14 noyabr 2019 14:39
780

“World e-commerce Eurasia-2019” keçiriləcək

Elektron ticarətlə bağlı “World e-commerce Eurasia-2019” forumu dövlət və özəl sektoru bir araya gətirəcək

Özəl sektorun təşkilatçılığı ilə keçiriləcək elektron ticarətlə bağlı “World e-commerce Eurasia-2019” Bakı forumu dövlət və özəl sektoru bir araya gətirəcək.

Forumun media tərəfdaşı AZƏRTAC xəbər verir ki, bu sözləri ölkədə elektron ticarətin inkişaf etdirilməsi məqsədilə noyabrn 26-27-də Bakıda ilk dəfə keçiriləcək “World e-commerce Eurasia-2019” forumunun təşkilat komitəsinin sədri, “My Broker” şirkətinin təsisçisi Rəşad Əliyev deyib.

O bildirib ki, Prezident İlham Əliyevin 2018-ci il yanvarın 18-də imzaladığı “Qeyri-neft məhsullarının ixracının stimullaşdırılması ilə bağlı əlavə tədbirlər haqqında” Sərəncamdan irəli gələn vəzifələrin icrasına dəstək məqsədilə “My Broker” şirkəti fəaliyyət sahəsinə uyğun olaraq təşəbbüskarı olduğu “2019 İxraca Dəstək” layihəsini reallaşdırıb, bu çərçivədə qeyri-neft məhsullarının ixracının stimullaşdırılması, ixracın həcminin artırılması, yerli istehsalçıların ixrac gömrük əməliyyatları ilə bağlı maarifləndirilməsi, ixrac gömrük rəsmiləşdirilməsinin sürətləndirilməsi, yerli məhsulların xarici bazarlara çıxarılması imkanlarının artırılması istiqamətində 400 dən çox sahibkara təlimlər keçirilib: “Ölkəmizin ixrac potensialının artırılması ilə bağlı dövlət siyasətinə dəstək olaraq noyabrın 26-27-də “World e-commerce Eurasia-2019” Bakı forumunda iqtisadi inkişafımıza müsbət təsiri olacaq elektron ticarət və əsasən elektron ixracla (E-export) bağlı dünyada baş verən yeniliklərin və yeni trendlərin yerli sahibkarlara çatdırılması, onların öz sahələrində elektron ticarət tətbiqlərindən geniş istifadə etməsi üçün də maariflədirici işlər görməyi qarşımıza məqsəd qoymuşuq. Azərbaycanda elektron ticarətin inkişafı məqsədilə keçiriləcək forumda beynəlxalq təşkilatların, aidiyyəti dövlət qurumlarının, ictimai təşkilatların nümayəndələri, mikro, kiçik və orta sahibkarlar, yerli və xarici investorlar da daxil olmaqla 400-dən çox nümayəndə iştirak edəcək. Forum 10-dan çox ölkənin bu sahədə olan mütəxəssislərini, 20-dən artıq e-ticarət və onlayn ödəniş platformalarının təmsilçilərini bir araya gətirəcək.

R.Əliyev deyib ki, forum çərçivəsində e-ticarət və e-ixrac sahəsində dünyadakı müasir təcrübəyə, son trendlərə, sistemli inteqrasiyaya, qanunvericilik təcrübəsinə, ödəniş üsullarına və bu sahədəki son tətbiqlərə dair müzakirələr aparılacaq, iştirakçılara bu sahədə məlumatlar veriləcək. Forumun ikinci günündə e-ticarət sahəsinin maraqlı tərəflərin, vergi, gömrük, maliyyə bazarları və ixrac sahəsində müvafiq dövlət qurumlarının, eləcə də bank, ödəniş platformalarının, mikro, kiçik və orta sahibkarları, həmçinin e-ticarətlə məşğul olan sahibkarların və bu sahədən olan xarici peşəkar mütəxəssislərin iştirakı ilə yarım günlük müzakirələr aparılaraq sahələr üzrə hesabatlar hazırlanacaq: “Nəzərinizə çatdırmaq istərdim ki, burada e-ticarətdə ödəniş platformaları, vergi siyasəti, vergitutma, ödəniş, logistika, digər xidmətlərlə vergiyə cəlb olunmalar arasında sistemli inteqrasiya və əməliyyatlara nəzarət kimi digər məsələlərin müzakirəsi də olacaq. Dünyada elektron ticarət mühitinin tam dəyişdiyini nəzərə asaq, elektron ticarətlə bağlı qanunvericiliyin yenidən işlənilməsi, müəyyən güzəştlər və əlavələrin (vergitutma, ƏDV, gömrük, ödəmə sistemlərinin xidmət haqları, logistika) tətbiq edilməsi məqsədə uyğun olardı. Forumda elektron ticarətlə bağlı qanunvericiliyin yenidən işlənməsi ilə bağlı təkliflər haqqında müzakirələr də aparılacaq. Təkliflərdən biri kimi - qardaş ölkə Türkiyənin qanunvericiliyində qəbul olunmuş elektron ixracla bağlı Elektron Ticarət Gömrük Bəyannaməsinin (ETGB) ölkə qanunvericiliyinə uygunlaşdırılaraq tətbiqinin elektron ixracın sürətli inkişafında müstəsna rol oynayacağını düşünürük”.

“Elektron ticarətin inkişaf etdirilməsi və ümumi ticarət dövriyyəsində xüsusi çəkisinin artırılması bu sahədə aparılacaq maarifləndirmə işlərindən asılıdır. Bununla bağlı Türkiyənin e-ticarət üzrə ixtisaslaşmış “WORLDEF” şirkətinin Azərbaycan üzrə ölkə təmsilçiliyi olan “My Broker” şirkəti ölkəmizdə e-ticarət, əsasən də e-ixrac sahəsində beynəlxalq forumlar, seminarlar, təlimlər, onlayn master təlimlər keçirilməsini hədəfləyir”, - deyə o əlavə edib.