KÖŞƏ

Cavid Əkbərov

Xarici ticarət əməliyyatlarının həcmi 15 milyard dolları keçib

31 avqust 2020 18:03
6009

Pandemiyanın təsirlərinə baxmayaraq, Azərbaycanın ümumi ticarət dövriyyəsində ciddi artım meyilləri özünü göstərir. Cari ilin yanvar-iyul aylarında da COVID-19-un müəyyən çətinliklərinə baxmayaraq, respublikamızın xarici ticarət əməkdaşlığında müsbət meyillər qeydə alınıb.

Xarici ticarət dövriyyəsinin 89,1 faizi İtaliya, Türkiyə, Rusiya, Çin, Ukrayna, ABŞ, Almaniya, Hindistan, İsrail, Gürcüstan, Yunanıstan, Xorvatiya, Çexiya, Vyetnam, İspaniya, İran, Tunis, Birləşmiş Krallıq, Fransa, Avstriya, Portuqaliya, İsveçrə ilə aparılmış ticarət əməliyyatlarının payına düşüb. Belə ki, iyul ayında ixracat və mal idxalı həcmində artım tendensiyası davam edib və yeddi ayın yekunlarına görə xarici ticarət əməliyyatlarının həcmi 15 milyard dolları keçib. Diqqətçəkən məqam odur ki, iyul ayında xarici ticarət dövriyyəsi 62 faiz artıb. İyul ayında bəyan edilmiş mal ixracatı (1 milyard 444 milyon dollar) iyun ayı ilə müqayisədə iki dəfə artıb. Aylıq idxal həcmi (911,1 milyon dollar) 10,6 faiz artıb. İyul ayında aylıq ticarət dövriyyəsinin həcmi may ayındakı göstəricini (1 milyard 448 milyon dollar) 62 faiz keçib. Bütün bunlar ticarət dövriyyəsində ciddi artımın baş verməsi deməkdir.

Ümumilikdə, sadalanan göstəricilər hökumətin ölkədə investisiya fəaliyyətinin genişləndirilməsini, biznes mühitinin yaxşılaşdırılmasını, sənaye istehsalının artırılmasını və qeyri-neft sektorunun inkişaf etdirilməsini daim diqqətdə saxlamasından xəbər verir. Bununla bağlı qarşıya qoyulan əsas vəzifələr isə sahibkarların ixrac potensialının gücləndirilməsi, potensial tərəfdaşların tapılması və birgə əməkdaşlıq layihələrinin həyata keçirilməsidir.

Ekspertlər pandemiya şəraitində ticarət dövriyyəsində müşahidə edilən bu ciddi artımı yüksək dəyərləndirirlər. İyul ayında istər ticarət tərəfdaşları olan ölkələrdə, istərsə də Azərbaycanda yumşalmalar baş verdi. O səbəbdən xarici ticarət dövriyyəsində artım dinamikası özünü göstərməyə başladı. Səbəblərdən biri bununla bağlıdır. Digər tərəfdən, müsbət dinamika onun göstəricisidir ki, xüsusi karantin rejimi və pandemiya hansı sahələrdə birbaşa problem yaratmırsa, həmin sahələrdə dinamikada artım baş verir. Bu isə o deməkdir ki, iqtisadiyyatın bir sıra sahələrində canlanma prosesi davam edir, biznes mühitini qoruyub saxlamaq mümkün olub. Bütün hallarda, ümumi ticarət dövriyyəsində müşahidə olunan artım tendensiyası təqdirəlayiq haldır.

Ekspertlər qeyd edirlər ki, sözügedən dinamik artım davamlı olacaq və proseslər bu cür davam edərsə, növbəti aylarda ticarət dövriyyəsində artım daha çox olacaq.

Məhərrəm Ağalaroğlu
Anama məktub
Elşad Miraləm
BİZ KİMİK?