18 may 2018 00:27
1064

Sahibkarlara güzəştli şərtlərlə nə qədər kredit veriləcək?

Kapital qoyuluşu iqtisadi inkişafın təməl daşlarından biridir. Yatırılan sərmayə yeni istehsal və xidmət sahələrinin, iş yerlərinin açılması ilə nəticələnir. Bu da məhsul istehsalının artırmına, əhalinin sosial-rifahının yaxşılaşmasına təkan verir.

Son 15 ildə ölkəmizin iqtisadiyyatına 231 milyard dollar sərmayə qoyulub ki, bunun yarısını xarici sərmayə təşkil edib. Xarici sərmayənin qoyuluşu, əlbəttə, hər bir ölkə üçün ən vacib amillərdən biridir. Bu, hər şeydən əvvəl, həmin ölkəyə, onun sabahına olan inamdan irəli gəlir. Çünki gələcəyi müəyyən olunmayan ölkəyə heç bir dövlət, heç bir sahibkar investisiya qoymur və qoymaz da.

Həm də ölkəmizdə çox gözəl investisiya iqlimi vardır. Həm iqtisadi-siyasi sabitlik, həm də ölkəmizdə həyata keçirilən önəmli layihələrin kommersiya cəlbediciliyi xarici sərmayənin cəlb edilməsinə əlavə stumul verir. Bu mənada Azərbaycan artıq dünya miqyasında sərmayə qoyuluşu üçün çox cəlbedici ölkəyə çevrilib. Elə bu kimi üstünlüklərə görə, Davos Dünya İqtisadi Forumu Azərbaycanı rəqabətqabiliyyətliliyinə görə dünya üzrə 35-ci yerə layiq görüb. İnkişafda olan ölkələr arasında inklüziv inkişaf indeksinə görə isə respublikamız üçüncü yerdədir.

Təbii ki, bütun bunlar, bu hər şeydən əvvəl, Azərbaycanı dünya miqyasında müstəqil siyasət aparan ölkələrdən birinə cevirən dövlətimizin başçısı cənab İlham Əliyevin həyata keçirdiyi uğurlu siyasətin nəticəsidir. Məhz onun bu siyasəti sayəsində iqtisadiyyatımız güclənir. Təbii ki, iqtisadi potensialımız siyasi gücümüzü də artırır,  bölgədəki vəziyyətimizi möhkəmləndirir. Digər tərəfdən, beynəlxalq aləmdə Azərbaycanı söz sahibi edir, həmçinin yeni uğurlara imza atmasına şərati yaradır. Artıq Azərbaycanın Avropanın enerji xəritəsini dəyişdirməsi, nəqliyyat-logistika mərkəzinə cevrilməsi dediklərimizə əyani sübutdur.

Onu da qeyd edək ki, müstəqillik dövründə respublikamıza  yatırılan sərmayənin 93 faizi son 14 ilin payına düşüb. Sərmayə qoyuluşu ildən-ilə artır. Nazirlər Kabinetinin 2017-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında Prezident İlham Əliyev bildirib: “Əlbəttə ki, ilin əvvəlində dəqiq proqnoz vermək çətindir. Ancaq biz hesablamalar aparmışıq və təxminən 15 milyard dollar səviyyəsində sərmayə qoyuluşu gözlənilir. Bu rəqəm arta da bilər və biz çalışmalıyıq ki, bu, artsın”. 

Kapital qoyuluşunun bir forması da dövlət tərəfindən sahibkarlara güzəştli kreditlərin verilməsidir. Büdcədən heç bir xərc etmədən bu il sahibkarlara güzəştli şərtlərlə 170 milyon manat kredit veriləcək.

Son dövrlər sənaye parklarının təşkilinə də kifayət qədər investisiya qoyulur. Məsələn, ötən ilin sonunda Sumqayıt Kimya Sənaye Parkında 4 müəssisənin açılışı olub, 3 müəssisənin təməli qoyulub. Prezident İlham Əliyevin dedyi kimi, əgər biz hələ ki, inşası davam edən bütün layihələri də nəzərə alsaq, 2,7 milyard dollar sərmayə qoyuluşu nəzərdə tutulur.

Son araşdırmalara görə, 2018-ci ildə ölkə iqtisadiyyatına 15,9 milyard manat həcmində investisiya qoyuluşu proqnozlaşdırılır. Məlumat üçün bildirək ki, ötən il ölkə iqtisadiyyatına 14,6 milyard dollar sərmayə qoyulub. 2016-cı ildə isə iqtisadiyyata yatırılan yerli və xarici investisiyaların ümumi həcmi 11,7 milyard dollar təşkil edib.

Qvami Məhəbbətoğlu