16 avqust 2019 19:07
1845

“Əsrin müqaviləsi”: ölkəmizin enerji sektorunda yeni səhifə

“Azərbaycan çox böyük  sınaqlardan şərəflə çıxdı və qarşıda duran bütün vəzifələri  uğurla həll etdi.  İnvestisiyaların cəlb  edilməsi,  xarici şirkətlərlə uğurlu və qarşılıqlı maraqlar əsasında  yaradılmış əlaqələr, hasilatın artırılması, Azərbaycanın iqtisadi inkişafının təmin edilməsi, neft kəmərlərinin tikintisi və təbii ehtiyatların bu kəmərlər vasitəsilə dünya və Avropa bazarlarına nəql edilməsi layihələri bugünkü Azərbaycanın reallıqlarını böyük dərəcədə əks etdirir.”

Dövlətimizin başçısı İlham Əliyevin enerji sektorunda əldə olunan uğurların fonunda prioritetlərə işıq salan bu fikirləri bir daha bu həqiqəti ortaya qoyur ki, hazırda  Azərbaycanın neft-qaz ixracatçısına, dünyanın enerji təhlükəsizliyinin təminatçısına  çevrilməsi  əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulan neft strategiyasının nəticəsidir.

1994-cü ildən bu günə qədər  keçilən  yolun qısa təhlilini aparaq.  Sirr deyil ki, bu gün reallıq sayılan layihələr o illərdə əfsanəvi ideyalar kimi təqdim edilirdi. Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum nəinki Azərbaycanın inkişafını müəyyən etdi, eyni zamanda, bölgədə və regionda tamamilə yeni situasiya yaratdı. Dövlətimizin  başçısı İlham Əliyev ulu öndər Heydər Əliyevin müəllifi olduğu neft strategiyasının ölkəmizə qazandırdığı uğurları önə çəkərək bildirir ki, biz bütün imkanlardan istifadə edib daim irəliyə baxmalıyıq. Hər bir sahə üzrə proqramların mövcudluğu, onların xalq tərəfindən dəstəklənməsi gələcək uğurlara böyük yol açır. Bir sözlə, bu günün reallıqları ulu öndər Heydər Əliyevin vaxtilə söylədiyi  “Əsrin müqaviləsi ilə qoyduğumuz təməl XXI əsrdə Azərbaycan xalqının inkişafı, firavan həyatı, müstəqil Azərbaycan dövlətinin suverenliyinin daha da möhkəmləndirilməsi üçün gözəl imkan yaradacaq” fikrini təsdiqləyir. Baxmayaraq ki, Azərbaycan malik olduğu təbii resurslara, yerləşdiyi coğrafi məkana görə daim dünyanın diqqətində olub, lakin 1994-cü ildən ulu öndər Heydər Əliyevin uğurlu daxili siyasəti nəticəsində ölkədə sabitliyin, normal biznes mühitinin formalaşdırılması ilə Azərbaycanla iqtisadi əlaqələrin qurulmasında maraqlı olan dövlətlər qoyacaqları investisiyaların təhlükəsizliyinə tam  əmin olaraq bu istiqamətdə real  addımlar atdılar. İlk dəfə olaraq xarici şirkətlər məhz Azərbaycan tərəfindən Xəzər dənizinə dəvət olundu və investisiyalar qoymağa başladılar.  Xəzər dənizinin nefti müxtəlif yollarla dünya bazarlarına çıxarıldı. Azərbaycan, həmçinin qaz ixrac edən ölkəyə çevrildi.

1994-cü ildə “Əsrin müqaviləsi”nin imzalanmasından öncə keçirilən Beynəlxalq “Xəzər neft, qaz, neftayırma və neftkimyası” sərgi-konfransı da  Azərbaycanın imkanlarının, enerji potensialının  dünyaya təqdimatında mühüm rol oynadı. Prezident İlham Əliyev həmin dövrün xarakteristikasını belə ifadə edir: “1994-cü ildə Azərbaycan böyük işlərin astanasında idi. Ölkə iqtisadiyyatı o vaxt böyük çətinliklərlə üzləşmişdi.  Ölkədə sabitlik yaradılması üçün addımlar atılırdı. Ancaq 1994-cü ildə  Azərbaycanın, ümumiyyətlə gələcəyi  haqqında birmənalı fikir yox idi: Azərbaycan hansı yollarla inkişaf edəcək? Azərbaycan iqtisadiyyatı nəyin hesabına formalaşacaq? Azərbaycan öz strateji inkişaf yolunu  hansı istiqamətdə görür? Bütün bu suallar ölkə  qarşısında durmuşdu. O illərdə edilən strateji seçim Azərbaycanın bugünkü uğurlu inkişafını təmin etdi.”

Ümummilli lider Heydər Əliyevin qətiyyəti sayəsində  Azərbaycan düzgün yol seçdi və bu yolun düzgün olmasını bügünkü Azərbaycanın inkişafında görürük. 25 illik yol Azərbayanın davamlı uğurları ilə yadda qalıb.   BTC və BTƏ neft-qaz kəmərlərinin ardınca  Cənub Qaz Dəhlizinin açılışı oldu, onun əsas seqmentlərindən olan TANAP istifadəyə verildi. Yaxın zamanlarda TAP-ın istifadəyə verilməsi nəzərdə tutulur. TAP Azərbaycan qazını Türkiyə, Yunanıstan, Albaniya ərazisi ilə  İtaliyaya çatdıracaq. Dəyəri 2,2 milyard dollar həcmində proqnozlaşdırılan, əsas mənbəyi “Şahdəniz”in ikinci layihəsi olan TAP-ın səhmdarları  İsveçrənin “AXPO” ( 42,5 faiz) ,  Norveçin  “Statoyl”  (42,5 faiz) və Almaniyanın “E.ON Ruhrqas” ( 15 faizdir) şirkətləridir.   2014-cü ildə təməli qoyulan Cənub Qaz Dəhlizi  çoxtərəfli əməkdaşlığın başlanğıcı kimi dəyərləndirilir. Dövlətimizin başçısı İlham Əliyevin Cənub Qaz Dəhlizinin təməlinin qoyulmasına həsr olunmuş mərasimdə söylədiyi “Bu günə qədər bizim qaz və neft layihələrimizdə ancaq 3 ölkə iştirak edirdi- Azərbaycan, Gürcüstan və Türkiyə. Bu gündən sonra biz geniş beynəlxalq əməkdaşlıq prosesinə qədəm qoyuruq. Azərbaycan qaz istehsalçısı kimi  öz resurslarını dünya bazarına çıxaracaq.  Ondan sonra Gürcüstan, Türkiyə, Yunanıstan, Bolqarıstan, Albaniya, İtaliya, gələcək mərhələdə Monteneqro, Xorvatiya və digər ölkələr bu layihəyə qoşula bilərlər. Ona görə burada əlaqələndirmə işləri çox yüksək səviyyədə aparılmalıdır. Mən hesab edirəm ki, bu gün bu sahədə- neft-qaz sahəsində yeni beynəlxalq komanda formalaşır. Komandanın bütün üzvləri bu gün salondadırlar. Əminəm ki, bizim birgə fəaliyyətimiz uğurlu olacaq və komandamız qələbə qazanacaqdır” fikirləri də uğurlarımız, birgə əməkdaşlıq fonunda gələcəyə inamın təsdiqidir.

Azərbaycanın  enerji sektorunda əldə olunan uğurlardan bəhs edərkən 2017-ci ildə “Azəri”, “Çıraq” və “Günəşli” yataqları üzrə yeni Sazişin imzalanmasını xüsusi qeyd  etməliyik.  Dövlətimizin başçısı İlham Əliyev bu uğurlarımızı belə ümumiləşdirir: “ Biz artıq Avropanın, Avrasiyanın enerji xəritəsini dəyişdirmişik. Bundan sonrakı illər ərzində Azərbaycan Avrasiyada çox önəmli enerji resurslarını dünya bazarlarına çıxaran ölkə kimi fəaliyyət göstərəcək. Əlbəttə, bizə əlavə gəlirlər gələcək ki, bu gəlirləri də biz ölkəmizin inkişafına yönəldəcəyik. Biz bu illər ərzində “Azəri-Çıraq-Günəşli” yatağının gələcək işlənilməsi ilə bağlı önəmli addımlar atmışıq, yeni kontrakt imzalanıb. Kontraktın müddəti 2050-ci ilə qədər uzadılıb və biz öz payımızı artıra bilmişik. Eyni zamanda, 3,6 milyard dollar bonus almışıq və onun birinci hissəsi artıq bu il xəzinəyə daxil olub. Növbəti illərdə biz neft-qaz sektorunda digər perspektiv strukturlar ətrafında tərəfdaşlarla işləyəcəyik.” Cənab İlham Əliyev, eyni zamanda,  keçilən yola əsaslanaraq bildirir ki, bu gün artıq keçmişə baxaraq qürur hissi ilə deyə bilərik ki, Azərbaycan enerji sahəsində qarşıda duran bütün vəzifələri ləyaqətlə, vaxtında icra etmişdir. Bakı-Tbilisi-Ceyhan neft, Bakı-Tbilisi-Ərzurum qaz kəmərləri, “Şahdəniz” qaz, “Azəri-Çıraq” neft yataqlarının işlənilməsi - bu layihələrin hər biri özlüyündə nəhəng enerji layihəsidir. Azərbaycan bu layihənin icrasında öz liderlik keyfiyyətlərini və rolunu bir daha göstərmişdir.

Təbii ki, qeyd edilən layihələr, həmçinin qarşıdakı dövr üçün nəzərdə tutulan layihələr Azərbaycanın gücünü daha da artıracaq. Milyardlarla  dollar investisiya qoyulacaq. Yüzlərlə, bəlkə də minlərlə yeni Azərbaycan şirkəti podratçı kimi çalışacaq. Bu öz növbəsində on minlərlə yeni iş yerinin açılmasına gətirib çıxaracaq və ölkəmizin qeyri-neft sektoru inkişaf edəcək. Əsas hədəf bundan ibarətdir ki, qeyri-neft sektoru inkişaf etdirilsin. Ölkə Prezidenti İlham Əliyev hər zaman bu fikri də qeyd edir ki, biz haqlı olaraq neft strategiyamızla fəxr edirik. Çünki Azərbaycanın uğurlu iqtisadi inkişafı, siyasi çəkisinin artması və dünya proseslərində fəal iştirakı ölkəmizin iqtisadi imkanları ilə bilavasitə bağlı məsələdir. İqtisadi imkanları bizə məhz neft strategiyamız yaratmışdır. O da həqiqətdir ki, biz bu imkanlardan səmərəli şəkildə istifadə etdik-neft kapitalını qeyri-neft sektorunun inkişafına yönəltdik. Beləliklə, infrastruktur layihələrinin icrası və digər iqtisadi islahatlar əslində imkan verdi ki, bugünkü reallıqlar haqqında xalqa qürur hissi ilə danışa bilək. Bu gerçəklik də aydındır ki,  iqtisadi inkişaf prosesi elədir ki, bu inkişafı, irəliləyişi həm gözlə görmək mümkündür və həm də statistik rəqəmlərdə öz əksini tapır. Məhz davamlı inkişafın qaçılmaz olduğunun, ən əsası inkişafın Azərbaycan modelinin mövcudluğunun təsdiqidir ki, ölkəmizi qarşıdakı illərdə inkişaf etmiş dövlətlər sırasında görmək istəyimizi ortaya qoymuşuq. Neft gəlirlərindən səmərəli istifadə mühüm sosial-iqtisadi layihələrin icrasını sürətləndirir ki, bu da öz növbəsində ölkəmizin hərtərəfli inkişafını şərtləndirir. Ulu öndər Heydər Əliyevin böyük uzaqgörənliklə yaratdığı Dövlət Neft Fondu, eyni zamanda Prezident İlham Əliyevin 27 sentyabr 2004-cü il tarixli Fərmanı ilə təsdiqlənən  “Neft və qaz gəlirlərinin idarə olunması üzrə uzunmüddətli strategiya (2005-2025-ci illər)”dan irəli gələn vəzifələrin uğurlu icrası qarşıya qoyulan hədəflərə yüksək səviyyədə nail olmağa stimul verir.

25 illik yolun uğurlarını bir yazı çərçivəsində əhatə etmək qeyri-mümkündür. “Əsrin müqaviləsi”nin imzalandığı 1994-cü ildən neft-qaz sahəsində xronologiyaya diqqət yetirsək , ancaq və ancaq davamlı uğurların şahidi olarıq. Ümumiləşdirilmiş şəkildə ifadə etsək, arxada qalan dövrdə Azərbaycan özünü etibarlı tərəfdaş kimi təqdim edib. Hər bir layihənin uğurlu sonluqla baş çatması yeni layihənin gündəmə gətirilməsini şərtləndirir. Bu isə öz növbəsində Azərbaycanın iştirakçısı və təşəbüsçüsü olduğu layihələrlə dövlətlər, xalqlar arasında körpü roluna yeni əlavələr edir. Dövlətimizin başçısı İlham Əliyevin “Yeni əsrin müqaviləsi”nin imzalanması mərasimində söylədiyi “”Əsrin kontraktı” ulu öndər Heydər Əliyevin Azərbaycan xalqı qarşısında misilsiz xidmətlərindən biridir. Bu gün bütün Azərbaycan xalqı bu kontraktın gözəl nəticələrini öz həyatında görür. Hesab edirəm ki, bugünkü mərasimin Ulu Öndərin adını daşıyan Heydər Əliyev Mərkəzində keçirilməsi də rəmzi xarakter daşıyır. 1994-cü il sentyabrın 20-də Gülüstan sarayında o tarixi gündə ulu öndər Heydər Əliyev öz çıxışında kontraktın əhəmiyyətini qeyd etmişdir. Qeyd etmişdir ki, bu kontraktın Azərbaycana çox böyük xeyri, faydası olacaq. 23 ildən sonra biz bunun əyani sübutunu görürük. 23 ildən sonra Ulu Öndərin adını daşıyan bu möhtəşəm, dünya miqyasında ən gözəl memarlıq abidələrindən biri olan Heydər Əliyev Mərkəzində imzalanma mərasimi keçirilir. Yenə də “Azəri-Çıraq-Günəşli” yatağı üzrə. Bu, eyni zamanda, onu göstərir ki, bu gün Azərbaycanda Heydər Əliyev siyasəti yaşayır və yaşayacaq” fikirləri keçilən yolun və qarşıdakı illərin prioritetlərinin aydın mənzərəsini yaradır. “Əsrin müqaviləsi”nin məhz ulu öndər Heydər Əliyevin uzaqgörənliyinin bəhrəsi olduğunu önə çəkən xarici şirkətlərin təmsilçiləri də bildirirlər ki, 6 fərqli ölkədən olan 11 şirkət SOCAR ilə birlikdə ölkənin enerji sektorunda yeni bir səhifə açdı.

2013-2023-cü illərdə ÜDM-i iki dəfə artırmağı qarşıya mühüm vəzifə qoyan Prezident İlham Əliyev buna nail olmaq üçün yeni müəssisələrin istifadəyə verilməsini iqtisadi inkişaf, yeni iş yerlərinin açılması, yoxsulluq səviyyəsinin 5 faizdən də aşağı salınması baxımından günün tələbi kimi qeyd edir. “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyasında, eyni zamanda müxtəlif istiqamətləri əhatə edən Strateji Yol xəritələrində bu məqamların parametrləri reallığı əks etdirməklə, həlli yolları da göstərilib. Təbii ki, bu sahədə enerji resurslarından səmərəli istifadə başlıca istiqamətdir. Qarşıya qoyulan hədəfə çatmaq üçün isə neft-qaz gəlirlərindən istifadə olunması mexanizmi təkmilləşdirilir, karbohidrogenlərin satışından əldə edilən gəlirlər tədricən həmin vəsaitlərin investisiyasından qazanılan gəlirlə əvəzlənməsi strategiyası həyata keçirilir, bu istiqamətdə aparılan işlər intensivləşdirilir. Neft amilindən istifadə olunmaqla qeyri-neft sektorunun inkişafına xidmət edən və müasir tələblərə cavab verən istehsal, sosial və bazar strukturu şəbəkəsi daha da təkmilləşdirilir, idarəçiliyin mütərəqqi formalarından istifadəyə diqqət artırılır.

Uğurlarımız beynəlxalq maliyyə qurumlarının hesabatlarında da öz əksini tapır. Ən əsası bildirilir ki, Azərbaycan investisiya cəlbediciliyini qorumaqla yanaşı, eyni zamanda digər ölkələrə investisiya yatıran ölkə kimi də tanınır. Təbii ki, bunu şərtləndirən əsas amillər əvvəldə də qeyd etdiyimiz kimi, möhkəm təməl, fəal iş, qarşılıqlı etimad və əməkdaşlıqdır. Sərmayə qoyuluşu üçün Azərbaycan dünya miqyasında ən cəlbedici ölkələrdən biridir. Ölkə iqtisadiyyatına qoyulan 250 milyard dollardan artıq  sərmayənin təxminən yarısı xarici investisiyalardır. Bu da ondan irəli gəlir ki, xarici investorlar qoyduqları sərmayələrin təhlükəsizliyinə tam əmindirlər. Sərmayələrin cəlb olunmasında təbliğat işinin lazımi səviyyədə qurulması vacib amil kimi önə çəkilir. Bu baxımdan beynəlxalq əhəmiyyətli tədbirlərin, enerji sammitlərinin, biznes forumların rolu xüsusi vurğulanır. Bu gün bu fikri böyük inam və qətiyyətlə bildiririk ki, tarixən neft ölkəsi kimi tanınan Azərbaycan hazırda qeyri-neft sektorunun inkişafı istiqamətində əldə etdiyi təcrübə, qazandığı uğurları ilə diqqət mərkəzindədir. İnkişafın Azərbaycan modelinin mövcudluğu səbəbsiz yerə təqdir olunmur və öyrənilməsinə səy göstərilmir. Dövlətimizin başçısı İlham Əliyev uğurlarımızı şərtləndirən amilləri belə ümumiləşdirmişdir: “Bu işlərin təməlində bizim uğurlu neft-qaz siyasətimiz dayanır. Ancaq, eyni zamanda və böyük dərəcədə bu işlərin təməlində düşünülmüş siyasət dayanır. Bir çox ölkələr var ki, onların bizdən qat-qat böyük neft resursları, neft hasilatı var. Ancaq ölkələrin uğurlu inkişafını təbii resurslar həll etmir. Düşünülmüş siyasət, xalq-iqtidar birliyi, şəffaflıq, bütün azadlıqların təmin edilməsi, düzgün iqtisadi siyasət və regional əməkdaşlıq uğurlu inkişafın əsas amilləridir.”

Yeganə Əliyeva, “İki sahil”