03 iyul 2020 10:55
903

Tədbirlər özünü doğruldur

Xarici valyutaya tələbat azalmaqdadır

Bu ilin yanvar-iyun aylarında Azərbaycan Respublikasının Dövlət Neft Fondu (ARDNF) hərraclarda  4 milyard 10,2 milyon ABŞ dolları məbləğində valyuta satışı həyata keçirib ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 51,7 faiz çoxdur. Düzdür, Fond öhdəliklərini yerinə yetirmək məqsədilə valyuta satışı həyata keçirdiyindən satılmış valyutanın məbləği, ilk növbədə, xərcləmələrdən irəli gəlir. Lakin o da vurğulanmalıdır ki, ARDNF-ın 2020-ci il üzrə xərcləri 2019-cu illə müqayisədə artmayıb. Əksinə, Fondun ən böyük öhdəliyi dövlət büdcəsinə transfertdir ki, 2020-ci ildə bu istiqamətdə xərcləmənin məbləği ötən illə müqayisədə 0,1 faiz azdır. Ancaq görünən odur ki, Fond ilin birinci yarısında cari ildə satmalı olduğu valyutanın 59 faizini artıq satıb. Nəticədə Neft Fondunun öhdəliklərinin aylar üzrə bölgüsünü nəzərə alanda bu, xüsusən də dövlət büdcəsinə transfertin vaxtından əvvəl həyata keçirilməsidir.   

Məsələnin digər tərəfi isə valyuta satışının hansı səbəbdən artmasıdır. Əslində bu sualın cavabı heç kəsə sirr deyil. Məlum məsələdir ki, mart ayında xarici valyuta ilə bağlı yaranmış süni ajiotajın tələbi artırması Fondu daha çox valyuta satışı həyata keçirməyə sövq etmişdi. Qeyd edək ki, Fondun 6 ay ərzində satdığı valyutanın az qala yarısı- 48 faizi mart ayının payına düşüb. Ümumilikdə yarım ildə satılmış xarici valyutanın məbləğinin 69 faizi birinci rübdə reallaşıb.   

Sonrakı aylarda- aprel, may, iyun aylarında isə xarici valyutaya tələbat mart ayı ilə müqayisədə əhəmiyyətli dərəcədə azalıb. Fondun 2020-ci ildəki xərcləmələrinin ən yüksək həddinin 6,8 milyard ABŞ dolları olacağının  nəzərə alanda aprel ayında valyuta satışı aylıq göstəricidən 6,16 faiz, mayda 41 faiz, iyunda isə 34 faiz az olub. Bir sözlə, xarici valyutada gəlirlərin azalmasına rəğmən milli valyutanın məzənnəsində sabitliyin davam etməsi özünü xarici valyutaya tələbin azalmasında göstərir.

Tələbi azaldan digər amil isə heç şübhəsiz ki, tələbin artması fonunda ölkədə valyuta əməliyyatlarına nəzarətin gücləndirilməsidir. “Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” Azərbaycan Respublikası Qanununun 7.1-ci maddəsinə müvafiq olaraq, 20 000  manat və ya ona ekvivalent xarici valyuta məbləğinə bərabər və ya bu məbləğdən yuxarı valyuta əməliyyatları barədə məlumatlar maliyyə monitorinqi orqanına təqdim olunur. Həmçinin Cinayət Məcəlləsinin 193-1-ci maddəsinə əsasən, cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılması cinayət məsuliyyətinə səbəb olur. Buraya xüsusilə də vergidənyayınma ilə əldə edilmiş vəsaitlər aiddir. Məsələ burasındadır ki, ölkədə kölgə iqtisadiyyatı ilə mübarizə tədbirləri davam edir və məlum məsələdir ki, bu yolla əldə edilən vəsaitlər nəzarətdənkənar olduğundan onlar valyuta bazarı üçün də böyük risk daşıyır. Bu, özü-özlüyündə dollar almaq üçün banklara üz tutan şəxslərə bir işarədir. Hərçənd ki, belə şəxslər arasında leqal yolla əldə etdiyi nağd vəsaiti xarici valyutada saxlamaq seçimi edənlər də az deyil.

Ancaq o da qeyd edilməlidir ki, dövlət büdcəsinə transfert və digər xərclər Neft Fondunun qanunla müəyyən edilən öhdəliyi olsa da, xarici valyutaya tələbin yüksək olacağı təqdirdə belə, bu, öhdəliyin də buna paralel olaraq artacağı demək deyil.

Ceyhun Piriyev,

“İki sahil”