27 oktyabr 2020 19:25
749

Azad edilmiş ərazilər xarici investorların diqqətində

Azərbaycanın şanlı ordusunun 27 ildir erməni işğalında olan torpaqlarımızı azad etməsi prosesi beynəlxalq aləmdə də diqqət mərkəzindədir. Qarabağ bölgəsinin həm füsunkar təbiəti, həm də zəngin təbii ehtiyatları iqtisadi baxışları da öz üzərinə çəkir. Sirr deyil ki, Azərbaycan ərazilərinin işğaldan azad edilməsindən sonra sürətlə genişmiqyaslı abadlıq-quruculuq işlərinə başlanılacaq. Bu barədə cənab Prezident İlham Əliyev son günlərdəki çıxışlarında və xarici televiziya kanallarına müsahibələrində qətiyyətlə bildirir. Söz yox ki, ölkəmiz bu xüsusda lazımi imkanlara malik olsa da, görünən budur ki, xarici ölkə və investorlar da prosesdə iştirak etməkdə maraqlıdırlar.

Artıq bəllidir ki, İran Azərbaycanın işğaldan azad olunmuş sərhədyanı ərazilərində quruculuq işlərinin həyata keçirilməsində maraqlı tərəf kimi çıxış edib. Məsələ İqtisadiyyat naziri Mikayıl Cabbarovun İranın Azərbaycandakı səfiri Seyid Abbas Musəvi ilə görüşündə də müzakirə olunub. İran səfiri ölkəsinin Azərbaycanın işğaldan azad olunmuş sərhədyanı ərazilərində quruculuq işlərinin həyata keçirilməsində maraqlı olduğunu, həmçinin Araz çayı üzərində “Xudafərin” və “Qız qalası” hidroqovşaqları və su elektrik stansiyaları layihələrinin birgə icrasının iqtisadi əməkdaşlığımızı daha da dərinləşdirəcəyini diqqətə çatdırıb.

Digər tərəfdən, Türkiyə şirkətləri də prosesə maraq göstərir. Baş ofisi İstanbul şəhərində yerləşən “Aran Mobilya Dekarasyon İnşaar Sanayi ve Ticaret Limited” şirkəti Qarabağda şöbəsini açmağa hazırlaşır. Bununla bağlı müvafiq qərar şirkətin İdarə Heyətinin iclasında qəbul edilib. Qərarda deyilir ki, dost və qardaş ölkə Azərbaycanın işğaldan azad etdiyi Qarabağ bölgəsinin iqtisadi inkişafına dəstək vermək üçün orada yeni şöbə açılacaq. Şöbənin qeydiyyatdan keçirilməsi və digər prosedurlar “Aran Mobilya Dekarasyon İnşaar Sanayi ve Ticaret Limited” şirkətinin Bakı filialına həvalə olunub.

Şimal qonşumuz Rusiya Elmlər Akademiyası İqtisadiyyat İnstitutunun elmi əməkdaşı, politoloq Aleksandr Karavayev xarici ölkə və şirkətlərin maraqlarını təbii sayır: “Azərbaycan ərazilərinin erməni işğalından azad edilməsi fonunda ölkəyə investisiya qoyuluşlarının artacağını gözləmək olar”. Ekspert bu fonda qaytarılmış ərazilərin bərpası mövzusuna da toxunub. Bildirib ki, ilk illərdə infrastruktur bərpa ediləcək: su kəmərləri, elektrik şəbəkələri, qaz təchizatı sistemləri yoluna qoyulacaq: “Yol infrastrukturunun bərpası üçün əhəmiyyətli işlər görülməsi nəzərdə tutulub. Əlavə olaraq mənzil və inzibati-ticari tikinti. İş həcmi həddindən artıq böyükdür, təxminən, 50 yaşayış məntəqəsi var. Hətta təhlükəsizlik səbəbi ilə işğaldan azad olunmuş ərazilərin yalnız bir hissəsinin bərpa olunacağı gözlənilsə belə, görüləcək iş çoxdur. Belə yaşayış məntəqələrinin sayının hər gün artdığını nəzərə alsaq, bütün bunların 2021 və 2022-ci illərdə ÜDM artımına ən azı 1,5%, bəlkə də daha çox təsir edəcəyini proqnozlaşdırmaq olar”.

Sözsüz ki, investisiya məsələsində maraqli ölkə və şirkətlər kifayət qədərdir. Torpaqlar azad edilib təhlükəsizlik tam bərqərar olunduqdan sonra bütün təkliflər dəyərləndiriləcək və Qarabağ əvvəlki kimi yenidən canlanıb həyat dolu bir cənnət olacaq.

Taleh Bağırov, “İki sahil”