14 oktyabr 2019 10:52
881

Azərbaycan miqrantlar üçün cəlbedici ölkəyə çevrilir

Sürətli inkişaf, getdikcə dinamik xarakter alan iqtisadi artım Azərbaycanı miqrantlar üçün cəlbedici ölkəyə çevirməkdədir. Bu səbəbdən ölkəmizə gələn miqrantların sayı ildən-ilə artır.

Azərbaycanda miqrantlar üçün bütün şərait yaradılır, onların hüquqlarının qorunması istiqamətində beynəlxalq təşkilatlarla birgə tədbirlər həyata keçirilir.  Təsadüfi deyil ki, MDB məkanında ilk dəfə məhz Azərbaycanda Miqrasiya Məcəlləsi qəbul olunub.

Dövlət Statistika Komitəsinin sədri Tahir Budaqov mətbuata açıqlamasında bildirib ki, cari ildə ölkədə miqrasiya göstəriciləri üzrə müsbət dinamika qeydə alınır. Onun açıqlamasına görə, hesabat dövründə xaricdən Azərbaycana qayıdanların sayı, ölkəni tərk edib gedənlərin sayından 14500 nəfər çox olub. Bu isə o deməkdir ki, artıq ikinci ildir ki, miqrasiya üzrə ölkədə müsbət saldo qeydə alınır.

Bəs miqrasiya üzrə Azərbaycanda müsbət saldonun artması nə ilə bağlıdır?

Ekspert Azər Allahverənovun fikrincə, miqrasiya sahəsində müsbət saldonun qeydə alınması Azərbaycanda mövcud olan sabitlikdən, iqtisadi inkişafdan, multikulturalizm mühitindən və qanunçuluğun təmin olunmasından qaynaqlanır: “Ölkəmizdə daimi əsaslarla yaşamaq üçün gələnlərin sayının ölkəni qeydiyyatdan çıxaraq tərk edib gedənlərin sayından çox olması nəticə etibarilə miqrasiya məsələsində müsbət saldonun əldə edilməsinə gətirib çıxarır. Əks göstəricilərin olması fonunda isə saldo mənfi olur. Azərbaycanda 2008-ci ildən bu sahədə müsbət saldo müşahidə edilir.”

A.Allahverənov onu da qeyd etdi ki, bu gün Azərbaycana nəinki azərbaycanlılar, hətta vaxtilə ölkəmizdə yaşayıb, başqa dövlətlərə köçən qeyri-millətlərin nümayəndələri də qayıdır. Son bir neçə il ərzində xüsusən də vaxtilə Azərbaycanda yaşayan müəyyən qisim yəhidilərin geri dönüşü başlayıb. Məhz tolerantlıq sahəsində Azərbaycanın əldə etdiyi nailiyyətlərin nəticəsidir ki, belə bir proses baş verir. Hətta ölkəmizdə daimi yaşamaq statusu alanlar arasında Türkiyə və İran vətəndaşları da var. Bunlar da digər etnik qruplara aid olan şəxslərdir.

Həmsöhbətimiz onu da əlavə etdi ki, perspektivdə də miqrasiya sahəsində müsbət saldo öz mövqeyini qoruyub saxlayacaq: “Sadaladığım amillər dəyişərsə və müəyyən neqativ hallar baş verərsə, təbii ki, bu nəzəri cəhətdən miqrasiya saldosunun mənfi olmasına gətirib çıxara bilər.  Amma praktiki baxımdan düşünmürəm ki, Azərbaycanda miqrasiya sahəsində perspektivdə mənfi saldo yaransın. Əksinə, perspektivdə də miqrasiya prosesində müşahidə olunan müsbət saldo öz mövqeyini qoruyub saxlayacaq. Hətta müəyyən mənada bu tendensiyanın bir qədər artmasının da şahidi ola bilərik”

Yaqut Ağaşahqızı, “İki sahil”