08 oktyabr 2020 18:15
1503

İkili standartlar dünya siyasətində bir meyardırsa,…

N.Paşinyanın beynəlxalq hüququn  mövcudluğunu gülüşlə qarşılaması  dünyanı çoxsaylı suallar qarşısında qoyub

Müasir dövrdə qloballaşma prosesləri hər şeydən əvvəl beynəlxalq münasibətlərin möhkəmlənməsi, ölkələr arasında əlaqələrin genişlənməsi, ayrı-ayrı xalqların mədəniyyətində ümumi elementlərin artması ilə səciyyələnir. Bu kimi yaxınlaşmalar təbii ki, beynəlxalq hüquq normalarının, eyni zamanda, demokratik dəyərlərin öndə saxlanılmasını bir zərurətə çevirir. Bizlərə bəlli, amma dünyaya “sirr” olan bu sualın ən düzgün cavabı son hadisələrin gedişində bütün təfsilatı ilə açıqlandı. Bir daha təsdiq olundu ki,  dünya nə  qədər ki,  hüquq problemini yaşayır, maraqlar ədaləti üstələyir, bu kimi yanaşmalar davamlı olacaq.

Azərbaycanın xarici siyasətində Qərb və Avropa istiqamətinin xüsusi yeri vardır. Avropa İttifaqına üzv olan böyük və nüfuzlu dövlətlərlə qarşılıqlı əməkdaşlıq daim inkişaf etdirilir. Böyük Britaniya,  Almaniya, İtaliya, Belçika,  Polşa, Rumıniya və digər Avropa ölkələri ilə əlaqələrimiz müxtəlif sahələrdə uğurla inkişaf edir.  Avropa İttifaqı ilə münasibətlərin sağlam təməl əsasında qurulmasının nəticəsidir ki, ölkəmiz hazırda bu təşkilatın bir çox proqramlarında fəal iştirak edir. Azərbaycan Avropa İttifaqının mühüm tərəfdaşı kimi qəbul olunur. 2018-ci ildə imzalanan «Tərəfdaşlıq prioritetləri» adlı sənəd bütün sahələrdə mövcud durumu özündə ehtiva edir.  Azərbaycan dövlətinin xarici siyasətində bu prinsip əsas yer tutur ki, böyüklüyündən, kiçikliyindən asılı olmayaraq, bütün dövlətlərlə bərabərhüquqlu, qarşılıqlı hörmət və maraqlar prinsipi əsasında münasibətlər qurulur və inkişaf etdirilir. Ən əsası, Azərbaycan heç bir dövlətin daxili işinə müdaxilə etmir, eyni zamanda, öz daxili işinə müdaxiləni yolverilməz hesab edir. Cənab  İlham Əliyevin Prezident kimi  ABŞ-a ilk səfəri zamanı jurnalistin “Siz ABŞ qarşısında hansı öhdəliyi götürmüsünüz” sualına cavabını xatırlatmaq bu günümüz üçün də aktualdır. Ölkə Prezidenti bildirmişdi ki, Azərbaycanın heç bir dövlət qarşısında öhdəliyi yoxdur. Əlaqələrimizi qarşılıqlı hörmət və maraqlar prinsipi əsasında inkişaf etdiririk.

Sentyabrın 27-dən başlanan Ermənistan silahlı qüvvələrinin təxribatlarına cavab olaraq Azərbaycan Ordusunun əks-hücum əməliyyatının bugünədək uğurla davam etdirilməsi işğal altında olan torpaqlarımızın azad olunması sevincini, qələbə əzmimizi yaşatmaqla yanaşı, eyni zamanda, 30 ildə kağız üzərində qalan bəyanatların sadəcə söz olaraq deyildiyini təsdiqlədi.  Ermənistanın baş naziri Nikol Paşinyan BBC telekanalında yayımlanan “HARD Talk” verilişində aparıcı Stiven Sakurun suallarını cavablandırarkən  növbəti dəfə   özünü biabır etməklə yanaşı, dünyanın ikili siyasətinin ümumi  mənzərəsini canlandırdı.  Ermənistanın baş naziri jurnalistin beynəlxalq hüquq normalarına istinad əsasında ünvanladığı sualları cavablandırarkən beynəlxalq hüququn norma və prinsiplərinin mövcudluğundan xəbərsiz olduğunu nümayiş etdirməklə açıq-aşkar bildirdi ki, bu günədək törətdiyi təxribat əməllərinə görə heç bir təzyiqlə üzləşməmələri demək olar ki, dünyada ümumiyyətlə,  hüquq amilinin yoxluğuna işarədir. N.Paşinyana bu etirafından sonra da dünya dövlətləri, nüfuzlu beynəlxalq təşkilatlar  hər hansısa təzyiq  göstərməyəcəklərsə, artıq bu, ədalət meyarının maraqların arxasında sürətlə əridiyinə şübhə yeri qoymayacaq. Belə olan təqdirdə bu gün əksər dövlətlərin, beynəlxalq təşkilatların cəbhə bölgələrində döyüşlərin dayandırılması,  sülh danışıqlarının aparılması tələbi ilə çıxış etmələrinə nə ehtiyac var? Ermənilər təxribatlarının miqyasını genişləndirir, yeni ərazilərlə bağlı iddialarını açıq-aşkar nümayiş etdirirlər, amma dünya yenə də bəyanatlarla kifayətlənir. Dövlətimizin başçısı bildirir: “Sual verilir: Necə olur ki, despotik və orta əsrlər rejiminin idarə etdiyi bu cür korrupsiyaya uğramış, uğursuz dövlət uzun illər ərzində beynəlxalq hüququ pozmağa, BMT Təhlükəsizlik Şurasının qətnamələrinə və dünyanın aparıcı ölkələrinin bəyanatlarına məhəl qoymamağa müvəffəq olur? Buna cavab isə ikili standartlardır. Təcavüzkara heç bir beynəlxalq təzyiq göstərilmir, Ermənistan diktatorluğuna heç bir beynəlxalq sanksiya tətbiq edilmir. Bu siyasətə son qoyulmalıdır. Təcavüzkara münasibətdə bu cür siyasət təkcə ədalətsizliyi nümayiş etdirmir, eyni zamanda, Ermənistan diktatorluğuna elə bir illüziya yaradır ki, sanki onlar öz terror siyasətini bundan sonra da davam etdirə bilərlər.»

Dövlətimizin başçısı İlham Əliyev son günlər  müxtəlif ölkələrin televiziya kanallarına müsahibələrində də ikili siyasəti yaradan səbəblərə, dünyadan gələn atəşkəs çağırşlarına münasibətini bildirir.  CNN-Türk televiziyasına müsahibəsində jurnalistin «Bu günə qədər Sizə bir neçə dəfə atəşkəs çağırışı edildi. Siz bunlara şəxsən cavab verdiniz. Amma münaqişənin 30 illik tarixinə nəzər salarkən bu çağırışların nəticə verəcəyini düşünürsünüzmü» sualına cavab olaraq bildirmişdir ki,  bu çağırışlar, sadəcə, atəşkəs çağırışları olmamalıdır. İşğalçı  Ermənistana sanksiyalar tətbiq edilməli idi. Əgər vaxtında sanksiyalar tətbiq edilsəydi, bəlkə də bu məsələ çoxdan həll olunardı: «Otuz il heç bir nəticə verməyən danışıqlar artıq mənasını itirməkdədir. Bundan əlavə, son dönəmdə Ermənistanın hərbi-siyasi rəhbərliyi həm təcavüzkar hərəkətlərlə, eyni zamanda, aqressiv bəyanatlarla danışıqlar prosesini məhv etdi. Yəni, ona çox böyük zərbə vurdu. “Qarabağ Ermənistandır” demək, əslində, müzakirələrə son qoymaq deməkdir. Çünki müzakirələrin əsas mahiyyəti ondan ibarətdir ki, işğal edilmiş torpaqlar tədricən, mərhələli qaydada Azərbaycana qaytarılmalıdır. Bu, əsas prinsiplərdə təsbit olunub.»

Ermənistanın baş naziri BBC kanalına müsahibəsində də  “Qarabağ Ermənistandır” deməklə, bərabər kompromisə getməyin mümkünlüyünü də bildirməklə artıq geniş şərhə yer qoymur. Bu baxımdan ki, bu düşüncəyə malik olan bir «rəhbər»dən beynəlxalq hüquq normalarına cavab verən addım gözləmək sadəlövhlük olar.

Bu gün Azərbaycanın diplomatik mübarizə ilə yanaşı, döyüş meydanında da üstünlüyü ələ alması erməniləri və onların havadarlarını narahat edir. Aparılan əks-təbliğat kampaniyalarına diqqət yetirmək kifayətdir. Əksər dövlətlərin bu günlərdə  birtərəfli mövqe nümayiş etdirməsi, neytrallığı qorumaması özünü qabarıq şəkildə büruzə verir.  ATƏT-in Minsk qrupu həmsədrlərindən gözləntilər özünü bir daha doğrultmadı. Fransa Prezidenti Emmanuel Makronun birtərəfli, Ermənistana dəstək xarakterli bəyanatları dövlətimiz  tərəfindən sərt cavablandırıldı. «Bizə qarşı edilən haqsızlıq təbii ki, biz tərəfdən cavablandırılır. Biz buna səssiz qala bilmərik» söyləyən dövlətimizin başçısı İlham Əliyev bildirmişdir ki, Fransa Prezidentinin  “Azərbaycan Dağlıq Qarabağı fəth etmək istəyir» bəyanatı beynəlxalq qanunlara tamamilə zidd olan bir açıqlamadır. Bu cür sözlər Minsk qrupunun mandatına tamamilə zidd olan açıqlamalardır: «Buna görə biz öz sözümüzü demişik. Əgər vasitəçilər vasitəçi kimi qalmaq və bu məsələ ilə bundan sonra məşğul olmaq istəyirlərsə, onlar daha məsuliyyətli olmalıdır və heç bir tərəf tutmamalıdır. Çalışmalıdırlar ki, bu məsələnin həllinə hesablanmış addımlar atsınlar və münaqişə tezliklə həll olunsun. Ondan sonra atəşkəs bərpa edilsin və uzunmüddətli sülh olsun.»

Bütün bu sadalananlar fonunda bir daha bu ümumiləşdirməni apara bilərik ki, nə dünya ikili siyasətinə son qoymaq  istəyir, nə də işğalçı Ermənistan danışıqlar prosesinə mane olan əsassız, təhrikedici bəyanatlarından əl çəkir. Bu kimi yanaşmalar öz növbəsində  Azərbaycan Ordusunun döyüş ruhunu daha da artırır, yeni-yeni qələbələrə səsləyir.  Qarabağ bizimdir, Qarabağ Azərbaycandır!

Yeganə Əliyeva, «İki sahil»