04 iyun 2019 15:10
1416

Serena Uilyams ilk ən varlı qadın idmançı kimi tarixə düşüb

Amerikalı tennisçi Serena Uilyams “Forbes” jurnalına görə ilk ən varlı qadın idmançı kimi tarixə düşüb.

AZƏRTAC xəbər verir ki, bu barədə nəşrin “Twitter” səhifəsində məlumat verilib.

Otuz yeddi yaşlı idmançının qazancı 225 milyon dollara çatıb. Qadın Tennis Assosiasiyasının (WTA) açıqladığı məlumata görə, tennisçinin idman karyerası ərzində qazandığı mükafatların həcmi 88,5 milyon dollar təşkil edib.

Amerikalı idmançı şəxsi yarışlarda 23 qələbə ilə “Böyük dəbilqə” turnirinin rekordçusu sayılır.

WTA turnirində 72 qələbə qazanan idmançı, ardıcıl 186 həftə qurumun reytinq cədvəlində lider olub. Bu göstəriciyə görə o, almaniyalı Şteffi Qrafla birinci yeri bölüşür.

Qeyd edək ki, Serena cütlüklərin yarışında üçqat Olimpiya çempionudur. Tennisçi 2012-ci ildə şəxsi yarışlarda Olimpiya çempionu olub.