KÖŞƏ

Nigar Orucova

Sağlamlığımızı qorumaq istəyiriksə...

04 iyul 2020 10:47
3120

Yeni növ koronavirus pandemiyasının təsirlərindən mümkün qədər qorunmaq üçün bütün tələblərə riayət olunmalıdır. Hazırkı dövrdə pandemiya ilə səmərəli mübarizə bilavasitə vətəndaşların davranışı və məsələyə məsuliyyətlə yanaşmasından, eləcə də fəaliyyətinə icazə verilən sahələrdə rəhbər şəxslərin karantin rejimi qaydalarına riayət etməsindən birbaşa asılıdır. Azərbaycanda pandemiyanın başlamasından sonra ciddi karantin tədbirləri həyata keçirildi və bunun nəticəsində həm vətəndaşların təhlükəsizliyi təmin olundu, həm də aidiyyəti qurumlar öz hazırlıq işlərini görə bildilər. Lakin məsuliyyətsiz davranışlar, xüsusi karantin rejiminin yumşaldılmasından sui-istifadə hallarının artması koronavirusun daha geniş yayılmasına şərait yaratdı. Vəziyyətin kifayət qədər ciddi və təhlükəli olması dövlət başçısının yenidən bu məsələyə diqqət çəkməsini zəruri edib. Ümumiyyətlə, pandemiya yayılmağa başlayandan və Azərbaycanda qeydə alındığı vaxtdan Prezident İlham Əliyev bu məsələyə xüsusi həssaslıqla yanaşıb və hətta bir neçə dəfə həm dövlət başçısı, həm də Birinci vitse-prezident Mehriban Əliyeva xalqa müraciət edərək vətəndaşlarımızı daha məsuliyyətli, daha tədbirli olmağa çağırıblar. Təbii ki, xüsusi karantin rejiminin tətbiqi həm ölkə iqtisadiyyatına, həm də dövlət büdcəsinə xeyli ziyan vurur. Amma buna baxmayaraq, Prezident İlham Əliyev vətəndaşların sağlamlığının daha vacib olduğunu önə çəkərək, insanların sağlamlığı üçün belə bir addımın atıldığını qeyd edib. Belə halda vətəndaşlar da öz növbələrində məsuliyyətli olmalı, pandemiyanın daha çox yayılmasının qarşısını almaqdan ötrü qaydalara riayət etməlidirlər.

Təəssüf hissi ilə qeyd edilməlidir ki, hələ də bu dəhşətli xəstəliyə ciddi yanaşmayan insanlar var. Bəzi vətəndaşlar tibbi maskanı üzə taxmaq əvəzinə çənələrinə taxır, ciblərində, avtomobildə saxlayırlar. Əslində isə insanlar koronavirusun nə qədər dəhşətli xəstəlik olduğunu dərk edərək tibbi maskadan istifadə etməlidirlər. Hər kəs nəinki qaydalara riayət etməli, hətta ətrafındakı insanları da qaydalara riayət etməyə səsləməlidir. “Hər kəs özündan başlamalıdır” devizi əsas götürülərək maska taxılmalı, sosial məsafə saxlanılmalı və dezinfeksiya-gigiyena qaydalarına əməl edilməlidir.

Açıq demək lazımdır ki, məhz bu qaydalara riayət olunmamasının nəticəsidir ki, koronavirus təkcə Bakı şəhərində tüğyan etməklə kifayətlənmədi, bölgələrimizə də ayaq açdı və sərt karantin rejimi yenidən tətbiq olundu. Xatırladaq ki, Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən yeni növ koronavirus pandemiyasının yayılması ilə bağlı sanitar-epidemioloji vəziyyətin təhlilinə əsasən xüsusi karantin rejimi iyulun 20-dək uzadılıb. Diqqəti cəlb edən əsas məqam ondan ibarətdir ki, bu dəfə xüsusi karantin rejimi tətbiq edilən rayon və şəhərlərin sayı artırılaraq 16-ya çatıb. Beləliklə, COVID-19 virusunun yayılma sürətinin azaldılması, eləcə də onun törədə biləcəyi fəsadların minimuma endirilməsi məqsədilə Goranboy, Göygöl və Mingəçevir şəhərləri, Bərdə, Xaçmaz, Samux, Siyəzən və Şəki rayonları daxil olmaqla, Bakı, Cəlilabad, Gəncə, Lənkəran, Masallı, Sumqayıt, Yevlax şəhərlərində və Abşeron rayonunda xüsusi karantin rejimi 2020-ci il 20 iyul tarixinə qədər uzadılıb. Bu müddət ərzində Bakı Metropolitenində sərnişindaşıma fəaliyyəti dayandırılacaq, xüsusi karantin rejiminin sərtləşdirildiyi şəhər və rayonlarda həftəsonları bütün ictimai nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq. Operativ Qərargah, eyni zamanda, mövcud sanitar-epidemioloji vəziyyətdən irəli gələrək bir daha hamını şəxsi gigiyena, eləcə də tibbi-profilaktik qaydalara əməl etməyə, özünü və yaxınlarını virusa yoluxmaqdan maksimum qorumaq üçün preventiv tədbirlərin şərtlərinə əməl etməyə çağırıb.

Halbuki koronavirus təhlükəsi nəzərə alınmaqla üç sadə qaydaya - maska taxmaq, sosial məsafə saxlamaq və dezinfeksiya-gigiyenik qaydalarına riayət etməklə pandemiyanın sürətlə yayılmasının qarşısını almaq mümkün idi. Yeri gəlmişkən qeyd edək ki, mütəxəssislərin rəyi və beynəlxalq təcrübə deməyə əsas verir ki, nə qədər ki, COVID-19 virusun müalicə metodu tapılmayıb, yuxarıda sadalanan üç qaydaya riayət etməkdən başqa çıxış yolu yoxdur.

Göründüyü kimi, öz sağlamlığımız, təhlükəsizliyimizi qorumaq öz əlimizdədir. Ya bütün qərarlara, qaydalara əməl edib hamılıqla virusa qarşı birgə mübarizə aparmalı, ya da onun ölkəmizdə daha çox can almasına yol açmalıyıq.