13 iyul 2020 17:22
1026

Prezident İlham Əliyev beynəlxalq əməkdaşlığa və həmrəyliyə töhfə verən nadir şəxsiyyətdir

“Modern dünyada  problemlərin, mübahisəli məsələlərin həlli yolları siyasi yanaşma və diplomatik münasibətlərdən keçir. İndi dövlətlərin və nüfuzlu beynəlxalq təşkilatların əsas məqsədi ortaya çıxan problemlərin həllini sülh, əmin-amanlıqla axtarıb tapmaqdır. Belə olan halda dünyada mövcud dövlətlərin rəhbərlərinin diplomatik qabiliyyətləri daha ciddi əhəmiyyət daşımağa başlayır. Azərbaycan xalqı və bütün dünya ictimaiyyəti Prezident İlham Əliyevin  diplomatik qabiliyyətinə hələ uzun illər əvvəl bələd olub, yüksək qiymətləndirmişdi.  Cənab İlham Əliyev dünya siyasətinin mahiyyətini dərindən anlayan, beynəlxalq əməkdaşlığın vacibliyini dərk edən və bu əməkdaşlığa öz töhfəsini verən nadir şəxsiyyətlərdəndir. Cənab Prezident üçün istər daxili siyasi sferada, istərsə də xarici diplomatiya sahəsində yalnız bir əsas məqam var ki, o da Azərbaycan xalqının milli və dövlət maraqlarıdır. Prezident İlham Əliyev üçün Azərbaycan xalqından, onun təhlükəsizliyindən, sağlamlığından vacib bir məfhum yoxdur. Azərbaycan xalqının maraqları onun həyat qayəsidir.”

Bu fikirləri “İki sahil”ə açıqlamasında Yeni Azərbaycan Partiyası (YAP) Suraxanı rayon təşkilatının məsləhətçisi Ənvər Haqverdiyev deyib.

Ə.Haqverdiyev  bildirib ki, bu gün dünyanın bəlkə də dünya müharibələrindən sonra ən çətin vəziyyətlərindən biridir. Əgər biz dünya dövlətləri, xalqları koronavirusla mübarizədə birləşməsək, virusun böhranlı halı tezliklə ötən əsrin dünya müharibələrində həlak olan adamlarından daha çox can alacaqdır. Bəlkə də, bu, obrazlı desək növbəti “ dünya müharibəsidir” ki, bizlər şahidlik edirik: “Hazırda dünya koronavirusla bağlı çox ciddi fəsadlarla qarşı-qarşıyadır. Ola bilsin ki, digər dövlətlər və dövlət başçıları bu bəlanın hələ də fərqində deyillər. Azərbaycan Prezidentinin pandemiya ilə mübarizə dönəmində həmrəylik və birlik çağırışı etməsi  xalqımızın bəşəri dəyərlərə  sadiqliyindən  xəbər verir. Dünya dövlətləri bir çox məqamlarda bütün güclərini yalnız öz problemlərinə həsr etdiyi zamanda cənab Prezident İlham Əliyev böyük humanizm göstərərək bütün imkanlarımızı dünya xalqları ilə paylaşmağa hazır olduğunu ifadə etdi. Dəfələrlə müxtəlif beynəlxalq arenalarda, keçirdiyi videokonfrans formatında görüşlərdə koronavirusla mübarizənin Azərbaycan modelindən bəhs edən Azərbaycan Prezidenti dünyanın da bu  təcrübələri öyrənməsinin vacibliyini ifadə etmişdir. Qoşulmama Hərakatının sədri kimi cənab İlham Əliyev dünya tarixində bənzərinə çox az rast gəlinən diplomatik addım atdı. Öz sözünü, xalqının sözünü dünyanın sözü edə bilən Prezident İlham Əliyev həm böyük dövlət xadimi kimi, həm də böyük diplomat kimi bu sözləri tarixin səhifələrinə həkk edir.”

Həmsöhbətimiz onu da qeyd edib ki, dünya dövlətlərinin əksəriyyəti məhz Azərbaycanın təşəbbüsləri sayəsində başa düşdülər ki, əməkdaşlıq etmək və həmrəy olmaq lazımdır: “Bu gün Azərbaycan Prezident İlham Əliyevin sayəsində BMT-nin Baş Assambleyasına təklif və təşəbbüs verən, təklifləri qəbul olunan və təşəbbüsləri dəstəklənən bir ölkəyə çevrilmişdir. Hamımıza məlumdur ki, BMT-nin Baş Assambleyasının xüsusi sessiyasının gündəliyi məlum olmuşdur. Bu da o deməkdir ki, cənab Prezidentin mötəbər təşəbbüsünün həyata keçməsi üçün artıq real addımlar atılmaqdadır. Son günlər  daha da artan beynəlxalq nüfuzumuz və hərbi qüdrətimiz işğalçı Ermənistanın daha da azğınlaşmasına, həddini aşmasına səbəb olmuşdur. Çünki dünya elitasının Ermənistanın yeni rəhbərliyinə olan etimadı doğrulmadı. Azərbaycan Prezidentinin dünyaya verdiyi humanist töhfələr Azərbaycanla Ermənistan arasında siyasi saldonu hər zaman olduğu kimi, xeyrimizə formalaşdırmış oldu. Fikrimcə, Azərbaycan Respublikasının Prezidentinin dünya arenasında artan diplomatik nüfuzu Dağlıq Qarabağ probleminin beynəlxalq hüquq normaları çərçivəsində həll edilməsinə öz müsbət təsirini mütləq göstərəcəkdir.”

Yaqut Ağaşahqızı, “İki sahil”