KÖŞƏ

Cavid Əkbərov

Radikallar milli mövqedən çıxış etsəydilər...

18 avqust 2020 17:44
2261

Xəbər verildiyi kimi, Prezident İlham Əliyev rusiyalı həmkarı Vladimir Putinlə son telefon danışığında Rusiyanın Ermənistana hərbi dəstəyini artırmasından narahatlığını bildirdi.

Bu məsələ Prezident İlham Əliyevin Azərbaycanın dövlət və milli təhlükəsizlik maraqlarına necə prinsipial və güzəştsiz söykəndiyini bir daha göstərdi. Bir daha gördük ki, Prezident İlham Əliyev Azərbaycanın maraqları naminə heç bir zəruri addımı atmaq fürsətini buraxmır və istənilən dövlət başçısı ilə müzakirələrdə Azərbaycan üçün ümdə sayılan məsələləri qətiyyətlə qaldırır.

Dövlət başçısı İlham Əliyev telefon söhbətində Rusiyanın hərbi təyyarələrinin hərbi texnika ilə dolu yükləri Ermənistana Qazaxıstan, Türkmənistan və İran səmasından daşıdığını söyləməklə Azərbaycanın mövqeyini növbəti dəfə ortaya qoydu. Ölkə başçısı bununla bir daha dövlətin milli maraqlarını qoruduğunu və bu məsələdə kiməsə güzəştə getməyəcəyini sübut etdi. Prezidentin sözügedən məsələ ilə bağlı Rusiyanın dövlət başçısına mövqeyini bildirməsi sözsüz ki, böyük tarixi siyasi hadisədir.

Ancaq maraqlıdır ki, sözügedən məsələ ilə bağlı bizim radikal düşərgədən bir səs çıxmadı. Həmin radikallar bu vaxta qədər Rusiyanı Qarabağ məsələsində yıxıb sürümürdülər? Hər dəfə gur səslə bəyan edirdilər ki, Azərbaycan hakimiyyəti işğalçı Ermənistanın arxasında duran Rusiyanın adını çəkməkdən, bu ölkəni tənqid etməkdən çəkinir. İsrarla bəyan edirdilər ki, Azərbaycan Rusiyanı da sözügedən məsələyə görə ittiham etməlidir. Maraqlıdır, bir zamanlar Azərbaycan hakimiyyətini bu məsələdə ittiham edən radikallar cənab Prezident İlham Əliyevin məlum açıqlamasından sonra niyə susublar?

Sözsüz ki, radikalların sərgilədikləri mövqe heç zaman səmimi və birmənalı olmayıb. Onlar heç vaxt xalqın mənafeyindən çıxış etməyiblər. Ona görə də ümummilli məsələlərdə hər zaman pozucu mövqe tuturlar. Belə ki, radikallar Dağlıq Qarabağ münaqişəsinin yaranmasına, problemin həll edilməməsinə görə məhz Rusiyanı ittiham edirlər. Eyni zamanda, haqsızcasına bu məsələdə Azərbaycan hakimiyyətini də günahlandırırlar.

Halbuki, Prezident İlham Əliyev böyük siyasətçi olaraq Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı nə mümkündürsə, onu edir. Radikal müxalifət isə satılmış antimilli qüvvələr olduğuna görə Prezidentin mövqeyini susqunluqla izləyir. Qərbdəki dairələr nə sifariş verirsə, onu da icra edirlər. Məsələnin kökündə dayanan əsas faktor məhz bununla bağlıdır. Onlar milli mövqedən çıxış etsəydilər, dərhal siyasi ambisiyalarını bir kənara atıb Prezidentin ətrafında birləşərdilər. Ən azından, Rusiya Prezidenti ilə son telefon danışığında Ermənistanın silahlandırılmasi ilə bağlı dövlət başçısı İlham Əliyevin səsləndirdiyi iradı dəstəkləyərdilər. Ancaq onlar bunu etməyərək xaincəsinə prosesləri susqunluqla izləməyi üstün tutdular. Məlum mövqe bir daha radikalların iç üzünü ortaya qoydu.

Məhərrəm Ağalaroğlu
Anama məktub
Elşad Miraləm
BİZ KİMİK?