10 dekabr 2019 20:11
856

Radikal düşərgədə seçkiöncəsi qarşıdurmalar şiddətlənir

Azərbaycan cəmiyyəti ölkədə həyata keçirilən islahatların, eləcə də siyasi idarəçiliyin keyfiyyətcə yeni mərhələyə qədəm qoymasının ruhuna uyğun olaraq Milli Məclisin buraxılmasını və fevralın 9-da  növbədənkənar parlament seçkilərinin keçirilməsini birmənalı olaraq dəstəkləyir. Yalnız özlərini cəmiyyətdən təcrid edərək marginallaşmış, sosial dayaqlarını tamamilə itirmiş radikal müxalifətin AXCP- “Milli Şura” cütlüyü əsassız bəhanələrlə seçkiləri boykot etmək yolunu tutublar.

İctimai dəstəkdən məhrum olan radikal müxalifətin “başbilənlərindən” olan AXCP sədri Əli Kərimli, “Milli Şura”nın sədri Cəmil Həsənli və onların peyki ətrafında fırlanan, gündə bir təşkilat dəyişən Gültəkin Hacıbəyli, “Milli Şura”nın Koordinasiya Mərkəzinin üzvü Tofiq Yaqublu  sosial şəbəkələrdə var gücləri ilə parlament seçkilərinin əleyhinə təbliğat aparır, dağıdıcı şüarlar səsləndirir, seçkilərlə bağlı absurd şərtlər irəli sürürlər. Radikallar nəinki seçkilərdə iştirak etmək qərarı verən konstruktiv müxalifət partiyalarını, eləcə də dünənə qədər eyni “masa”da oturduqları tərəfdarlarını, xüsusilə Müsavat Partiyasını öz trollarının əli ilə sosial şəbəkələrdə “vururlar”. İnternet TV-lərdə bu istiqamətdə aparılan kampaniya getdikcə şiddətlənir.

Əslində bütün bunlar gözlənilən idi. Çünki radikal müxalifətin mahiyyəti belədir, kim bizimlə deyilsə bizə düşməndir. Müşahidələr göstərir ki, seçki öncəsi müxalifət daxilində qarşıdurma və ziddiyyətlər getdikcə şiddətlənəcək. Bunun anonsunu keçmiş korrupsioner nazir Əli İnsanovun iştirakı ilə seçkilərlə bağlı təşkil olunmuş “dəyirmi masa”da elə  AXP sədri Pənah Hüseyn də vermişdi. Ə.Kərimliyə yaxşı bələd olan P.Hüseyn elə oradaca söyləmişdi ki, “cəbhənin” boykot qərarına qoşulmayan müxalif qüvvəllər AXCP sədri və onun tərəfdarlarının güclü tənqidinə, daha doğrusu, təhqir və aşağılınmasına məruz qalacaqlar.

Belə də oldu. Müsavat Partiyasının Ali Məclisinin dekabrın 7-də gələn il fevralın 9-da keçiriləcək növbədənkənar parlament seçkilərində iştirak etmək haqqında qərarından sonra bu düşərgədə qalmaqallar, qarşıdurma və qarşılıqlı ittihamlar yenidən qızışıb.  Məlum düşərgədə vəziyyət həddindən artıq mürəkkəbləşib. Ə.Kərimli və tərəfdarları indi inhisarlarında olan mətbuat vasitələrindən istifadə edərək Müsavat Partiyasına və ReAL-a qarşı əks-təbliğat apararaq onların üzərinə total hücuma keçiblər. Radikallar təkcə Müsavat Partiyasını deyil, ümumiyyətlə seçkilərdə iştirak etmək qərarı verən digər müxalifət təşkilatlarını hədəfə alıblar.

Əslində  AXCP ilə Müsavat Partiyasının  fevralın 9-da keçiriləcək parlament seçkisi  ilə bağlı təşkil olunan “dəyirmi masa” da yan-yan oturmasının müvəqqəti, daha doğrusu, bir neçə saatlıq olduğunu cəmiyyətimiz yaxşı bilirdi.  Bu iki təşkilat arasındakı qarşıdurmanın dərin köklərinin olduğu hamıya bəllidir. İyirmi altı illik dağıdıcı müxalifətçilikləri tarixində AXCP və Müsavat Partiyası bir-birilərinə münasibətdə daim təftişçilik mövqeyi sərgiləyiblər. Bu iki siyasi qurum təxminən otuz ilə yaxın bir müddətdə ölkədə hər seçki öncəsi müxtəlif təşkilat və birliklər yaradaraq, bir neçə saatlığa və ya bir neçə günlüyə bir araya gələrək seçki məsələlərini müzakirə etsələr də, nəticədə ümumi razılığa gələ bilməyərək dağılışıb gediblər. Ancaq bu gediş heç vaxt sakit, rəvan olmayıb.

Radikal düşərgədə yenə də anoloji vəziyyət yaranıb. Bu günlərdə Müsavat Partiyasının keçmiş başqanı, bu gün də bu təşkilatda əsas söz sahibi olan İsa Qəmbərlə “Milli Şura”nın Koordinasiya Mərkəzinin üzvü Gültəkin Hacıbəyli arasında baş verən “müavin” qalmaqalının yenidən qızışması bunun əyani təsdiqidir.  Məsələ burasındadır ki,  onların  bir-birilərini ittiham edən statusları sosial şəbəkələrdə tərəfdarlar arasındakı gərginliyi pik nöqtəsinə çatdırıb. G.Hacıbəylinin  həmin statusuna yazılan şərhlərdə  müsavatçılarla “Milli Şura”nın tərəfdarları bir-birilərini təhqir atəşinə tutublar.

Məsələn, Murad Əliyev adlı istifadəçi yazıb: “Gültəkin Hacıbəyli yenə də yuyulmamış çömçə kimi ortaya düşüb. Hər dəfə ölkəmizdə mühüm beynəlxalq yarış və ya tədbir keçiriləndə, sosial şəbəkələrin troll “madonnası” yenə də aktivləşir”. Qarşı “cəbhənin” təmsilçilərindən olan Pərvin Hacıyev isə belə yazıb: “İsa Qəmbər özünü daim gündəmdə saxlamağa çalışan, siyasi cəhətdən tükənmiş bir insandır. Həqiqətən onda çox neqativ aura var. Sifətini görəndə adam depressiyaya düşür... Bir şəxs ki, siyasi tacir statusu ala. Saxta sənəd alveri və sair. Biz onun üzünə vurmadıqca uşaq kimi sırtılır”.

Bütün bunlar hələ başlangıcdır. Hər iki tərəfin təmsilçilərinin sosial şəbəkələrdəki  bu statusları onu deməyə əsas verir ki, yaxın günlərdə AXCP- “Milli Şura” cütlüyü ilə Müsavat Partiyası arasında qarşıdurmalar, qarşılıqlı ittihamlar, əvvəllər olduğu kimi, söyüş və təhqirlər daha da qızışacaq. Çünki onların bir-birilərinə patoloji nifrəti o həddədir ki, artıq burada ən xırda detal belə unudulmayacaq. Şübhəsiz, məlum düşərgənin tarixən biri-birilərinə rəqib gözü ilə baxan bu iki  təmsilçisi arasındakı şiddətli didişmələr hər iki tərəfi əldən salaraq nəticədə radikal müxalifətin tamamilə iflasına gətirib çıxaracaq.

Zahid Rza, “İki sahil”