müasir tələblər səviyyəsində yenidən qurulması ümumilikdə, ölkəmizin iqtisadi potensialını artırır. Bu layihələrin icrasında əsas məqsəd, ilk növbədə, vətəndaşların sosial məsələlərinin həllini, nəqliyyat vasitələrinin maneəsiz və rahat hərəkətini təmin etməkdir. Elə bu məqsədlə də Tərtər rayonunda 21.5 km uzunluğunda yeni avtomobil yolu inşa edilib.

Tərtər rayonunun Buruc-Güləbatlı-Xoruzlu-Kəbirli-Bayandurlu-Qaradağlı avtomobil yolu 7 minə yaxın əhalinin yaşadığı 6 yaşayış məntəqəsini birləşdirir. Lakin yolun torpaq və çınqıl örtüklü olması sözügedən yaşayış məntəqələri arasında nəqliyyat əlaqəsini xeyli çətinləşdirirdi, əhalinin rahat gediş-gəlişinə maneə yaradırdı. Sözügedən yol ölkə rəhbərliyinin tapşırığı ilə respublikada bu il yenidən qurulmasına ehtiyac olan yolların siyahısına daxil edilərək Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən tikintisinə start verilmışdi. Buruc-Güləbatlı-Xoruzlu-Kəbirli-Bayandurlu-Qaradağlı avtomobil yolu texnoloji ardıcıllığa uyğun olaraq 2 hərəkət zolağı enində IV texniki dərəcəyə uyğun inşa edilib.

Avtomobil yolunun altından suların ötürülməsini təmin etmək məqsədi ilə mövcud boruların  yeniləri ilə əvəz olunması, zəruri yerlərdə yenilərinin inşa edilməsi layihədə nəzərdə tutulan işlərdən idi. Bu məqsədlə 32 yerdə 384 paqon-metr uzunluğunda müxtəlif diametrli  dəmir və dəmir-beton boruların tikintisi işləri aparılıb.

 Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin rəhbərliyinin nəzarəti ilə yüksək keyfiyyətlə icra olunan layihə əsasında yol boyu zəruri yerlərdə avtobus dayanacaqları, yol nişanı, km göstəricisi və siqnal dirəkləri quraşdırılıb. Bundan başqa, hərəkətin normal təşkili üçün üfüqi nişanlama xətlərinin çəkilişi də aparılıb.

Yeni yolun inşası ilə yol boyu yaşayan əhalinin rayon mərkəzinə və qonşu rayonlara rahat gediş-gəlişi təmin olunacaq, onların yetişdirdikləri məhsullarının tez və xarab olmadan daşınmasına imkan yaranmaqla sözügedən ərazidə kənd təsərrüfatı daha da inkişaf edəcək.