10 avqust 2020 10:44
1522

Həyat mənbəyi olan su ilə bağlı bilmədiklərimiz

1973-cü ildən bəri 22 mart dünya su resursları günü kimi qeyd edilir. Su Yer üzündə məhdud həcmdə olan, lakin canlı orqanizmlər üçün həyati vacib olan bir resursdur. Bundan əlavə, su unikal xüsusiyyətlərinə görə həddindən artıq heyrətamizdir. Aşağıda çox sadə, eyni zamanda da çox sirli olan su ilə bağlı maraqlı faktlarla tanış ola bilərsiniz: Bilirik ki, planetimizin sahəsinin 70%-i sudur, lakin onun cəmi 3%-i içməli su ehtiyatlarıdır. Çox hissəsi isə buzlaqlarda yerləşdiyindən istifadəsi mümkün deyil. İsti su soyuq sudan daha tez donur. Bu təcrübələr nəticəsində sübut edilsə də, alimlər hələ də səbəbini bilmirlər. Çox saf su 42 dərəcəyə qədər donmaya bilər. Su donarkən buz adətən, suyun kənarına yığılmış çirk hissəciklərindən yaranmağa başlayır. Suyun da yaddaşı var. Tədqiqatlar zamanı məlum olub ki, su öz əhatəsində olan bütün informasiyanı yazır. Bu prosesi alimlər “su yaddaşı” adlandırırlar. Ürək sağlamlığı üçün kifayət qədər su içmək önəmlidir. Təcrübələr göstərir ki, gün ərzində 6 stəkan su içən insanlar 2 stəkan su içənlərlə müqayisədə daha sağlam ürəyə sahib olurlar. Dehidrasiya orqanizmin bədən çəkisinin 2%-nə bərabər su itirdiyi zaman baş verir. Bədən çəkisinin 10%-dən çoxunda dehidrasiya baş verdikdə həyat üçün təhlükəli hal yaranır. Bütün ömrü boyu bir insan orta hesabla 35 ton su içir. Oksigendən sonra orqanizm üçün ən vacib element sudur. Yer üzündə bir milyarddan çox insan təmiz suya həsrətdir. Yer kürəsinin hər altı sakinindən biri doyunca su içməyi arzulayır. Ölkəmizdə su kranını açıb birbaşa su içə bilirik, ancaq dünyanın çox regionu üçün içməli su bir lüksdür.

Son 50 il ərzində su ilə bağlı dünyada 507 konflikt baş verib, onlardan 21-i hərbi qarşıdurmalarla nəticələnib. “YUNESKO”nun 2003-cü ildə yaydığı məlumata görə, dünyada ən təmiz su Finlandiyadadır. İkinci yerdə Kanada, üçüncü yerdə isə Yeni Zelandiya dayanır. İndi hər bir qitənin çirklənmə səbəbindən istifadəyə yararsız hala düşmüş “ölü” çayları var. Məsələn, Banqladeşdə Qanq çayının qollarından biri olan Buriqanqa çayı rəsmi olaraq “ölü”dür. Missisipinin ağzındakı körfəz praktik olaraq ölüdür: təmizləyici sistemlərin olmasına baxmayaraq orada demək olar ki, heç bir orqanizm sağ qalmır. Dünyanın ən çirkli çayı Yava adasındakı Sitarumdur. 2050-ci ilədək Dünya Okeanının suyunun turşuluğu 150%-ə qalxacaq. İqlim dəyişikliyi ilə bağlı Kopenhagendə keçirilən konfransda həddindən artıq turşuluğun su ekosistemində dəyişilməz izlər qoyacağı açıqlanıb. İl ərzində bir insan qida məqsədilə orta hesabla 60 tonadək su istehlak edir. Bir kiloqram kartof yetişdirmək üçün 100 litr, bir kiloqram düyü yetişdirmək üçün 4000 litr su, 1kq mal əti əldə etmək üçün 13000 litr su tələb olunur. Bir qamburgerin hazırlanmasına isə 2400 litr su lazımdır. Dünya okeanlarına ildə 260 milyon ton plastik məhsul atılır. Hər gün iki milyon ton insan tullantısı təbii su obyektlərinə daxil olur. Çirklənmiş yeraltı sular bir neçə minilliklər ərzində təmizlənir.

Nubar Süleymanova, “İki sahil”