Baramaçılığın ənənəvi sahə olduğu və intensiv inkişaf etdiyi Zərdab rayonunda yaş baramanın yığılaraq qurudulması üçün məntəqənin tikintisinə hazırlıq işləri görülür.
Rayon icra hakimiyyətindən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, məntəqə Çallı kəndində inşa olunacaq və bu məqsədlə 1,4 hektar torpaq sahəsi ayrılıb.
Qeyd edək ki, Zərdabda baramaçılığa maraq ildən-ilə artır. Azərbaycan Respublikasında baramaçılığın və ipəkçiliyin inkişafına dair 2018-2025-ci illər üzrə Dövlət Proqramı təsərrüfatın bu sahəsinin sürətli inkişafına güclü təkan verib. Təsadüfi deyil ki, cari mövsümdə 1750 qutu (33250 qram) ipəkqurdu toxumundan respublika üzrə ən çox - 65 ton 321 kiloqram barama tədarük edilib. Rayonda 2019-cu ildə əldə olunan məhsul ötən ildəkindən 11 ton 441 kiloqram çoxdur. Zərdab baramaçıları bu il Çindən gətirilən ikinci partiya ipəkqurdu toxumundan da bol məhsul götürüblər.