26 noyabr 2019 10:48
1334

Qərbə təzim edənlər və ya bəsit təfəkkürlü antimilli ünsürlər

ÖLKƏDƏ SABİTLİYİ POZMAĞA ÇALIŞAN RADİKAL QÜVVƏLƏR

Azərbaycanın güclü dövlət olması üçün bütün fəaliyyət, ilk növbədə, Azərbaycan vətəndaşının hərtərəfli və güclü inkişafının təmin edilməsinə yönəlib və siyasi liderimiz bunu ardıcıl olaraq bəyan edir. Təbii olaraq sual yaranır: vətəndaş olaraq dövlətimizin bu həssaslığına kifayət dərəcədə qarşılıqlı cavab verə bilirikmi? Hüquqlarımız qədər öhdəliklərimiz barədə də təsəvvürlərimiz varmı?

Son günlər cəmiyyətdə müzakirə edilən məsələlərin müşahidəsi bu sualları cavablandırmaq üçün bir sıra qənaətlərə gəlməyi mümkün edir. Bunlardan birincisi odur ki, Azərbaycan xalqı, vətəndaşı, gənci bu illərdə olduğu kimi, yenə də öz dövlətinin yanındadır. İkinci qənaət isə onu deməyə imkan verir ki, cəmiyyətdə, xüsusilə, gənclər sırasında milli təəssübkeşliyin və tarixi yaddaşın möhkəmləndirilməsi, vətənpərvərliyin tərbiyəsi səhəsində səylərimiz daha intensiv olmalı, sistemli şəkildə həyata keçirilməlidir.

Azərbaycanı 90-cı illərin əzab-əziyyəti ilə xalqla çiyin-çiyinə dahi siyasət öndəri - ümummilli lider Heydər Əliyev yaradıb. Taleyin möcüzəsi kimi Ulu Öndərin memarı olduğu müstəqil dövlətçiliyimiz qurulub və tarixdə ilk dəfə özünü “Müstəqil Azərbaycan vətəndaşı” adlandıra biləcək yeni nəsil yaranıb. Ən böyük azərbaycanlı olan Ulu Öndərin 18 oktyabr 1993-cü il tarixdə Azərbaycanın Müstəqillik Gününun 2-ci ildönümü münasibətilə xalqa təbrikini yada salanda onun vətəndaş və dövlət münasibətlərinə verdiyi dəyər gözümüz önündə canlanır. O zaman müstəqillik o qədər kövrək, dövlətin taleyi o qədər qeyri-müəyyən idi ki, ümummilli lider Heydər Əliyev öz təbrikini müraciət üstündə -müstəqil olmaq istəyən vətəndaşlara xitab üzərində qurmuşdu: “Hörmətli həmvətənlər! Bu gün Azərbaycanın həyatında əlamətdar gündür - Dövlət müstəqilliyinin 2-ci ildönümüdür. Mən bu əlamətdar gündə, respublikamızın bütün vətəndaşlarına müraciət edirəm. Bu müstəqilliyi daimi etmək üçün fədakar əməyə dəvət edirəm. Mən bu gün Azərbaycan Silahlı Qüvvələrinə, Vətənini əziz sayan, onu sevən hər bir vətəndaşa müraciət edirəm. Biz taleyimizi özümüz həll etmək imkanı qazanmışıq. Ancaq bu imkanları əldə saxlamaq, müstəqilliyi daimi etmək qarşımızda duran əsas vəzifələrdir. Bir dövlət başçısı kimi mən bu vəzifələri özümün ümdə vəzifələrim hesab edirəm. Ümid edirəm ki, hər bir vətənpərvər azərbaycanlı, bu yurdun vətəni sevən hər bir sakini bunları özünün şəxsi vəzifələri hesab edəcəkdir. Bu ümidlərlə sizə həyatınızın bütün sahələrində uğurlar diləyirəm.

Ancaq bəzən Vətən və dövlət anlayışlarını ayırmaq cəhdlərini də görürük. Belə cəhdlər var. Ancaq gerçəklikdə isə bu anlayışların bir-birindən təcrid edilməsi mümkün deyil, yaxud da, söz oyunudur. Üstəlik də, əgər əməllərdə təzahür edirsə - onun adı Vətənə xəyanətdir. Ümumən qəbul edilmiş elmi qənaətə görə, vətəndaşlıq - insan və dövlətin qarşılıqlı öhdəliklərində ifadə olunan davamlı siyasi-hüquqi münasibətləri, bağlılığı deməkdir. İnsanları vətən amili birləşdirir. Başqa çox şeylərin ayırdığı cəmiyyəti də dövlət kimi özünü təsdiq edən vətən sarsılmaz edir. Lakin təbii ki, bu həmin mənəvi birlik formasının-dövlətin dəyərini anlayanlar üçündür. Postmodern qloballaşan cəmiyyətdə bəzən vətən, vətənpərvərlik anlayışlarının dəbdən düşmüş mövzu hesab edənlər də var. Xüsusilə də bu insanlar kateqoriyasına mənsub olanların istinad etdiyi, daha doğrusu, təzim etdikləri Qərb məkanında. Qərbə təzim edənlər üçün burada vətən və dövlət anlamlarına verilən dəyərə də bələd olmaq pis olmazdı. Həmin dövlətlərin vətəndaşı öz vətəninə xidməti hər şeydən öndə qoyur. Lakin qeyd etdiyimiz kimi, seçimi mümkün olmayan dövlətçilik dəyərlərini seçmək istəyənlər mövcuddur. Belə yaşayanlar üçün bəlkə də ən böyük cəza elə onların “vətənsiz və bayraqsız”, dövlətini və kimliyini bilmədən yaşamalarıdır. Belələri vətəndaşları olduqları dövlət haqqında yalnız uydurma və mənfi informasiyanın toplanmasını, milli mənəviyyata və qanuna zidd olaraq tirajlanmasını özlərinə “missiya” seçirlər.

Onlar özlərinin xəyal etdiyi kimi, nə demokratik düşüncə, nə də peşəkarlığına görə deyil, yalnız Azərbaycan əleyhinə olduqları üçün maliyyə mənbələrini tapırlar. Demokratiya barədə anlayışları isə belədir ki, hansı ölkədə “dövlətçilik dəyərlərinin inkarı” yoxdursa, deməli orada demokratiya, azadlıq yoxdur, yəni bu qədər bəsit düşünənlər var. Onlar Azərbaycanın suveren, beynəlxalq münasibətlərin bərabər hüquqlu subyekti, regionda bütün sahələrdə lider ölkə kimi özünün tanıdan müstəqil dövlət olduğunu dərk etmək səviyyəsində deyillər. “Dünyanın paytaxtı” kimi etalon hesab etdikləri xarici dairələrin buyruqlarını yerinə yetirmək üçün bu “əyalət düşüncəsinin” sahibləri dəridən-qabıqdan çıxırlar. Müstəqil dövlətinə deyil, təzim etdikləri, maliyyə bossları ilə təmasda olmaqla “demokratik” hesab edənlərin əslində “əyalət düşüncəsi” ilə yaşadıqlarına yalnız acımaq qalır. Xarici dəstəkçilər öz işini görür, öz dövlətinə xidmət edir. Başqa məsələdir ki, ona öz dövlətinə xidmət etməsi üçün “xidmətçilər”, onun ölkəsini dünyanın paytaxtı, özlərini isə asılı hiss edən isə əyalət təfəkkürlü buyuruq qulları lazımdır. Bu məqsədlə istifadə etdiyi Azərbaycandakı, yalnız ad və soyadlarından azərbaycanlı olduqları, mənəviyyatca xəyanətə, erməniliyə xidmət edənlər tapmaq çətin deyil. Məsələ burasındadır ki, görünür, kimin üçünsə Vətən, dövlət, vətəndaşlıq anlayışları ayrılmaz vəhdət təşkil edir, kimin üçün isə bunlar başqa-başqa şeylərdir... Təəssüflər olsun... Reallıqda aramızda bu illərdə özünü vətəndaş adlandıran, eyni zamanda, dövlətçiliyə qarşı çıxmağı peşə seçən adamlar da var. Ən dözülməz vəziyyət onda yaranır ki, onlar vətən, dövlət haqda gəlişi gözəl sözlər söyləyir, onun adından sui-istifadə edərək vətənə xəyanət sayılan addımlar atırlar. Digər paradoks ondan ibarətdir ki, öz partiyalarının, hərəkatlarının adında “vətəndaş” sözündən gen-bol istifadə etməyə üstünlük verirlər.

Məlum qüvvələr hələ də tarixin keçdiyi dərsdən nəticə çıxarmaq istəyində deyillər. Fəaliyyəti daha çox Azərbaycanda xaotik bir durumun formalaşmasına köklənmiş və hələ də hakimiyyətdə olduqları bir ilin eyforiyasında yaşayan, köhnə təfəkküründən əl çəkə bilməyən radikal müxalifətin istək və əməli bunun real təcəssümüdür. Adını müxalifət qoysa da, əməlləri daha çox xalqa və onun formalaşdırdığı müstəqil dövlətə qarşı yönələn, beləliklə də, əsl mahiyyətini istər-istəməz faş edən radikal qüvvələrin Azərbaycanda nədən hər vəchlə sabitliyin pozulmasına, anarxiyanın yaranmasına çalışmasının səbəbi əslində heç kimə sirr deyil! Çünki heç bir sosial bazası olmayan, xalqdan özünü təcrid edən radikal müxalifət yalnız bu halda yenidən hakimiyyətə qayıda biləcəyinə ümid bəsləyir. Ancaq o da maraqlıdır ki, Azərbaycanda 1990-cı illərin əvvəllərində mövcud olan xaotik durumun yaranmasını həm də ölkəmizə qarşı çıxan qüvvələr istəyir. Deməli, radikal müxalifət də, müstəqil Azərbaycana zidd çıxan qüvvələr də əməlləri ilə faktiki olaraq eyni bir şəbəkəyə bağlıdırlar. Digər tərəfdən müxalifətin sözügedən qanadına elə antiazərbaycançı mövqedə dayananlar tərəfindən vəsait ayrılması, bunun əvəzində müxalifət təmsilçilərinin, onların rəhbərlərinin həmin qüvvələr qarşısında müəyyən öhdəliklər götürməsi, vədlər verməsi elə radikalların öz düşərgəsində tez-tez etiraf edilən həqiqət, bəzən isə bir-birlərinə qarşı səslənən ittihamdır. Bu qüvvələrin antimilli fəaliyyəti sayəsində Azərbaycan xaos, anarxiya girdabına, cinayətkarlığın meydan suladığı məkana çevrildi, dövlət, xalq əmlakı talan edildi. Həmişə tolerantlığı və dözümlülüyü ilə digər millətlərə nümunə olmuş çoxmillətli Azərbaycanda yaşayan xalqlar arasında nifaq toxumu səpildi. Xarici qüvvələr Azərbaycana öz şərtlərini diktə etməyə başladı. Lakin xalq bunun davam etməsinə yol verməyərək radikaların hakimiyyətinə son qoydu, öz xilaskarını istək və iradəsi əsasında hakimiyyətə gətirərək nəhayət, sabitliyə, intibaha qovuşdu.

XXI əsrin əvvəllərində tarixə düşmək istəyənlər Azərbaycanda gənc nəslin kimdən örnək aldığını hələ bilmir. Son iki ildə ciddi-cəhdlə toplanmasına çalışılan etiraz enerjisinin çəkisi heç kilobaytla belə öçülmədi. Gəncləri “şəbəkə toruna” salmaq cəhdləri də uğursuzluğa düçar oldu. Şəbəkə toru ilə balıq torunu bənzətsək “bulanıq su” yada düşür. Sabitliyin pozulması ilə “suyu bulandırmağa” cəhd edilir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev bölgələrə səfəri zamanı bu mövzuya toxunaraq qeyd etmişdir: “Sosial şəbəkələr nisbətən yeni bir anlayışdır, dünyada geniş şəkildə yayılır. Mən çox istərdim ki, ilk növbədə bu şəbəkələrdən informasiya, bilik əldə edilməsi üçün istifadə olunsun. Eyni zamanda, çox istərdim və xüsusilə mənim gənclərə müraciətim ondan ibarətdir ki, ölkəmiz haqqında dolğun məlumatı bax bu sosial şəbəkələr vasitəsilə dünyaya çatdırsınlar. Çünki bəzi hallarda Azərbaycan haqqında qəsdən formalaşdırılan rəy reallıqla tamamilə ziddiyyət təşkil edir”.

90-cı illərdə isə Azərbaycan xalqı ümummilli lider Heydər Əliyevə, bu gün onun müstəqillik siyasətinin davamçısı - Prezident cənab İlham Əliyevə inanır. Dövlət başçısının cəmiyyətimizdə, Azərbaycanın isə dünyada imici, artan şöhrəti hələ onları çox rahatsız edəcək. Çünki bu nüfuz və güc, xalqın etimad və dəstəyi kimi heç nə ilə müqayisə edilməyən kapitala, uğurlarımıza konvertasiya olunur. İngiltərənin məşhur humanist yazıçısı Uilyam Hezlit insanların şəxsiyyətlərə, liderinə inamını izah etmək üçün yazırdı: “Mən baş verən prosesləri tam mənada dərk etmək iqtidarında deyiləm, lakin mən öz liderimə inanıram. İnamımız nə qədərdirsə, gücümüz də də o qədərdir”. Azərbaycan tarix boyu öz müstəqillik məqamını gözləyib, ümummilli lider Heydər Əliyevin sayəsində ona yetişib, artıq heç bir qüvvə ona mane ola bilməz. Azərbaycan nə etməlidir və ya etməməlidir - bunu xalq həll edir. Azərbaycanda narıncı rəngi dəbə gətirmək istəyənlər gördü ki, bizim xalqımızın öz rəng zövqü var. Azərbaycanda ərəb baharı, qışı və daha nəyi gözləyənlər gördü ki, yurdumuzun öz baharı, öz qışı, öz fəsilləri var. Bunu birdəfəlik dərk etmək lazımdır. Xalqımız on il əvvəlkindən daha yaxşı dövlətdə yaşayır, deməli 10 il sonra bundan qat-qat yaxşı ölkədə yaşayacaq. Bu günün gənc vətəndaşlarının tarixi şansı - məhz həmin qüdrətli Azərbaycan dövlətini yaratmaq və qürurla sonrakı nəslə çatdırmaq missiyası var.

Ulu Öndərin inkişaf strategiyasını böyük uğurla davam etdirən, ideyalarını yaşadan Prezident cənab İlham Əliyevin ətrafında daha sıx birləşən Azərbaycan xalqı isə möhkəm özüllər üzərində qurulmuş sabitlik şəraitində sürətli inkişaf yolunda yeni böyük müvəffəqiyyətlərə imza ataraq daha da irəliyə gedəcək. Xalq və iqtidar arasında olan sarsılmaz birlik antiazərbaycançı qüvvələrin istəklərinin əksinə olaraq, bundan sonra daha da möhkəmlənəcək!!!

Ələkbər Mirzəyev,

BDU-nun Geologiya fakültəsinin müəllimi,
YAP Yasamal rayon təşkilatının üzvü