21 iyun 2019 10:09
1079

Sərəncamlar atılan inqilabi addımların məntiqi nəticəsidir

YAP Binəqədi rayon təşkilatının sədri Ramiz Göyüşov Prezident İlham Əliyevin “Minimum aylıq əməkhaqqının artırılması haqqında” 18 iyun 2019-cu il tarixli Sərəncamı ilə bağlı qəzetimizə açıqlamasında bildirdi ki, bu, cənab Prezident İlham Əliyev tərəfindən əhalinin rifah halının yaxşılaşdırılması istiqamətində 2019-cu ilin ilk aylarından atılan inqilabi addımların məntiqi davamıdır: “Çünki 2018-ci il aprel ayının 18-də keçirilən andiçmə mərasimində Prezident İlham Əliyev bəyan etdi ki, “Gələcək fəaliyyətimdə də Azərbaycan vətəndaşının maraqları, onun rifahı daim diqqət mərkəzində olacaqdır”. Sərəncama əsasən Azərbaycanda minimum əməkhaqqının məbləği 2019-cu il sentyabrın 1-dən 40 faizədək artırılaraq 180 manatdan 250 manata çatdırılacaq. Bununla da ölkəmizdə minimum əməkhaqqının məbləğinin yaşayış minimumunu 40 faizədək üstələməsi təmin edilir”.

“Sosial paket elan edilərkən Prezident İlham Əliyev bu paketin davam edəcəyini və artan iqtisadi resursların əhalinin maddi rifah halının yaxşılaşdırılmasına sərf ediləcəyini bəyan etmişdi. 2019-cu ilin sürətli iqtisadi artım ili olacağı da əvvəlcədən planlaşdırılmışdı və ilin 1-ci rübünün iqtisadi yekunları bunu bir daha sübut edir. Belə bir şəraitdə sosial addımların atılmasının iqtisadi əsasları da təmin edilməkdədir. Dövlət başçısının sözügedən Sərəncamı ilə ilin əvvəlindən elan edilmiş sosial paketin yeni mərhələsi başladıldı. Minimum əmək haqqının 180 manatdan 250 manata qaldırılması çox mühüm addımdır. Belə ki, minimum əmək haqqının yaşayış minimumundan çox olması yoxsulluq səviyyəsinin azaldılmasına da ciddi təsir edəcək. Digər tərəfdən, dövlət qulluqçularının, müəllimlərin, dövlət büdcəsindən maliyyələşən təşkilatlarda çalışanların, hərbi və hüquq mühafizə orqanlarında çalışanların əmək haqqlarının 20-40 faiz artırılması insanların maddi rifah halına mühüm dəstək olacaq. Ölkədə inflyasiyanın səviyyəsinin çox aşağı olması artımın real dəyərinin yüksək olmasına imkan yaradacaq”.

Taleh Bağırov, “İki sahil”