03 oktyabr 2019 15:06
1116

Mehriban Əliyeva - İnkişafın dayağı olan özünəməxsus qadın

Bu yaxınlarda “əl-Dustur” qəzetində Azərbaycan Respublikasının birinci xanımı, birinci vitse-prezident Mehriban Əliyevanın xidmətləri haqda məqalə dərc olunmuşdu. Məqalədə onun ölkəsində və ölkədən kənardakı xeyriyyəçiliyindən, səhiyyə, siyasi-ictimai və mədəni sahələrindəki fəaliyyətindən bəhs olunurdu.

Mehriban xanımın dünyanın ən müxtəlif ali orden və mükafatlarına layiq görülməsi onun dünyada humanitar sahədəki fəaliyyətinin, beynəlxalq sülhün, xalqlar arasında dostluq və qardaşlığın güclənməsində, xüsusilə dünyanın bu gün də şahid olduğu ağır münaqişələrlə mübarizədə göstərdiyi xidmətlərin nəticəsidir. O, eləcə İslam aləmində, Azərbaycanın İordaniya və ərəb dünyası ilə münasibətlərində, ərəb dünyasının birinci xanımları, o cümlədən kraliça Raniya Abdullahla əlaqələrinin inkişafında da böyük rol oynayır.

Mehriban Əliyevanın tərcümeyi-halında onun uşaqların, qaçqın və köçkünlərin problemlərinə, müxtəlif sosial təbəqələrin və qrupların mədəni dünyagörüşünün inkişafına dəstəyindən geniş bəhs olunur. O, ərazicə kiçik, amma Qafqaz regionunda, Xəzər dənizi hövzəsində və Cənub-Qərbi Asiyada strateji əhəmiyyətə malik ölkəsinin övladlarının həyat şəraitinin yaxşılaşdırılmasına xüsusi maraq göstərir və bu, əlbəttə ki, diqqətəlayiqdir.

Şəxsən məni Azərbaycanla, xüsusilə keçmiş Sovet İttifaqı dövrünə aid Bakı radiosu ilə çox qədim əlaqələr bağlayır. Azərbaycandan mükafatlar almışam, ölkənin bir neçə diplomatı və siyasətçisilə şəxsi tanışlığım var. Bakıya Azərbaycan Respublikasının İordaniya Haşimi Krallığında ilk səfiri, mərhum qardaşım Elman Araslının vasitəsilə, Azərbaycan hökumətinin dəvətilə səfər etmişəm. Örada hər sahədə gedən inkişaf, dövlətin müxtəlif sivilizasiyalara, mədəniyyətlərə, dinlərə, inanclara açıqlığı məni heyrətləndirib. Azərbaycana səfər edən hər kəs ölkədəki inkişafı küçələrdə, yollarda, eləcə də tarixin nəbzi vuran qədim dalanlarda gəzərkən görə bilir. İctimai yerlərdə insanlar həm milli, həm də müasir geyimlərdə dolaşır. Onlar gözəl, çox təmiz Bakı mühitində sakit, rahat söhbətləşir.

Azərbaycanda olarkən jurnalistlərlə, media təmsilçilərilə, eləcə də dövlət adamları və ictimai şəxsiyyətlərlə görüşmüşəm. Təbii ki, Azərbaycandakı məşhur və böyük jurnalist dostum, qardaşım Bahadır İmanquliyevlə də bir araya gəlmişəm. Bizi 1978-ci ildən bəri uzanan dostluq telləri və ailəvi münasibətlər bağlayır. Biz Lomonosov adına Moskva Dövlət Universitetində Jurnalistika fakültəsinin birinci kursunda bir yerdə oxumuşuq, böyük yataqxanada bir yerdə qalmışıq. O zamandan ortaq işlərimiz, ortaq maraqlarımız var. Biz onunla söhbətlərimizdə milli jurnalistikamızda İordaniya, ərəb və Azərbaycanın problemlərinə toxunuruq, bəlkə də şəxsi səylərimizlə, xalq diplomatiyası çərçivəsində xalqlarımız arasında əlaqələrin inkişafına töhfə veririk.

Bahadır mənə ölkə rəhbərliyinin uğurları, nailiyyətləri və Azərbaycan-ərəb əlaqələri, ərəb mədəniyyətilə Azərbaycan mədəniyyəti arasında bağlar, hörmətli birinci xanım Mehriban Əliyevanın diqqətçəkən fəaliyyəti haqda çox danışıb. Mehriban Əliyevanın fəaliyyətini belə kiçik məqaləyə yerləşdirmək çətindir. Şəsxən mənim xüsusi diqqətimi çəkən xanım Əliyevanın tolerantlıq və sülh dəyərlərinə ayırdığı diqqətdir. Bu, onun rəhbərlik etdiyi Heydər Əliyev Fondunun ölkədaxili və beynəlxalq arenadakı ən uca hədəflərindəndir. Bu, özünü Azərbaycanın dini plüralizm konsepsiyalarında da göstərir. Bu ölkədə müxtəlif dinlərin nümayəndələri çiyin-çiyinə, harmoniya şəraitində, heç bir problem olmadan yaşayır. Mehriban Əliyeva müxtəlif dinlərin təmsilçiləri arasında dialoqa, hərtərəfli sülhün bərqərar olmasına çağıran davamlı beynəlxalq tədbirlərin təşkilinə böyük töhfələr verir.

Heydər Əliyev Fondu “Tolerantlığın ünvanı – Azərbaycan” təşəbbüsü çərçivəsində çoxlu məscid, katolik və ortodoks kilsəsi tikdirib və təmir etdirib. Fond bu işlərdə həqiqətən böyük rol oynayır və bu baxımdan, onun xalqlar arasında əhəmiyyəti gündən-günə daha da artır.

Fond zorakılıq hallarının qarşısının alınmasına, insanlar arasında sülhün və harmoniyanın tərəqqisinə də çalışır.

Biz də öz növbəmizdə, birinci xanımın fəaliyyətini dəstəkləyir, onun dünyanın daha da yaxşılaşması məqsədilə göstəridiyi humanitar xidmətləri yüksək qiymətləndiririk. Ümid edirik ki, onun İordaniya və ərəb dünyası ilə əlaqələri davamlı şəkildə inkişaf edəcək və dərinləşəcək.

WorldMedia.Az