20 avqust 2019 21:37
2326

Azərbaycan balı dünya bazarında

Son illər arıçılıq sahəsinə artan  dövlət qayğısı məhsul istehsalının yüksəlməsinə ciddi təsir göstərib. Nəticədə bu sahədə məhsul bolluğu yaranıb və ixrac imkanları artıb.

Artıq Azərbaycanın arıçılıq məhsulları dünya bazarında öz yerini genişləndirməkdədir. Məlumdur ki, bu məhsullar xarici ölkələrin bazarlarında alıcılar tərəfindən bəyənilir və həvəslə alınır. Azərbaycanın bal istehsalçıları hazırda ərəb ölkələrinə bal ixracı ilə bağlı intensiv danışıqlar aparırlar.

Qısa müddətdə Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhəri və İordaniyanın bir neçə şirkəti ilə əlaqə yaranıb.Dubaya hələlik az miqdarda sınaq üçün nümunələr göndərilib. İordaniya ilə danışıqlar səməsini verib və oradakı şirkətlərin təmsilçiləri artıq Azərbaycandan 50 tona yaxın balın alınmasına dair niyyətlərini bildiriblər.

Fərəhli faktdır ki, bu il də arıçılıqda bol məhsul əldə olunub. Cari ilin yeddi ayında Azərbaycanda 6 min ton bal  istehsal edilib. Bu sahədə ən yüksək göstərici Şəki-Zaqatala bölgəsinə aiddir. Amma ümumiyyətlə, bütün bölgələr üzrə göstərici yaxşıdır. Arıçıllığın inkişafı üçün subsidiyaların verilməsi və fermerlərdə maraq yaradılması, ümumiyyətlə, dövlətin bu sahəyə artan diqqəti arıçılıqla məşğul olanların sayını artırıb, eyni zamanda istehsalın genişlənməsinə müsbət təsir göstərib, arı ailələrinin sayı sürətlə artmağa başlayıb. 

Rəqəmlər göstərir ki, cari ildə keçən ildəkindən iki min tondan çox arıçılıq məhsulları istehsal olunub.  Dövlət Statistika Komitəsinın məlumatına görə, 2018-ci ildə ölkədə 30 474 təsərrüfatda mövcud olan 501 min arı ailəsindən 4 993,9 ton bal, 98,6 ton mum, 9,9 ton bərəmum, 7,7 ton güləm və 400,8 kiloqram arı südü əldə olunub. Balın 1 kiloqramının orta satış qiyməti 20,6 manat, mumun  14,2 manat, vərəmumun  118,4 manat, güləmin 71,1 manat, arı südünün 1 qramının orta satış qiyməti isə 4,6 manat təşkil edib.

Məlumdur ki, bal və digər arıçılıq məhsullarından ərzaq kimi istifadə ounmaqla bərabər onlardan tibbdə dərman kimi də  istifadə edilir.

 Sevindirici haldır ki, Azərbaycan balı öz yüksək keyfiyyəti ilə digər ölkələrin məhsullarından xeyli fərqlənir. Dağlarımızdakı çəmənliklərin və meşələrin ağaclarının çiçəklərindən çəkilən balın keyfiyyəti yüksək olur. Keyfiyyət isə ölkəmizdəki iqlim qurşaqları ilə bağlıdır. Daşkəsən, Göygöl, Lerik, Lənkəran, Yardımlı, Şəki, Zaqatala, Oğuz, Balakən, Qəbələ rayonlarındakı meşələr arıçılıq təsərrüfatları üçün keyfiyyətli bal mənbəyidir. Arıçılar yaz gələndə öz arıxanalarını bu yerlərdəki çiçəkli çəmənliklərə və meşələrə, qışda isə  isti yerlərə köçürürlər.

Onu da qeyd etmək lazımdır ki, arıların cins tərkibini daha da yaxşılaşdırmaq, bununla da məhsuldarlığı daha da yüksəltmək məqsədi ilə hazırda ölkəmizin arıxanalarda  məqsədyönlü işlər aparılır.

Vəli İlyasov,

“İki sahil”