KÖŞƏ

Cavid Əkbərov

Antimilli ünsürlər üçün xalq, Vətən anlayışları yoxdur

24 sentyabr 2019 19:12
4096

Məlum olduğu kimi, son illər Azərbaycana qarşı xaricdən müxtəlif istiqamətlərdə qarayaxma kampaniyaları aparılır. Bu qarayaxmalar bu gün də davam etməkdədir.

Artıq bir neçə dəfə xaricdə yaşayan və Azərbaycan dövlətinə qarşı ardıcıl şəkildə kampaniya aparan şəbəkənin aparıcı nümayəndələri bir-birinə qarşı ifşaedici açıqlamalar veriblər. Açıqlamalar göstərir ki, özlərini “demokratiya carçısı” və “ədalət tərəfdarı” kimi qələmə verənlər, sözdə dövlət və millətin qayğısı ilə yaşadıqlarını bəyan edənlər əslində xarici antiazərbaycan dairələrin birbaşa nəzarəti altında və maliyyəsi ilə fəaliyyət göstərərək sifarişlər yerinə yetirirlər. Onların əsas məqsədi daha çox qrant almaq və mənimsəmək olub. Şübhəsiz ki, bu məqsədlərə xidmət edənlər xain və düşmən dəyirmanına su tökən ünsürlərdir.

Azərbaycana qarşı aparılan qarayaxma kampaniyası təxminən 10 ildir ki, sürətlənib və təşkilatlanıb. Bu, onunla əlaqədardır ki, Azərbaycanın həyata keçirdiyi geosiyasi, iqtisadi layihələrə görə ölkəmizin gücü son 10 ildə çoxlarının təsəvvür etmədiyi dərəcədə artıb. Bu inkişaf da təbii ki, ölkəmizə xoş münasibət bəsləməyən bir çox beynəlxalq qurumları narahat etməyə başlayıb. Dünyada, xüsusən də Yaxın Şərqdə baş verən proseslər bir daha göstərdi ki, inkişaf edən, buna meyilli olan, ümumiyyətlə, düzgün iqtisadi siyasət yürüdən ölkələr birbaşa hədəf seçilirlər. Həmin ölkələrin iqtisadi gücünün sarsıdılması üçün məqsədli şəkildə müəyyən siyasət aparılır. Azərbaycanda da sosial, siyasi və iqtisadi sahələrdə dinamik şəkildə inkişaf müşahidə olunmaqdadır. Bu da təbii ki, müəyyən qüvvələri narahat edir. Bu mənada Azərbaycana qarşı aparılan çirkli oyunlar bir neçə istiqamətlərdə davam etdirilir.

Xaricdəki antimilli qüvvələr öz müraciətlərində pafoslu şəkildə səsləndirirdilər ki, biz təmənnasız olaraq xalqa xidmət edirik. Xalqı aksiyalara çağırmaq istəyirdilər. Hansı ki, heç bir səbəb demədən bunu edirdilər. Yəni, sadəcə olaraq “biz Azərbaycanda inqilab edəcəcəyik” deyə, bir öhdəçiliyi öz üzərlərinə götürüblər. Bunun müqabilində külli miqdarda pul alıblar.

Azərbaycanın torpaqlarının 20 faizi işğal olunub və ölkəmiz Ermənistanla müharibə şəraitindədir. Məlumdur ki, dünyada erməni lobbisi adı altında çox böyük bir terror təşkilatı mövcuddur. Bu terror təşkilatının çox ciddi maliyyə qaynaqları var. Bu maliyyə qaynaqları vasitəsilə müəyyən maraqları, prosesləri həyata keçirmək üçün erməni lobbisi adlanan terror təşkilatından məqsədli şəkildə istifadə edirlər. Erməni lobbisi müxtəlif vaxtlarda xaricdə fəaliyyət göstərən təşkilatlar, mühacir kimi yaşayan bəzi üzdəniraq azərbaycanlıları çox asan şəkildə öz təsir dairələrinə sala bilirlər və onlara kifayət qədər böyük maliyyə vəsaitləri ayıraraq onlardan ölkəmizə qarşı istifadə edirlər.

Azərbaycana qarşı aparılan oyunlarda həm erməni lobbisi, eyni zamanda, erməni olmayan antiazərbaycan qüvvələr kifayət qədər fəallıq nümayiş etdirirlər. Biz hətta Birinci Avropa Oyunlarından əvvəl bu proseslərlərin şahidi olmuşuq. Çox təəssüflər olsun ki, bir neçə səbatsız azərbaycanlılar həmin qüvvələrin təsir dairəsinə düşdülər və kifayət qədər maliyyə vəsaitləri aldılar. Bütün bu faktlar isə sübut edir ki, Məhəmməd Mirzəli, Tural Sadıqlı, Orduxan Teymurxan və digər antimilli ünsürlər üçün xalq, millət, Vətən anlayışı yoxdur.

Ən vacib məqam isə ondan ibarətdir ki, belə insanlara görə Azərbaycanda sağlam müxalifət formalaşmayıb. Məsələ burasındadır ki, özlərini qrantlara, erməni lobbisinə satan AXCP sədri Əli Kərimli və onun dəstəsi, eyni zamanda, xaricdə yaşayan mühacirlərə görə Azərbaycanda sağlam müxalifətin formalaşma prosesi də tamamilə dayanıb. Bu isə çox mənfi bir haldır.