KÖŞƏ

Cavid Əkbərov

Dikbaşlıq Əli Kərimlinin köhnə şakəridir

13 dekabr 2019 11:19
3532

Məlum olduğu kimi, 2020-ci il fevralın 9-da keçiriləcək növbədənkənar parlament seçkiləri ilə əlaqədar siyasi qurumlar fəal şəkildə prosesə qoşulur, namizədlərinin siyahısını açıqlayırlar.

Yeni Azərbaycan Partiyasının İdarə Heyəti dekabrın 10-da seçkilərdə partiyanın iştirakı ilə bağlı qərar qəbul edib. İdarə Heyətinin iclasında, həmçinin YAP-ın səlahiyyətli nümayəndələri təyin olunub.

Müxalifət partiyaları da seçkiyə qoşulmaqla bağlı qərarlarını verirlər. Artıq bir neçə müxalifət partiyası parlament seçkilərində iştirak edəcəyini bəyan edib. O cümlədən radikal mövqedən çıxış edən Müsavat və ReAL partiyaları da parlament seçkilərində iştirak edəcəklərini rəsmən açıqlayıblar. Eyni zamanda, bununla bağlı hazırlıqlara start veriblər.

Cəmiyyət üçün ən təəccüblüsü odur ki, siyasi partiyaların böyük hissəsi - hətta ənənəvi olaraq indiyədək boykot taktikası ilə hərəkət etmiş bəzi partiyalar parlament seçkilərində iştirakla bağlı qərar qəbul etdikləri halda, “Milli Şura” subyektləri, xüsusən də AXCP sədri Əli Kərimli cəmiyyəti boykota səsləyir. Ə.Kərimli insanların onun bu çağırışına heç bir məhəl qoymadığını bilə-bilə çoxillik uğursuz üsulunu davam etdirmək istəyir.

Əslində, Əli Kərimlinin boykot qərarının rəhbərlik etdiyi partiyanın bütün üzvləri tərəfindən dəstəklənib-dəstəklənmədiyi barədə sübutlar yoxdur. Daha dəqiq desək, partiya kütləsinin rəyi soruşulmadan bir şəxsin iddiaları bütün partiya mənsublarının mövqeyi kimi təqdim edilir. Partiyanın səlahiyyətli ali seçkili orqanını çağırmadan hamının adından boykot qərarının verilməsi sözsüz ki, partiya üzvlərinin taleyinə hörmətsizlik və məsuliyyətsiz münasibətdir.

Son icazəsiz aksiyaların dərin ictimai laqeydlik şəraitində keçməsi Əli Kərimli və onun mübarizə üsullarını dəstəkləyənlərin sosial dayaqlardan tam məhrum olduğunu və bunun bərpasının mümkünsüzlüyünü qəti olaraq ortaya qoydu. Əli Kərimlinin seçkini boykot qərarı bu nöqteyi-nəzərdən sosial bazasızlığın ört-basdır edilməsi cəhdi kimi də başa düşülə bilər.

Son vaxtlar Avropada cinayətkar mühacir biznesində “Milli Şura” subyektlərinin də adının çəkilməsi bu partiya rəhbərinin ölkədə hətta gələcəkdə də siyasi nüfuzunu azacıq bərpa etmək şanslarını tam olaraq heçə endirdi. Hazırda əksər analitiklərin fikrincə, bu seçkidən kənarda qalan siyasi partiyaların nəinki özlərini bərpa etmək, hətta mövcudluq şansları tamamilə itirilə bilər.

İctimaiyyətdə suallar doğuran məqamlardan biri radikal subyekt təmsilçilərinin parçalanmasıdır. Məsələn, Müsavat Partiyası seçkidə iştirak qərarı verdiyi halda, Əli Kərimlinin boykot qərarında israrlı olması onun kompromissiz pozuculuq rolunda çıxış etdiyini təsdiqləyir. Təsdiq edilir ki, onu maraqlandıran seçki yox, seçki prosesi üstündə hakimiyyətin ünvanına mümkün qədər ittiham bəhanələri uydurmaqdır.

Daimi boykot siyasəti yürüdən siyasi partiyalar ölkənin siyasi sistemindən özlərini sürətlə çıxdaş edirlər. Bu amil bir daha sübut edir ki, sonrakı mərhələlərin seçki-siyasi proseslərində də boykotçu radikallara yer olmayacaq. Əli Kərimli siyasi sistemdə özünü tam inkar və yoxetmə yolundadır və bu seçimin bütün məsuliyyəti şəxsən onun öz üzərindədir. Əgər onun iddia etdiyi kimi “on, yüz minlərlə” tərəfdarı varsa, bu insanları seçki hüququndan məhrum etmək haqqını ona heç kim verməyib. Əgər o “çoxminli” insanlar bu inhisarçılığa dözürsə, deməli onlar öz talelərinin oyuncağa çevrilməsi ilə barışırlar.