KÖŞƏ

Nigar Orucova

Xalqımız öz ordusuna güvənir

29 sentyabr 2020 17:52
2511

Ermənistan dövlətinin faşıst, irqçi və terrorçu mahiyyətə malik olması inkaredilməz həqiqətdir. Beynəlxalq hüquq normalarını kobud surətdə pozan bu ölkə, eyni zamanda, işğalçı siyasətini davam etdirməklə sivil dəyərlərə məhəl qoymur, pandemiya şəraitində də təxribatçı fəaliyyətini davam etdirir. 27 sentyabr saat 6.00 radələrində Ermənistan silahlı qüvvələrinin Azərbaycan – Ermənistan dövlət sərhədinin Füzuli, Cəbrayıl, Ağdam, Tərtər istiqamətində atəşkəs rejimini kobud şəkildə pozaraq artilleriya qurğularından istifadə etməklə mövqelərimizi atəşə tutmaları da bunun növbəti bariz nümunəsidir. Məqsəd bəhs olunan istiqamətdə mövqeləri ələ keçirmək olsa da, artilleriya, minaatan tankların tətbiqi ilə gedən döyüşlərdə bölmələrimizin dəqiq atəşi ilə düşmənin dayaq məntəqəsi, artilleriya qurğuları, hərbi hissəsi ərazisində avtomobil texnikası və canlı qüvvəsi məhv edilib. İşğalçı və terrorçu Ermənistanın növbəti təxribatının qarşısı qətiyyətlə alınıb, düşmənə layiqli cavab verilib.

Azərbaycan güclü orduya malikdir və Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin diqqət və qayğısı sayəsində həyata keçirilən uğurlu ordu quruculuğunun nəticəsidir ki, Azərbaycan Ordusu yüksək döyüş hazırlığı ilə qarşıya qoyulan istənilən tapşırığı yerinə yetirmək gücündədir. Ordumuz bu gün müasir texnika və silahlarla təmin olunub, ölkəmizin hərbi sənaye kompleksi inkişaf edir. Kadr potensialının inkişafı, orduda peşəkarlığın daim yüksəldilməsi Silahlı Qüvvələrimizin gücünü artıran çox əhəmiyyətli amildir. Bir sözlə, Azərbaycan Ordusunun hərbi – texniki təchizat səviyyəsi müasir tələblərə və NATO standartlarına uyğundur, kadr – mütəxəssis ehtiyatı isə öz vəzifələrini layiqincə yerinə yetirən peşəkarlardan ibarətdir.

Təqdirəlayiq haldır ki, bu gün xalqımız öz Ali Baş Komandanına və müzəffər ordusuna birmənalı dəstək nümayiş etdirir, torpaqlarımızın işğaldan azad olunacağına yüksək inamı var. Bununla yanaşı, Azərbaycanda fəaliyyət göstərən 50 siyasi partiya Ermənistan silahlı qüvvələrinin genişmiqyaslı təxribatına dair birgə bəyanat yayıb, həmçinin ölkəmizin qeyri-hökumət təşkilatları tərəfindən Birləşmiş Millətlər Təşkilatı, ATƏT, ATƏT PA, Avropa Şurası, AŞPA, NATO, NATO PA Avropa Komissiyası, Avropa Parlamenti, İslam Əməkdaşlıq Təşkilatı, TÜRKPA və digər beynəlxalq təşkilatlara bəyanat ünvanlanıb.

Azərbaycan Prezidenti cənab İlham Əliyev BMT Baş Assambleyasının 75-ci Sessiyasında videoformatda çıxışı zamanı işğalçı Ermənistanın yeni təxribat planları haqqında dünya ictimaiyyətini məlumatlandırdı. Dövlətimizin başçısı, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyev sentyabrın 27-də Azərbaycan xalqına müraciətində və Təhlükəsizlik Şurasının iclasında işğalçı Ermənistana layiqli cavab veriləcəyini bəyan etdi. Cənab Prezident bir daha vurğuladı ki, Azərbaycanın işi haqq işidir. Təmas xəttində atəşkəs rejiminin pozulmasına yönələn bu kimi təxribatçı hərəkətlər Ermənistanın çirkin, məkrli və təcavüzkar siyasətinin təzahürüdür və bunun məsuliyyəti işğalçı dövlətin hərbi-siyasi rəhbərliyinin üzərinə düşür.

Sentyabrın 27-də, həmçinin Milli Məclisin növbəti iclası keçirilib və iclasda “Hərbi vəziyyət elan edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin Fərmanı təsdiq edilib. Artıq cəbhədən sevindirici xəbərlər var. Müdafiə Nazirliyinin məlumatına görə, Azərbaycan Ordusu bütün cəbhəboyu uğurlu əks-hücum əməliyyatları həyata keçirir və düşmənə sarsıdıcı zərbələr endirir. Artıq düşmənin ön xətti yarılıb və Füzuli rayonunun Qaraxanbəyli, Qərvənd, Kənd Horadiz, Yuxarı Əbdürrəhmanlı, Aşağı Əbdürrəhmanlı, Cəbrayıl rayonunun Böyük Mərcanlı və Nüzgar kəndləri işğaldan azad edilib. Goranboy istiqamətində isə Murov dağ yüksəkliyi, eləcə də digər bir sıra strateji yüksəkliklər azad olunub.

Bu gün Azərbaycan sadəcə işğal altında qalan ərazilərinin azad olunmasını tələb edir. Lakin Ermənistan hələ də bu məsələdə inadkarlıq nümayiş etdirməsinə, üstəlik uşaqlarımızı, körpələrimizi hədəfə almasına və törətdiyi cinayətlərinə görə bu gün cavab verməyə məhkumdur. Azərbaycanın şanlı Silahlı Qüvvələri düşmən ölkənin mülki vətəndaşları ilə deyil, məhz terrorçu ordusu ilə müharibə aparır, layiqli cavablarını verir, ərazilərimizi azad edir.

Ekspertlərin fikrincə, məhz Ermənistan rəhbərliyinin ikiüzlü və riyakar fəaliyyətinin nəticəsində belə hadisələr baş verir. Bir tərəfdən Ermənistanda daxili vəziyyətin böhranlı həddə çatması, digər tərəfdən Azərbaycanın son zamanlar əldə etdiyi beynəlxalq uğurlar mənfur qonşumuzu çox narahat edir. Ermənistan hərbi bölmələrinin növbəti təxribatı Ermənistan hakimiyyətinin həm beynəlxalq ictimaiyyətin diqqətini aktual məsələlərdən yayındıraraq fərqli istiqamətə yönəltmək, həm də ölkə daxilində müşahidə olunan ciddi gərginliyi azaltmaq məqsədi güdür. Lakin dövlət başçımızın dediyi kimi “Tarixi ədalət bizim tərəfimizdədir. Çünki bu bizim doğma dədə-baba torpağımızdır. Beynəlxalq hüquq bizim tərəfimizdədir. Bütün beynəlxalq təşkilatlar Azərbaycanın ərazi bütövlüyünü tanıyır. Bütün ölkələr Azərbaycanın ərazi bütövlüyünü tanıyır”.

Şanlı ordumuzun işğalçı Ermənistanın təcavüzkar silahlı qüvvələrinin növbəti hərbi təxribatının qarşısını layiqincə alması, həmçinin işğal altındakı bir sıra əraziləri, strateji yüksəklikləri azad etməsi bir daha təsdiqlədi ki, Azərbaycan öz ərazi bütövlüyünü təmin etmək qüdrətindədir. Azərbaycan Silahlı Qüvvələrində sağlam mənəvi- psixoloji durum, ruh yüksəkliyi, özünəinam, güclü vətənpərvərlik hissləri hökm sürür. Bu səbəbdən cəmiyyətimiz Azərbaycan Ordusuna vahid mərkəzdən idarə olunan, maddi- texniki bazası, intelektual potensialı xeyli möhkəmlənmiş, istənilən döyüş tapşırığını yerinə yetirməyə qadir bir qüvvə kimi böyük inam bəsləyir. Hazırda Azərbaycan Ordusu döyüş meydanında öz gücünü göstərməklə bu inamın əbəs yerə olmadığını sübuta yetirməkdədir.