10 iyun 2020 12:25
1569

Heç bir halda sayıqlığımızı itirməməli, ümidverici rəqəmlər fonunda səhlənkarlığa imkan verməməliyik

Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva xalqa müraciətlərində bu fikri xüsusi qeyd edir ki, cətin sınaq günlərində xalqımız bir daha ən yaxşı xüsusiyyətlərini nümayiş etdirdi və bu, sonsuz təşəkkürə layiqdir

       Dünyanı cənginə alan, yeni dalğaya keçən koronavirusla  mübarizə tədbirlərinin gücləndirildiyi hazırkı dövrdə hər kəsin qarşısında dayanan vəzifə vətəndaş məsuliyyətini artırmaqdır. Bu məqsədə nail olmaq üçün səyləri birləşdirmək, məsuliyyəti dərindən dərk edib, həmrəyliyi gücləndirmək tələb olunur.  Bu mühüm məqamı da xüsusi qeyd etməliyik ki, dünya ölkələrində ölüm hallarının, xəstəliyə yoluxmanın geniş vüsət almasına baxmayaraq ölkəmizdə  mübarizə tədbirlərinin gücləndirilməsi fonunda birinci mərhələ  yoluxma hallarının azalması, sağalmanın artması ilə  müşahidə edilir. Bu reallıqlar belə bir  əminliyi ifadə etməyə əsaslar yaradır ki, Azərbaycan hər bir ölkə üçün sınaq kimi dəyərləndirilən koronavirusdan sonadək  az itki ilə çıxacaq,  postpandemiya dövründə   yeni iqtisadi model tətbiq ediləcək,  iqtisadiyyatın şaxələndirilməsi siyasətinin uğurla həyata keçirilməsi nəticəsində  yaranmış çətinliklər qısa zamanda aradan qalxacaq.

    Daim qeyd etdiyimiz kimi, hər bir məsələnin həlli onun mahiyyətinin düzgün dərk olunmasından, maarifləndirmə işinin lazımi səviyyədə həyata keçirilməsindən asılıdır. Bugünkü problemin virusla bağlı olduğunu nəzərə alsaq, dövlətimizin başçısı İlham Əliyevin qeyd etdiyi kimi, bu mübarizədə əsas yük həkimlərin üzərinə düşür: «Mən fürsətdən istifadə edərək Azərbaycan həkimlərinə təşəkkürümü bildirmək istəyirəm. Biz onların maddi təminatının yaxşılaşdırılması üçün əlavə tədbirlər görmüşük. Bildiyiniz kimi, koronavirus xəstələrinə xidmət göstərən həkimlərin maaşı 3, 4, 5 misli məbləğində artırılıb. Bu, dövlət tərəfindən həkimlərə göstərilən diqqətin təzahürüdür. Ancaq mən bilirəm və tam əminəm ki, həkimlərin əsas motivasiyası bu, deyil. Əsas odur ki, onlar öz vəzifə borcunu yerinə yetirmək istəyirlər. Onlar Hippokrat andına sadiqliklərini göstərmək istəyirlər. Onlar xalqımıza xas olan ən yüksək xüsusiyyətləri nümayiş etdirirlər və öz həyatlarını risk altına ataraq xəstələrə xidmət göstərirlər. Ona görə hər bir Azərbaycan vətəndaşı həkimlərə dəstək olmalıdır. O cümlədən koronavirusa yoluxmuş xəstələr başa düşməlidirlər ki, həkimlər belə ağır şəraitdə, sadəcə olaraq, yeriməyə çətinlik yaradan geyimlərdə, maskalarda onlara xidmət göstərirlər. Ona görə həkimlər ən yüksək qiymətə layiqdirlər. Həkimlərə həmrəylik və dəstək üçün müxtəlif aksiyalar keçirilir və keçiriləcək.»

      Dəstək çağırışlarının, maarifləndirmə  işinin yüksək səviyyədə həyata keçirilməsində cəmiyyətin güzgüsü kimi dəyərləndirilən  mətbuatın da üzərinə böyük məsuliyyət düşür. Koronavirus infeksiyasının yayıldığı, onun mübarizə tədbirlərinə start verildiyi ilk gündən KİV nümayəndələri öz üzərilərinə düşən vəzifəni layiqincə yerinə yetirmək üçün ciddi səylər göstəriblər. Karantin rejiminin tətbiqi dövründə istər iş yerlərində, istərsə də «Evdə qal» prinsipi əsasında evdə çalışan jurnalistlərimiz bütün səylərini maarifləndirici informasiyaların təbliğinə yönəldərək, virusun yayılma təhlükəsinin qarşısının alınmasında əsas amillərdən olan «Evdə ol, sağlam ol!», «Evdə qalaq həkimlərə dəstək olaq!», «Böyüklərimizə sahib çıxaq!» kimi çağırışların düzgün  çatdırılmasına öz töhfələrini veriblər. İstər yazılı, istərsə də elektron KİV-lərdə koronavirus pandemiyasının insanların sağlamlığına, ölkə iqtisadiyyatına vurduğu ziyanlar, hər bir ölkənin bu bəladan xilas olmaq üçün həyata keçirdiyi tədbirlər müqayisəli şəkildə təhlil olunaraq mütəmadi  ictimaiyyətə çatdırılır. İnformasiya bolluğu şəraitində hər kəs bu virusun yaratdığı və yarada biləcəyi fəsadlar barədə dolğun  məlumatlar əldə edərək, bundan nəticə çıxarmaq imkanındadır. Dövlətimizin, dövlətçiliyimizin möhkəmləndirilməsində oz payı olan mətbu orqanlar  koronavirus pandemiyasına qarşı Azərbaycan Prezidentinin, Nazirlər Kabinetinin həyata keçirdiyi tədbirlər planını, təsdiqlənən proqramların, qəbul olunan qərarların mahiyyətini əsaslı şəkildə ictimaiyyətə çatıdırır. Əsas məqsəd birliyimizin,  dövlət-vətəndaş həmrəyliyinin daha da möhkəmləndirilməsi, insanların düzgün maariflənməsi əsasında  öz sağlamlıqlarının keşiyində ayıq-sayıq dayanmalarına nail olmaqdır.  Düşünürük ki,  yazılı və elektron KİV-lərdə  təqdim olunan yazılarda, verlişlərdə əksini tapan məqamlar sağlamlığımızın təminatı ilə yanaşı, günbəgün möhkəmlənən Azərbaycanın davamlı inkişafına dəstəyin ifadəsidir. Bu baxımdan ki, məsuliyyət hissini artırmaqla, nizam-intizam qaydalarına yüksək səviyyədə əməl etməklə, birliyimizi möhkəmləndirməklə koronavirusa qalib gəlib əvvəlki həyata qayıtmaqla yeni-yeni hədəflərə doğru inamla addımlayaq. Mübarizə tədbirlərinə başlandığı gündən atılan addımların xronologiyasına diqqət yetirdikdə dövlətimizin bütün  insanlara diqqət və qayğısı, onların yanında olması, problemlərini yaşaması və həlli istiqamətində addımlar  özünü qabarıq şəkildə büruzə verir. Bağçaların, təhsil müəssisələrinin bağlanması, eyni zamanda, yaşı 65-dən yuxarı olan vətəndaşlara diqqət və qayğının ifadəsi olaraq onların evdən çıxmamalarına çağırışların edilməsi və karantin qaydalarında öz əksini tapması diqqətdən kənarda qalmadı. Gələcəyimiz olan gənclərimiz yeni texnologiyaların yaratdığı imkanlardan səmərəli istifadə etməklə öz biliklərini distant təhsil əsasında zənginləşdirdilər. Gənclər, eyni zamanda, geniş vüsət alan könüllülük  hərəkatının fəal iştirakçıları kimi  yaşı 65-dən yuxarı olan tənha yaşlıların qayğıları ilə maraqlandılar, onlara dəstək verdilər, maddi yardımların çatdırılmasına yardımçı oldular.   Həmçinin cənab İlham Əliyevin əfv Sərəncamı əsasında  yaşı 65-dən yuxarı olan 176 məhkumun azadlığa qovuşmasına imkan yaradıldı. Bu, dövlətimizin humanizm, insanpərvər siyasətinin  təntənəsi olmaqla yanaşı, bugünkü gündə də böyüklərimizə diqqətin nə dərəcədə prioritet olduğuna işıq saldı. Siyasi ekspertlərin, hüquqşünasların mətbuata açıqlamalarında dövlətimizin siyasətində insan amilinə yüksək dəyərin öz ifadəsini tapması, dövlətimizin  koronavirus təhlükəsinin geniş vüsət aldığı indiki şəraitdə cəzaçəkmə  müəssisələrində  olan  ahıllarımızın da yanında olması, onların qayğıları ilə yaşaması təqdir edildi. Cənab İlham Əliyevin bu humanist addımı ölkə mətbuatı ilə yanaşı, dünya mətbuatında da geniş şərh olundu,  koronavirus pandemiyasına qarşı mübarizə tədbirlərinin tərkib hissəsi kimi dəyərləndirildi.   

     Bu baxımdan kütləvi informasiya vasitələrinin ictimai fikrə təsir imkanlarının genişliyini nəzərə alaraq KİV nümayəndələri,  fəal sosial şəbəkə istifadəçiləri bu mühüm məqamı  unutmamalıdırlar  ki, mövcud qaydalar həm də cəmiyyətimizin informasiya təhlükəsizliyi  məsələsidir. Hər bir media orqanı, sosial şəbəkə istifadəçisi vətəndaşlar tərəfindən qaydalara riayət olunmasını malik olduğu potensiala uyğun təbliğ etməli,  cəmiyyətdə panika və ajiotaj yaranmasına yol verməməli, insanların narahatlığına səbəb olacaq məlumatlar, şayiələr yaymaqdan çəkinməlidirlər. Hamı bilməlidir ki, yalan, dezinformasiya xarakterli yazılar hansı halların yaşanmasına yol aça bilər.  İctimaiyyətdə yanlış fikrin formalaşdırılması məqsədi daşıyan və qəsdən bu qəbildən olan informasiyaların yayılmasını həyata keçirən kütləvi informasiya vasitələri bu halda  cəmiyyətin güzgüsü olan mətbuatın prinsiplərini kobud şəkildə pozduqlarını unutmamalıdırlar. Yenə də əsas tələb sosial məsuliyyətin artırılmasıdır. Unutmayaq ki, hər bir xəstəliyin qarşısının alınmasında əsas amil  qabaqlayıcı tədbirlərin düzgün həyata keçirilməsindən asılıdır.

        Mübarizə tədbirlərinin öz müsbət nəticəsini verməsi üçün  hər bir vətəndaşdan öz borcunu layiqincə yerinə yetirmək tələb olunmaqla yanaşı, məsuliyyəti daha çox çiyinlərində hiss edən peşə sahiblərinə dəstək olmaq da əsas çağırışlardandır.  Bugünkü gündə həkimlərdən sağlamlığın keşiyində daha ayıq-sayıq dayanmaq, ictimai asayişin keşikçiləri olan polislərimizdən karantin qaydalarına vətəndaşların daha yüksək səviyyədə və ciddi şəkildə riayət etmələrinə nəzarəti gücləndirmək, cəmiyyətimizin güzgüsü olan mətbuatdan obyektivlik, qərəzsizlik, vətənpərvərlik kimi prinsipləri qorumaq əsasında maarifləndirmə işinə böyük töhfələr vermək tələb edilirsə, hər bir vətəndaş da məsuliyyətini artırmalı, nizam-intizam qaydalarına riayət etməlidir. Tələb olunan qaydalar sadə, eyni zamanda, hər birimizin sağlamlığı üçün gərəklidir: Əllərimizi düzgün yuyaq, sağlamlığımızı qoruyaq, tibbi maskalardan istifadə etməyi unumayaq, sosial məsafəni gözləməklə həm özümüzü, həm də ətrafdakı insanları qoruyaq. Nəzərə alaq ki, insanların səmimiyyəti, xeyirxahlığı, mərhəməti, ən əsası soyuqqanlı olub-olmaması məsafə ilə ölçülmür. Məsafəni gözləməklə, özünütəcrid qaydalarına riayət etməklə də biri-birimizə istəyimizi nümayiş etdirə bilərik.

    Dövlətimizin başçısı İlham Əliyev və Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva  bu çağırışları edirlər  ki, birliyimiz, həmrəyliyimiz əsasdır.  Cənab İlham Əliyev xalqımızın birliyi, həmrəyliyi əsasında bu əminliyi də ifadə edir ki,  məsuliyyət də lazımi səviyyədə olacaq: «Belə olan halda, biz bu çətin sınaqdan az itkilərlə çıxa bilərik, öz vətəndaşlarımızın sağlamlığını qoruya bilərik. Bir daha həm özümüzə, həm bütün dünyaya nümayiş etdiririk ki, biz böyük xalqıq.»  Mehriban xanım Əliyeva «Xalqımızın həmrəy olmaq, insansevərlik   nümayiş etdirmək, diqqət və qayğı göstərmək bacarığı  hər birimizə ancaq  qürur hissi  yaşadır» fikirləri bir daha hər bir Azərbaycan vətəndaşına şəfqət, mərhəmət, humanizm, səxavət, xoş əməllər etmək, köməyə ehtiyacı olanın yanında olmaq kimi  ən yüksək  və ali keyfiyyətləri aşılayır:  «Bu məsələyə laqeyd yanaşmayan bütün insanlara, yaxınlarına kömək göstərən, xeyirxahlıq edən hamıya minnətdaram. Uca Tanrı yaxşı əməl sahiblərinin savabını artıracaqdır!»

    Bir olaq, koronavirusun birdəfəlik həyatımızdan çıxmasına, yenidən əvvəlki həyata qayıtmağımıza nail olaq.

Yeganə Əliyeva,

«İki sahil»