24 fevral 2020 20:40
1343

Koronavirus: Fransada vəziyyət stabildir

Fransa İtaliya ilə sərhədi bağlamayacaq, çünki virus sərhəddə dayanmır.

Bu fikri Fransanın Səhiyyə naziri Olivye Veran mətbuata bildirib. Nazir deyib ki, 4-ü ölümcül olmaqla 160 koronavirus daşıyıcısı aşkarlanmış, 52 əhalisi olan 11 kommunada karantin elan edilmiş İtaliyanın qonşusu olan Fransada vəziyyət stabildir. 12 koronavirus daşıyıcısı qeydə alınıb ki, onlardan 1 nəfər ölüb, 10 nəfər isə sağalıb.

Nazir qeyd edib ki, ölkə ərazisində gün ərzində 1000 pasiyenti qəbul edə bilən analiz laboratoriyaları təmin ediləcək. Ölkədə koronavirusun mümkün yayılmasının vaxtında qarşısının alınması məqsədilə 70 əlavə xəstəxana fəaliyyət göstərəcək.

Qeyd edək ki, bu gün Parisin 13-cü rayonunun polis komissarlığına şikayət üçün gəlmiş bir çinli qadın və eyni vaxtda komissarlığa daxil olan 3 turist özlərini zəif və pis hiss etdiklərini bildiriblər. Polis əməkdaşları bu şəxslərin koronavirus daşıyıcısı olmasından şübhələnib. Dərhal komissarlıq müvəqqəti bağlanıb və müvafiq orqanlara məlumat verilib. Ancaq bir neçə saatdan sonra şübhələrə əsas olmadığından orada fəaliyyət yenidən bərpa edilib. //AZƏRTAC