18 oktyabr 2019 15:29
850

Ərazi ilk partiya təşkilatının təsis konfransı keçirilib - FOTO

Yeni Azərbaycan Partiyası (YAP) Pirallahı rayon təşkilatı "Diamed" şpris istehsalı zavodu ərazi ilk partiya təşkilatının təsis konfransı keçirilib.

 İclası giriş sözü ilə açan sahibkar  Aytən Quliyeva cari ilin mayın 16-da istifadəyə verilmiş " Diamed" şpris istehsalı zavodunun ölkəmizdə qeyri-neft sektorunun inkişafının bariz nümunəsi olduğunu vurğulayıb. Bildirib ki, iqtisadiyyatın şaxələndirilməsi və qeyri-neft sektorunun inkişafı Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən sosial-iqtisadi siyasətin prioritet istiqamətlərindəndir: “Bu baxımdan iqtisadiyyatın digər sahələri ilə yanaşı, sənayenin inkişafına xüsusi önəm verilir. Dövlətimizin başçısının sənayenin inkişafı ilə bağlı strateji xəttinə uyğun olaraq, ölkəmizdə həyata keçirilən genişmiqyaslı sənayeləşmə siyasəti nəticəsində rəqabətqabiliyyətli və ixracyönümlü yüzlərlə yeni sənaye müəssisəsi yaradılıb, tələbatın ödənilməsində yerli məhsulların payı əhəmiyyətli dərəcədə artıb, ixracın həcmi yüksəlib, beləliklə, ölkə sənayesi yeni inkişaf mərhələsinə qədəm qoyub.”

YAP Pirallahı rayon təşkilatının sədri Hikmət Şikarov qeyd edib ki, 1992-cil noyabrın 21-də ümummilli lider Heydər Əliyevin rəhbərliyi altında formalaşaraq siyasi həyata vəsiqə almış Yeni Azərbaycan Partiyası milli birliyin, vətəndaş həmrəyliyinin, sabitlik və tərəqqinin başlıca təminatçısı qismində çıxış edib, ümummilli ideyaları özündə ehtiva edən səmərəli addımları ilə xalqın dərin inamını qazanıb: “Bu gün siyasi baxışlarından asılı olmayaraq hamı etiraf edir ki, ulu öndər Heydər Əliyevin 1993-cü ilin iyununda xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışından sonra Azərbaycanda əldə edilmiş milli birlik respublikamızın ən qiymətli mənəvi-ideoloji sərvətlərindəndir. Yaranmış sabitlik  imkan verdi ki, ölkəmiz inkişaf yoluna qədəm qoysun. Dünya birliyinə sürətlə inteqrasiya edən gənc, müstəqil Azərbaycan hüquqi dövlət quruculuğu sahəsində mühüm islahatlar həyata keçirir. Ölkə vətəndaşlarının hüquq və azadlıqlarının ən yüksək səviyyədə təmin edilməsi, insanların sosial-rifah halının daha da yaxşılaşdırılması, gənclərə diqqət və qayğı həyata keçirilən dövlət siyasətinin ən mühüm istiqamətlərindəndir.”

H.Şikarov YAP Pirallahı rayon təşkilatının fəaliyyətindən danışaraq bildirib ki, Pirallahı rayonunun ictimai-siyasi həyatında, mədəni-kütləvi tədbirlərin keçirilməsində Yeni Azərbaycan Partiyası Pirallahı rayon təşkilatı öz aktivliyi ilə seçirilir. "Diamed" şpris istehsalı zavodunun bir qrup əməkdaşının müraciəti əsasında yaradılan ərazi ilk partiya təşkilatının üzvlərinə qarşıda gələn Bələdiyyə seçkilərində fəal iştirak etməsi tövsiyyə edib.

Səsvermə yolu ilə "Diamed" şpris istehsalı zavodunun direktoru Samirə Hüseynova YAP Pirallahı rayon təşkilatı "Diamed" şpris istehsalı zavodu ərazi ilk partiya təşkilatının sədri, "Diamed" şpris istehsalı zavodunun icraçı direktoru Nurəddin Abbasov isə ərazi ilk partiya təşkilatı sədrinin müavini seçiliblər.

"Diamed" şpris istehsalı zavodu ərazi ilk partiya təşkilatının sədri Samirə Hüseynova və müvini Nurəddin Abbasov çıxış edərək onlara göstərilən yüksək etimada görə konfrans iştirakçılarına minnətdarlqlarını bildiriblər.

Sonda H.Şikarov yeni yaranmış ərazi ilk partiya təşkilatının üzvlərini təbrik edərək siyasi fəaliyyətlərində uğurlar arzulayıb.

Orxan Vahidoğlu, “İki sahil”