Əsas hədəf xidmətlərin innovativ yanaşmalara əsaslanan sosial ədalət, şəffaflıq, ünvanlılıq, əlçatanlıq və bərabərlik prinsiplərinin təmin edilməsidir
«Sosial layihələr arasında ödənişli ictimai iş yerlərinin yaradılması da var. Bu da mənim təşəbbüsümlə irəli sürülmüş məsələdir... Ona görə mənim göstərişimlə ödənişli ictimai iş yerləri yaradıldı» söyləyən Prezident İlham Əliyev önəmli layihə olan özünüməşğulluq proqramının genişləndirilməsinə, layihələrin bütün sahələri əhatə etməsinə sosial islahatların tərkib hissəsi kimi önəm verir. İlk mərhələdə 7-8 min insanın bu proqrama cəlb edilməsi, sonralar isə bu rəqəmin 10 min nəfərə çatdırılması vədə sadiqlik nümunəsidir.
Dünya Bankının bu layihədə iştirakı ölkəmizin təşəbbüslərinin beynəlxalq səviyyədə dəstəklənməsidir.
«Eyni zamanda, ödənişli ictimai iş yerlərinin - 90 min iş yerinin açılması nəzərdə tutulur. Özünüməşğulluq proqramında 12 min insan əhatə olunur. Artıq biz bu proqramın bir hissəsini Dünya Bankı ilə birlikdə icra edirik. Yəni, bütövlükdə bu sahəyə ayrılan diqqəti və vəsaiti nəzərə alsaq, görərik ki, bu gün bizim üçün bu, prioritetdir və bu, belə də olmalıdır» söyləyən Prezident İlham Əliyev pandemiya dövründə də maliyyə sabitliyinin qorunması üçün önəmli layihələrin həyata keçirilməsinə diqqətlə yanaşır. Azərbaycanda əhalinin sosial rifah halının yüksəldilməsi, sosial məsələlərin həlli, həssas qrupların hərtərəfli dövlət qayğısı ilə əhatə olunması istiqamətində görülən işlər Prezident İlham Əliyevin daim diqqət mərkəzində olan insan amilinə qayğısıdır. Son illərdə icra olunan sosial islahatlar paketinin tətbiqində əsas hədəf xidmətlərin innovativ yanaşmalara əsaslanan modern, çevik və optimal mexanizmlər üzərində qurulması, sosial ədalət, şəffaflıq, ünvanlılıq, əlçatanlıq və bərabərlik prinsiplərinin təmin edilməsidir. Prezident İlham Əliyevin 2018-ci ildə imzaladığı Fərmana əsasən, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dayanıqlı Operativ Sosial Təminat Agentliyinin (DOST) yaradılması xidmət sahələrindəki obyektivliyin təminatına yönələn dövlət siyasətinin bariz nümunəsidir.
İstifadəyə verilən DOST mərkəzlərinin hər birində yüzdən artıq iş yerlərinin açılması, «Könüllü DOST»” ” proqramı üzrə 300-dən çox gəncin xidmət sahələrinə cəlbi, onların peşələr üzrə hazırlanmaları daha çox maraq doğuran, əyalətləri də əhatə edən məşğulluq siyasətinin əsasını təşkil edir.
Mühüm əhəmiyyətli təşəbbüs kimi dəstəklənən, sosial təminat sahəsində böyük bir yenilik olan DOST mərkəzlərində sayı artan xidmətlərin səviyyəsi ilə bağlı vətəndaşların bəyənmə əmsalının 96 faiz təşkil etməsi ölkədə davam etdirilən sosial islahatların dəstəklənməsidir. 130-dan çox xidmət göstərilən mərkəzlərdə müştəri istəklərinə uyğun aparılan əməliyyatlar zamanı şəffaflığın, operativliyin təminatı o deməkdir ki, innovasiyalar əsasında fəaliyyət göstərən DOST mərkəzləri beynəlxalq aləmdə yenilik olmaqla, cəmiyyətdə aparılan siyasi, iqtisadi, sosial islahatlarda gənclərin fəaliyyəti üçün geniş imkanlar yaradır.
İqtisadi inkişafın meyarı olan əhalinin həyat tərzinin yüksəlməsi daim prioritet olduğu üçün sosial sahəyə diqqətin artırılması dövlət siyasətimizin əsasını təşkil edir. Pandemiya dövründə belə sosial təminatla bağlı çox ciddi, əsaslı addımların atılması insanları çətinliklərdən xilas etdi. Dövlət sektorunda fəaliyyət göstərən 900 min, özəl sektorda təxminən 700 min insanın əməkhaqqının əhəmiyyətli hissəsi dövlət tərəfindən ödənildi. İşsiz vətəndaşların, aztəminatlı təbəqənin, o cümlədən qeyri-formal məşğulluqda fəaliyyət göstərən insanların sosial tələbatları ödənildi. 600 min nəfər üçün 190 manat vəsait ayrıldı. Bu proses davam etdirilir. Hazırda 80 min ailəni əhatə edən ünvanlı sosial yardımların ayrılması da ailə büdcəsinin formalaşmasına yönəldilir.
Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın rayonlara səfərləri zamanı yerli əhali ilə görüşlərinin əsas məqsədi də insanları narahat edən problemləri öyrənmək, həllini sürətləndirmək, rahat həyat tərzini formalaşdırmaqdır.
Bu günlərdə Bakının Qaradağ rayonunda məcburi köçkünlər üçün salınmış «Qobu Park-3”» yaşayış kompleksinin açılışında iştirak edən Prezident İlham Əliyev və birinci xanım Mehriban xanım Əliyeva daha çox qayğıya ehtiyacı olan insanların məşğulluq problemləri ilə də maraqlandılar. Bildirildi ki, Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin və Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin birgə səyi çərçivəsində kompleksdə yaradılan müəssisələrdə reallaşdırılan layihələri həyata keçirməkdə məqsəd məcburi köçkünlərin məşğulluğunu biznes-layihələr əsasında təmin etməkdir. İlk dəfə olaraq qaçqın və məcburi köçkünlərin məskunlaşdığı ərazidə istehsal müəssisələrinin açılması əhali arasında işsizliyin aradan qaldırılmasına töhfədir. Kompleksdə yumşaq, plastik oyuncaqlar və tekstil məhsullarının istehsal ediləcəyi müəssisələrdə xeyli iş yeri nəzərdə tutulur. Bu obyektlərdə gün ərzində 15-20 adda 1000-ə yaxın yumşaq, 10 çeşiddə, 500-ə yaxın plastik oyuncaqlar istehsal olunacaq. Pandemiya dövründə daha çox ehtiyac duyulan qoruyucu, sterilizə olunmuş tibbi ləvazimatların istehsalı müəssisəsində həkimlər üçün üst geyimləri və kombinezonlar hazırlanacaq. Burada 25 nəfər işlə təmin olunacaq. Müəssisələrdə çalışacaq işçi heyətin 80 faizini «Qobu Park- 3”»ün sakinləri təşkil edəcək. Sosial əhəmiyyəti ilə seçilən, ən müasir avadanlıqlarla təchiz olunan biznes yönümlü bu müəssisələrdə istehsal olunacaq məhsullar yüksək rəqabətqabiliyyətli olmaqla idxalı azaldacaq.
Azərbaycan xalq tətbiqi sənətinin qolu olan xalçaçılığın xalqımızın milli mədəniyyəti tarixində özünəməxsus yeri var. Xalçalarımızda tariximiz, milli dəyərlərimiz yaşadılır. Prezident İlham Əliyevin son illərdə qeyri -neft sektoru kimi gəlirli sahə olan xalçaçılığın inkişafına göstərdiyi diqqət bəhrəsini verir. Cənab İlham Əliyevin xalçaçılığın inkişafı ilə bağlı gördüyü işlər bu qədim el sənətinə marağı artırmaqla, ta qədimdən zərifliyi, incəliyi , rənglərinin ahəngliyi ilə seçilən, ilmə-ilmə ərsəyə gələn Azərbaycan xalçalarının dünya bazarlarına çıxarılması imkanlarını da artırır. Əl işi, göz nuru olan, milli naxışlarımızla bəzədilən, xarici ölkə vətəndaşlarının evlərini bəzəyən Azərbaycan xalçaları mənəvi dəyərlərimizi dünyada tanıdır.
Komleksdə açılan, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin layihəsi olan «Xarı bülbül»” xalçaçılıq və naxış emalatxanası evdar qadınların məşğulluğa cəlbi baxımından çox əhəmiyyətlidir. Evdar qadınların cəlb edildiyi «Xarı bülbül» layihəsinin həyata keçirilməsində məqsəd məcburi köçkünlərin məşğulluq səviyyəsinin artırılması, sosial rifah halının daha da yaxşılaşdırılmasıdır. Burada həm xalça toxumağın sirləri öyrədiləcək, həm də istehsal prosesi təmin ediləcək. Layihəyə il ərzində «Qobu Park-1»”, «Qobu Park-2»” və «Qobu Park-3»” yaşayış komplekslərində, həmçinin Qaradağ rayonu ərazisində yaşayan 70 məcburi köçkün cəlb ediləcək. Toxuculuğun sirlərinə daha dərindən yiyələnənlər emalatxanalarda usta kimi çalışacaq, digərləri isə evlərində dəzgahlarla təmin olunacaqlar. Müəssisədə toxunacaq hədiyyəlik xalçalar, qız- gəlinlərimizin əl işləri ölkəmizi dünyada tanıdacaq. Layihə çərçivəsində xalçaların satışı da təmin ediləcək. Emalatxanada Qarabağın maddi-mədəni irsinə aid zərgərlik nümunələrinin hazırlanması da planlaşdırılır. Məhsullar yerli bazarla yanaşı, qiymətli əl işləri kimi xarici bazarlara da çıxarılacaq. Burada uşaqlar üçün ustad dərslərinin, rəsm dərnəyinin və xarici dil kurslarının təşkili də nəzərdə tutulur.
Xuraman İsmayılqızı,
«İki sahil»