Dekabrın 23-nə təyin olunan yerli özünüidarətemə orqanlarına seçkilərə ciddi hazırlıq görülür. Bütün siyasi kampaniyalara vahid siyasi qüvvə kimi başlayan Yeni Azərbaycan Partiyasının fəalları bələdiyyə seçkilərinin əsas mərhələsi olan təbliğat-təşviqat kampaniyasını mütəşəkkilliklə davam etdirir. Seçiciləri ilə görüşünə “Xalq üçün” devizi ilə gələn YAP-ın namizədləri son illərdə respublikada aparılan quruculuq işlərində rolu artan bələdiyyələrin üzərinə düşən vəzifələrdən ətraflı danışır, seçici rəyini öyrənirlər.
YAP Mərkəzi Seçki Qərargahının Yasamal rayon təşkilatında keçirilən görüşün iştirakçıları bu il ilk dəfə siyasi kampaniyada səs verəcək gənclər idi.
Görüşü YAP Yasamal rayon təşkilatının sədri Tağı Əhmədov açaraq müstəqil vətəndaş kimi ölkənin siyasi həyatında ilk addımlarını atan gənclərə bələdiyyələrin həyatımızda artan rolundan danışaraq bildirdi ki, yerli özünüidarəetmə orqanları yarandığı gündən müsbət təcrübə əldə etmiş, fəaliyyətlərini vətəndaş rəyi əsasında təkmilləşdirmişlər:
- Dünya miqyasında nüfuzu artan, diplomatiyası dəstəklənən, iqtisadi uğurları nümunə göstərilən Azərbaycanın belə yüksək zirvələri fəth etməsində Yeni Azərbaycan Partiyasının rolu və xidmətləri böyükdür. Elə buna görədir ki, bütün siyasi kampaniyalarda seçicilərin əksəriyyəti əsas fəaliyyət prinsipi xalqa xidmət olan YAP-na yüksək etimad göstərir, partiyanın namizədlərinə yekdilliklə səs verirlər.
Gənclər adından çıxış edən Bakı Dövlət Universitetinin tələbələri Aytac Rüstəmli və Qarabəy Kərimov bildirdilər ki, Prezident, YAP-ın Sədri İlham Əliyevin gənclərə göstərdiyi diqqət və qayğı bizi təhsildə, ölkəmizin ictimai, siyasi həyatında daha fəal olmağa çağırır.
Qeyd olundu ki, dövlət başçımızın cari ilin əvvəlindən, son aylarda həyata keçirdiyi islahatlardan ən çox bəhrələnən gənclərdir. Tələbələrin təqaüdlərinin artırılması, məcburi qaçqın və köçkün ailələrinin ali məktəblərə qəbul olunan övladlarının təhsil haqqını ödəməkdən azad olunması, Azərbaycan gənclərinin xarici ölkələrdə təhsillərinin davam etdirilməsi üçün yaradılan şərait ölkəmizin gələcəyinin daha etibarlı təminatı üçün nəzərdə tutulan və heç bir ölkədə analoqu olmayan sosial qayğıdır. Son günlərdə ölkədə aparılan kadr islahatlarına uyğun bacarıqlı gənclərin dövlət strukturlarında yüksək vəzifələrə təyin olunması bu gün tələbə, sabah isə təcrübəli mütəxəssis kimi fəaliyyət göstərəcək gəncləri daha da ruhlandırır. Buna görə də, ölkə gənclərinin YAP-na rəğbəti, inamı, etimadı tükənməzdir. 23 dekabrda respublikanın bütün gəncləri bələdiyyə seçkilərində iştirak edəcək və YAP-nın namizədlərinə səs verəcəklər.
Namizədliyi YAP Yasamal rayon təşkilatı tərəfindən irəli sürülən partiya fəalları adından çıxış edən Əli Əkbərli bildirdi ki, ölkə üzrə fəaliyyət göstərən bələdiyə sədrlərinin 20 faizdən çoxunu gənclər təşkil edir. Son illərdə bələdiyyələrdə gənclərin, qadınların sayının artması gələcəyimizi etibar edəcəyimiz yeni nəslə göstərilən etimaddır.
Görüşdə iştirak edən gəncləri maraqlandıran sualları cavablandıran bələdiyyə üzvlüyünə namizədlər seçicilərin etimadını doğrultmaq üçün daha fəal olacaqlarını bildirdilər.
Xuraman İsmayılqızı, “İki sahil”