KÖŞƏ

Cavid Əkbərov

COVID-19: Üç qızıl qaydaya əməl etməsək...

25 sentyabr 2020 17:44
2388

Bu gün koronavirusa qarşı mübarizə Azərbaycan hökumətinin gündəliyində birinci sırada dayanır. Prezident İlham Əliyevin tapşırığı ilə bütün dövlət strukturları virusun yayılmasının qarşısının alınmasına səfərbər edilib. Vaxtında lazımi qabaqlayıcı tədbirlər görülür, tövsiyələr verilir, səhiyyə müəssisələri ən zəruri avadanlıq və tibbi ləvazimatlarla təchiz edilir. Əhalinin virusa yoluxmaması üçün maarifləndirmə işləri aparılır. Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) ilə mütəmadi əlaqələr saxlanılır, onun tövsiyələri səhiyyə qurumlarına və əhaliyə çatdırılır. Bir sözlə, virusa yoluxma hallarının qarşısının alınması sahəsində bütün mümkün addımlar atılır, qabaqlayıcı tədbirlər görülür və etiraf etmək lazımdır ki, həyata keçirilən işlər sayəsində yaxşı nəticələr göz önündədir.

Hazırda dünya ölkələri COVID-19 pandemiyasına qarşı mübarizə yolları axtarmaqdadır. Bəzi ölkələr koronavirus peyvəndi icad etdiklərini bildirirlər. Lakin virus hələ də can almaqda davam edir. Virusun yayıldığı ilk dövrdə isti havada məhv olacağı ilə bağlı fikirlər səslənirdi. Ancaq geridə qoyduğumuz isti aylarda bunun şahidi olmadıq. Əksinə, virusa yoluxanların sayı artdı.

Qarşıdan soyuq aylar gəlir. Nəzərə almaq lazımdır ki, payız fəslində insanların immuniteti aşağı düşdüyü üçün qripə yoluxma halı da artır. ÜST-ün rəsmisi koronavirusun ikinci dalğası ilə bağlı dünya ölkələrinə xəbərdarlıq edib. Belə ki, soyuq havada virusun yenidən aktivləşəcəyi ilə bağlı dünya ölkələrinə müraciət edilib.

Əlbəttə ki, ÜST-ün dünya ölkələrini xəbərdar etməsinin kifayət qədər əsası var. ABŞ, Hindistan, Braziliya kimi ölkələrdə yeni yoluxanların və ölənlərin sayı sürətlə artmaqdadır. Bəzi ölkələrdə ikinci dalğa başlayıb və bu, Azərbaycanda da baş verə bilər. Koronovirusdan sağalan şəxslərin təkrar yoluxması kimi məlumatlar da mətbuata sızır. Aydındır ki, COVID-19 soyuq havada daha tez yayılır. Qarşıdan gələn payız-qış aylarında vətəndaşlarımızdan daha diqqətli olmaq, gigiyenik qaydalara əməl etmək, sosial məsafəni qorumaq və tibbi maskadan istifadə etmək tələb olunur. Bu üç qızıl qaydaya riayət etmək, özümüzü və yaxınlarımızı qorumaq deməkdir. Həmçinin bu zaman səhiyyə sistemi artıq yüklənməz və dövlətimizin maliyyə vəsaitlərinə də qənaət etmiş olarıq.

Unutmamalıyıq ki, bəşəri kabus hələ də aramızda dolaşmaqda, fəlakətlər yaratmaqda, insan həyatını riskə atmaqda davam edir. Qaydalara əməl etməmək, virusun yenidən geniş yayılmasına səbəb ola bilər. Bu halda karantin rejiminin yenidən daha da sərtləşdirilməsi lazım gələcək. Həyata keçirilən tədbirləri, işləri yarımçıq qoymamaq və əldə olunan nəticələri davam etdirmək, uğurlu sonluğa çatmaq üçün karantin rejiminin bütün qaydalarına riayət etmək başlıca zərurətdir.