KÖŞƏ

Ceyhun Piriyev
[email protected]

Əmanətlərin tam sığortalanması müddətinin artırılması nələr vəd edir?

29 aprel 2020 10:11
6188

Xəbər verildiyi kimi, dövlət başçısı tərəfindən əhalinin bütün qorunan əmanətlərinin məbləğindən asılı olmayaraq tam sığortalanması müddətinin növbəti dəfə 9 ay uzadılması haqqında qanun imzalanıb.

Bununla da cəlb olunduğu tarixə Əmanətlərin Sığortalanması Fondunun Himayəçilik Şurası tərəfindən əmanətlər üzrə müəyyən edilmiş (milli valyutada 10 faizədək, xarici valyuta olanlara isə 2,5 faizə qədər) illik faiz dərəcəsi həddində olan bütün qorunan əmanətlərin məbləğindən və valyuta növündən asılı olmayaraq bank fəaliyyətinin həyata keçirilməsi üçün lisenziyaya malik olan Fondun iştirakçı bankları tərəfindən tam sığortalanması müddəti bu il dekabrın 4-nə qədər uzadılıb. Həmçinin martın 4-dən Qanunun qüvvəyə minməsi tarixinədək (26 aprel 2020-ci il) qeyd edilmiş şərtlərlə cəlb olunmuş əmanətlər də qüvvəyə minmiş Qanunla əhatə edilir.

Qanunvericiliyə görə, əmanətlərin tam sığortalanması müddətinin uzadılmayacağı təqdirdə, göstərilən tarixdən sonra bağlanmış hər bir bankda sığortalanmış əmanət yalnız 30 min manatdan çox olmamaq şərtilə kompensasiya edilir.

Azərbaycan Mərkəzi Bankından (AMB) bildirilib ki, dövlət başçısının bu qərarı pandemiya şəraitində qəbul edilmiş digər mühüm qərarlar kontekstində yenə də, ilk növbədə, əhalinin maraqlarının təmin olunmasına və ölkədə maliyyə sisteminin dayanıqlığının gücləndirilməsinə yönəlib. Bununla da “Əmanətlərin tam sığortalanması haqqında” Qanunun yenidən uzadılması əmanətçilərin və kreditorların mənafelərinin daha etibarlı qorunmasına, maliyyə sektorunun sabitliyinin və sağlamlığının dəstəklənməsinə və bank sektoruna etimadın daha da gücləndirilməsinə imkan verəcək: “Əmanətlərin tam sığortalanmasının davam etməsi bank sektorunda restrukturizasiyanın (bankın satılması, aktivlərin və öhdəliklərin tam və ya qismən ötürülməsi, körpü bankın yaradılması və s. vasitələrlə) başa çatdırılması və beləliklə, sektorun sağlamlaşdırılmasını ciddi dəstəkləməklə onun iqtisadiyyatda rolunun artmasına, biznesin və əhalinin maliyyə xidmətlərinə çıxışının daha da yaxşılaşdırılmasına təkan verəcəkdir.

Bu qərar 7,3 mlrd. manat həcmində əmanətləri əhatə etməklə ümumilikdə 8,3 milyon əmanətçinin (bura bir əmanətçi üzrə müxtəlif banklarda olan müddətli əmanət hesabları, habelə cari hesablar daxildir) maraqlarının qorunmasına xidmət edir”.

Ancaq o da vurğulanmalıdır ki, əslində əmanətlərin məbləğindən asılı olmayaraq tam sığortalanması müddətinin növbəti dəfə uzadılması gözlənilən deyildi. Söhbət ondan gedir ki, hələ 2016-cı ildə 3 il müddətinə müəyyən edilən tam sığortalanma ötən il daha bir il də uzadılmışdı və bank sektorunda sabitlik müşahidə edildiyindən bunun yetərli olacağı düşünülürdü. Məsələ burasındadır ki, “Azərbaycan Respublikasında maliyyə xidmətlərinin inkişafına dair Strateji Yol Xəritəsi”nə əsasən, 2018-ci ilin sonunadək kapital dayanıqlılığı bərpa olunmayan bankların restrukturizasiyası prosesi bitməli idi. Lakin ötən il əmanətlərin tam sığortalanması müddətinin bir il də uzadılması bu sahədə işlərin yekunlaşmadığından xəbər verirdi.

Ötən il, həmçinin sözügedən restrukturizasiyasını həyata keçirməli olan Maliyyə Bazarlarına Nəzarət Palatası ləğv edilib və onun vəzifə və hüquqları AMB-a ötürülüb. AMB-nin İdarə Heyətinin sədri Elman Rüstəmov isə yanvar ayının sonunda keçirdiyi mətbuat konfrasında deyib ki, bank sektorunun sağlamlaşdırılması ilə bağlı işlər davam edir və bu ilin birinci yarısında başa çatdırılacaq.

Eyni zamanda, Azərbaycan Mərkəzi Bankının İdarə Heyətinin 27 aprel 2020-ci il tarixli qərarları ilə 4 banka müvəqqəti inzibatçılar təyin olunub. Qanunvericiliyə uyğun olaraq qeyd olunan bankların idarə olunması üzrə bütün səlahiyyətlər, o cümlədən bank səhmdarlarının ümumi yığıncağının səlahiyyətləri müvəqqəti inzibatçıya keçib.

Yeri gəlmişkən, “Banklar haqqında” Qanuna görə, ödəmə qabiliyyətini itirmiş bank 9 ayadək müddətə müvəqqəti inzibatçı tərəfindən idarə olunur. Bu müddətdə AMB ödəmə qabiliyyətini itirmiş bankın rezolyusiyası ilə bağlı bir sıra tədbirlər həyata keçirir ki, buraya ödəmə qabiliyyətini itirmiş bankın sağlam banka qoşulması, aktiv və öhdəliklərinin tam və ya qismən alıcı banka köçürülməsi, körpü bankın yaradılması və sağlam aktivlərinin, öhdəliklərinin körpü banka köçürülməsi və körpü bankın investora satılması, eyni zamanda, ödəmə qabiliyyətini itirmiş bankın investora satılması və ya bankın ləğvi aiddir.

Göründüyü kimi, bank sektorunun sağlamlaşdırılması prosesi hələ də davam etdirilir ki, bu da özü-özlüyündə əmanətlərin tam sığortalanmasını labüd edir.