15 oktyabr 2019 19:44
1294

Sən kimsən, Əli Kərimli?

...Sualın cavabı dəyişilməzdir: Cümlə xəyanətlərə bais olan iblis

İllərdən bəri AXCP sədrinin fırıldaqlarının, siyasi şoularının, saman altından su yeritmək məharətinin şahidi olan, onun maskalanmış sifətinin arxasında gizlənən əsl simasının görə bilməyən partiya üzvlərinin sədrlərinə bu sualla müraciət etmələrinin vaxtı çatıb.

 Öndər hesab etdiyi Əbülfəz Elçibəyin çarxını tərsinə çevirən, 1994-1995-ci illərdə dövlət çevrilişlərinə cəhdlər zamanı özlərinin sseanrisi əsasında hazırlanan tamaşanı kənardan izləyən, “16 oktyabr” hadisələrində  Müsavat Partiyasının sabiq başqanı İsa Qəmbərlə əl-ələ verərək gizlənən Əli Kərimli daxili çirkinliklərini gizlədə bilmir. İllərdən bəri yeritdiyi məkrli siyasəti, bic ermənilərdən öyrəndiyi kələkləri , böhtanları ətrafındakılara sırımaqla özünü siyasətçi hesab edən, əslində isə buqələmun kimi cilddən- cildə girərək əsl simasını gizlədən Əli Kərimlinin xarakterik xüsusiyyəti belə səciyyələndirilir: Şeytana papaq tikib, ortasını deşik qoyan şarlatan.

 Elə bu məharətinə görə əvvəllər onunla birlikdə partiyada təmsil olunan funksionerlərin hamısı Əli Kərimliyə “əlvida” dedilər. Özü kimi qaragüruhçuları ətrafına toplamaqla yeni “ sistem” yaratmağa çalışsa da bu niyyətinə də çata bilməyən AXCP sədrinin çürük təfəkkürlü sosial bazasını sınıq-salxaq, pulla tutulmuş trolları, bir də xarici ölkələrə transfer etdiyi xəyanətkarları təşkil edir. Düşərgədə isə onunla salamlaşmaq istəyində olan yoxdur. Mayasında kimlərəsə badalaq kəlmək xüsusiyyəti olan Əli Kərimlini tanıyanlar qısa müddətdə ondan kənar dolanmağı üstün tutur,  aksiya, piket, mitinq çağırışından imtina edirlər. SOROS Fondunun ayırdığı dollarları belə təkbaşına mənimsəyən Əli Kərimlinin özünün iştirak etmədiyi piketində azsaylı iştirakçının olması ətrafındakıların “islahatçı sədr”ə etinasızlığından qaynaqlanır. AXCP üçün ayrılan qrantlarla kifayətlənməyərək, başqa ölkələrin layihəsi, oyuncaq qurum olan “Milli Şura”da yerini bərkidərək özünü təşkilatın faktiki sədri kimi aparan Əli Kərimlinin məkrli gedişlərini anlayanlar tezliklə “Şura”dan da istefa verdilər. Əzəli rəqibi, sabiq başqan İsa Qəmbəri “tərksilah” etmək üçün min oyundan çıxan “yurd şefi” az müddətdə “Milli Şura”ya əməlli -başlı əl gəzdirərək təşkilatın kağız üzərində sədri Cəmil Həsənlini də “ofsayt”da saxladı. Bu gün də AXCP- “Milli Şura” cütlüyünə rəhbərliyi əlinə keçirən “islahatçı sədr” “Burada mənəm, Bağdadda kor xəlifə” xəyalının xoş təəssüratı ilə yaşayır. Əslində isə onun başından böyük  xəyallara düşməsinin əsasında xarici təşkilatlardan qrant qoparmaq istəyi durur. Onun dəstəklənməyən mitinq çağırışı da qrant qazanmaq istəyinə hesablanıb. 

 Adətən 20 minlik iştirakçı ilə mitinq keçirmək iştahasında olan Əli Kərimli bu məqsədlə ayrılmış “Məhsul” stadionunun yarısını belə doldura bilmirdi. Bu biabırçılığı təkrar yaşamamaq üçün təklif edilən Lökbatanı bəyənməyib, yolun uzaqlığını bəhanə edərək piket üçün ayrılan şəhərin mərkəzində toplaşan 50 nəfəri belə idarə etmək bacarığında olmayan Əli Kərimlinin ölkəyə başçılıq etmək iştahası həqiqi mənada gülüş doğurur.

 Piket keçirmək istəyən Əli Kərimlinin gizlənərək ortaya çıxmaması AXC-Müsavat iqtidarı dövründə baş verən hadisələri xatırladır. O dövrdə də hakimiyyəti zorla ələ keçirənlərdən olan Əli Kərimli  xəyanətlərini təkrarlayır. Ötən əsrin sonlarında üzləşdikləri çətinlikləri bir daha yaşamamaq üçün Əli Kərimliyə əhəmiyyət verməyənlər AXCP-ni tərk edir, partiyadan istefalar intensivləşir. 50 nəfərlik piketə adam toplaya, arzusunda olduğu kütləviliyə nail ola bilməyən  AXCP sədrinin mitinq keçirmək həvəsi “islahatçı sədr”in şəxsi maraqlarına hesablanmışdır. Onun kələklərini ifşa edən yaxını,  AXCP funksioneri Məmməd İbrahimin yayılan səs yazısı da təsdiqləyir ki, qanunsuz hərəkətləri ilə ölkədə sabitliyi pozmağa cəhd edən Əli Kərimli müxalifətçi yox, xəyanətkar, satqındır. Söyüş şəbəkəsindən ibarət trollarının bütün cəhdlərinə baxmayaraq Əli Kərimlinin sözlərinə əhəmiyyət verilməməsi, ciddi fiqur kimi qəbul olunmaması AXCP-nin sonunun çatdığını göstərir.

Xuraman İsmayılqızı, “İki sahil”