05 noyabr 2020 17:39
1535

Münaqişəni beynəlmiləlləşdirmək üçün heç bir cəhd olmamalıdır

Dövlətimizin başçısı İlham Əliyev İspaniyanın EFE informasiya agentliyinə müsahibəsində bir daha bildirmişdir ki, hərbi-siyasi həll üstünlük təşkil etməlidir

Bu günün hadisələri göstərir ki, dünyanın aparıcı  dövlətləri, nüfuzlu beynəlxalq təşkilatlar işğalçı Ermənistanı  zamanında cəzalandırsaydılar, hazırda  bu qədər ərköyünləşməz, yeni ərazilər istəyi ilə müharibəyə başlamazdı. Reallıqda əksini tapmayan, ədalətin müdafiəsinə çevrilməyən, özləri üçün kağız parçası, amma həllini gözləyən münaqişələr üçün əsas meyar olan sənədlər illərlə icrasını gözləyəcəksə, gözdən pərdə asmaq üçün onları qəbul etməyə ehtiyac varmı? Bu gün vasitəçilik missiyasını yerinə yetirən ATƏT-in Minsk qrupu həmsədrlərinin, eyni zamanda, digər qurumların və dövlətlərin yanaşmalarına, dövlətimizin başçısı İlham Əliyevə zənglərinin  mahiyyətinə diqqət yetirdikdə  əsas məsələ guya dünyada, regionda sülhün, təhlükəsizliyin qorunması naminə qarşıdurmaların dayandırılmasına çağırışdırsa,  reallıqda əsas məqsəd Ermənistana dəstəkdir. Çünki sülhün tərəfdarı olub, danışıqların davam etdirilməsi tələbi ilə çıxış edən dövlət, təşkilat bunu sadəcə söz olaraq deyil, atdığı addımları ilə təsdiqləməlidir. Dövlətimizin başçısı İlham Əliyevin bütün müsahibələrində, xalqa müraciətlərində qeyd etdiyi kimi, əfsuslar olsun ki, beynəlxalq ictimaiyyət və bu məsələ ilə məşğul olan tərəflər Ermənistan  hökumətinə lazımi səviyyədə təsir edə bilməmişlər. Əgər onlar işğalçını dayandıra bilmirlərsə, Azərbaycan əsgəri onları dayandıracaq. Azərbaycan əsgəri onları öz torpaqlarından çıxaracaq və haqq-ədaləti bərpa edəcək: «Mən demişdim ki, əgər iyul və avqust aylarında bizə qarşı törədilmiş hərbi təxribatlar təkrarlanarsa, Ermənistan peşman olacaq və sözümün üstündə dururam. Bu gün döyüş meydanında əldə olunmuş üstünlük, azad edilmiş yaşayış məntəqələrimiz, strateji yüksəkliklər bir daha onu göstərir ki, Azərbaycan əsgəri, Azərbaycan zabiti öz vətəndaşlıq borcunu şərəflə yerinə yetirir.»

Dövlətimizin başçısı «Azərbaycanın tam haqqı var ki, məsələ hərbi yolla öz həllini tapsın. Bu haqqı bizə Azərbaycan xalqı verib, bu haqqı bizə beynəlxalq hüquq normaları verib» bəyanatı ilə işğalçı Ermənistana və onun havadarlarına nəyi dərk etməli olduqlarını çatdırır. Ermənistanın baş nazirinin dünya ictimaiyyətinin diqqətini yayındırmaq, Azərbaycanın haqqında mənfi  imic yaratmaq üçün son bir ayda dünya ölkələrinin rəhbərlərinə yalvarışlarında, xarici mətbu orqanlara müsahibələrində tarixi həqiqətlərin inkar edilməsi  ilə  yanaşı,  tərbiyəsizcəsinə  bu hücumlara Azərbaycan tərəfinin başladığını, həmçinin qardaş Türkiyənin münaqişə tərəfi kimi iştirak etməsini bildirməsi dövlətimizin başçısı İlham Əliyevin sərt münasibəti ilə cavablandırılır. Bu  barədə erməni tərəfinin  yaydığı bütün  şayiələrin təxribat xarakteri daşıdığını, indiki dildə desək, feyk-nyus olduğunu qeyd edən cənab İlham Əliyev bildirir ki, məqsəd   üçüncü dövlətin məsələyə cəlb olunması barədə fikir yaradıb öz çirkin niyyətlərini həyata keçirməkdir.

Prezident İlham Əliyev İspaniyanın EFE informasiya agentliyinə müsahibəsində «Hər iki tərəf artıq 3 humanitar atəşkəslə bağlı razılığa gəlib. Lakin onlar heç bir neçə dəqiqə  belə çəkməyib. Nəyə görə müharibəni üç dəfə durdurmaq və danışıqlara başlamaq mümkün olmamışdır» sualını cavablandırarkən bildirmişdir ki,  bu atəşkəslərin işləməməsinin səbəblərindən biri ondan ibarət idi ki, Ermənistan artıq bizim tərəfimizdən azad edilmiş əraziləri geri almağa cəhd göstərirdi. Başqa sözlə, onları yenidən işğal etmək istədilər. Ona görə də onlar  humanitar məqsədlərlə elan olunmuş bu atəşkəsdən resursları səfərbər etmək və yeni hücuma keçmək üçün istifadə etmək istədilər: «Onlar bunu edə bilməyəndə, Ermənistan ərazisindən Azərbaycanın ikinci böyük şəhəri olan Gəncəyə ballistik raketlə hücum etdilər. Onlar bunu iki dəfə etdilər. Lakin birinci dəfə oktyabrın 10-da, atəşkəs elan olunandan dərhal sonra etdilər və bunun nəticəsində 10 mülki şəxs həlak oldu, onlarla adam yaralandı. Beləliklə, onlar birinci atəşkəsi kobud şəkildə pozdular. İkinci atəşkəs də elan olunan vaxtdan təxminən 5 dəqiqə sonra onlar tərəfindən pozuldu və üçüncü atəşkəsi onlar dinc şəhər olan Bərdəyə hücum etməklə pozdular. Orada 21 nəfər mülki şəxs qətlə yetirildi, 70 nəfər yaralandı. Beləliklə, hər 3 dəfə bu, Ermənistanın bizə qarşı məqsədli şəkildə təcavüzkar hücumu idi və biz cavab verməli və özümüzü müdafiə etməli olduq.»

Dövlətimizin başçısı bu reallığı  hər bir müsahibəsində qeyd edir ki, onlara atəşkəs təcavüzlərini davam etdirmək, bizim azad etdiyimiz torpaqları geri alıb və yenidən işğal etməyə cəhd etmək üçün lazım idi. Mülki şəxslərə hücum etməklə Azərbaycanda, həmçinin xaos və panika yaratmaq istəyirdilər. Lakin onlar Azərbaycan xalqının ruhunu düzgün hesablaya bilməmişdilər. Bu, bizim iradəmizi sındırmadı. Əksinə, bu, bizi daha da güclü etdi.

Ölkə Prezidenti müsahibəsində bir daha Dağlıq Qarabağın tarixindən, Ermənistanın işğalçılıq, faşist siyasətindən geniş bəhs edərək, daim həqiqətləri təhrif etmək yolunu tutduqlarını bildirmişdir. Bu faktlar inkaredilməzdir:  Şuşada 98 faiz azərbaycanlılar məskunlaşmışdılar. Bu gün orada bir nəfər azərbaycanlı  belə yoxdur. Xankəndidə çox sayda azərbaycanlı var idi. Hadrut rayonunda, digər rayonlarda, soyqırımı törətdikləri Xocalıda 100 faiz azərbaycanlılar idi. Beləliklə onların hamısı etnik təmizləməyə, işgəncəyə məruz qalıb, didərgin salınıb, qətlə yetiriliblər.  Təəssüflər olsun ki, heç kim Ermənistanı bunda günahlandırmayıb.

Zamana hakimlik, tarixə yaddaşlıq edən bu kimi faktların mövcudluğu fonunda    Ermənistan prezidenti bu günlərdə  Rusiyanın RBK televiziya kanalına müsahibəsində yenə də ənənələrinə uyğun olaraq  faktları təhrif etmişdir.  O, Dağlıq Qarabağ Muxtar Vilayətinin tarixi, demoqrafik və iqtisadi vəziyyəti barədə yalan danışıb. Belə ki,  1980-ci illərin sonlarında 1 milyondan çox erməninin Azərbaycanı tərk etdiyini söyləyib. Fakt isə budur ki, 1989-cu il siyahıyaalmasına görə Azərbaycanda  390 min 505 erməni yaşayıb”.

Göründüyü kimi, Ermənistan hakimiyyətinin hazırda yeganə məqsədi  müəyyən dəstək əldə etmək üçün  tarixi saxtalaşdırmaq, yalan xəbərlər  yaymaqla ictimai fikri çaşdırmaqdır. Artıq dünya liderləri də  onun feyklərindən yorulub. Çünki gah Türkiyənin tərəf kimi münaqişədə iştirakından danışır, gah da Azərbaycan tərəfində muzdluların döyüşməsi barədə uydurma iddialar irəli sürür.  Dövlətimizin başçısı İlham Əliyev bu yalanlara cavab olaraq bildirir ki,  Azərbaycan Ordusu kifayət qədər güclü,  təchiz edilmiş ordudur. İşğal altında olan bütün torpaqlarımızı azad etmək gücündədir.  

Ölkə Prezidenti, eyni zamanda,  qardaş Türkiyəyə, onun Prezidentinə qətiyyətli qardaşlıq mövqeyinə görə dərin təşəkkürünü bildirərək  bu reallığı diqqətə çatdırır ki,  əziz qardaşımın çox açıq açıqlamaları və sərt bəyanatları bir daha göstərir ki, Azərbaycan tək deyil. Türkiyə Azərbaycanın yanındadır və Azərbaycan da hər zaman Türkiyənin yanındadır! Mən artıq demişəm, bir daha demək istəyirəm ki, bu qanlı döyüşlər bizim üçün, bütün Azərbaycan xalqı üçün həqiqət anıdır: «Biz görürük kim kimdir. Biz görürük ki, bəzi hallarda yaxşı sözlər deyən, yaxşı bəyanatlar verən bəzi tərəflər öz sözünün arxasında durmur. Sözdə bir şey deyilir, əməldə başqa şey edilir. Amma Türkiyə, Pakistan, Əfqanıstan birmənalı şəkildə Azərbaycanı dəstəklədilər… İndi həqiqət anıdır. Sən kimin tərəfindəsən? Haqqın, yoxsa, şərin? Dostun, yoxsa, düşmənin? Əlbəttə ki, bu günlərdə bizə dəstək olan ölkələri, təşkilatları, insanları heç vaxt unutmayacağıq.»

Dost, qardaş Türkiyənin dəstəyi nəinki dövlət başçısı səviyyəsində, eyni zamanda, sıravi vətəndaşlar tərəfindən də yüksək dəyərləndirilir. Bu gün Azərbaycanla yanaşı, Türkiyədə də hər addımda Azərbaycan və Türkiyə bayraqlarına birgə rast gəlinir. Türkiyənin əksər televiziya kanallarını izlədikcə bu qardaşlığın sarsılmazlığını, Azərbaycanın yaşadıqlarını Türkiyənin öz problemi kimi qəbul etməsindən ancaq və ancaq qürur duymaq olar. Qəzetlərdə manşeti Azərbaycan Ordusunun qələbə xəbərləri, dövlətimizin başçısı İlham Əliyevin dünyaya ünvanladığı mesajlar yer alır. İstər Türkiyə Prezidenti, istərsə də digər dövlət rəsmiləri bəyanatlarında Azərbaycanın yanında olduqlarını bildirməklə bərabər, sonadək bu mübarizəni aparacaqlarını bildirirlər.   Türkiyə vətəndaşlarından dövlətimizin başçısına gələn təbrik və təşəkkür məktublarında da bizimlə bərabər bu haqlı davada vuruşmaq barədə öz istəklərini ifadə edirlər.

Hər zaman olduğu kimi, bu gün də Azərbaycan-Türkiyə birliyi, həmrəyliyi qürurvericidir. Türkiyə ilə Azərbaycan arasındakı münasibətlər dünya ölkələri üçün örnəkdir. Cənab İlham Əliyevin fikirlərinə istinad etsək, bu gün dünya miqyasında Türkiyə və Azərbaycan qədər bir-birinə yaxın olan ikinci ölkə yoxdur və bu, sadəcə olaraq, söz deyildi: «Əziz qardaşım Tayyib bəylə tarixi xidmətimiz odur ki, biz çox güclü bir təməl üzərində müasir Türkiyə-Azərbaycan birliyini yaratdıq. Türkiyə bayraqları onsuz da Azərbaycanda hər yerdə var, Azərbaycan bayraqları da Türkiyədə. Biz bir-birimizi bir-birimizdən ayırmırıq, birlikdəyik. Bu hadisələr bir daha onu göstərdi ki, bizi ən çox dəstəkləyən, birinci dəstəkləyən Türkiyə olmuşdur, birmənalı şəkildə, qəti şəkildə. Türkiyə Prezidentinin çox cəsarətli və qəti açıqlamaları bir çox ölkələrə xəbərdarlıq oldu - kənarda durun, qarışmayın, Azərbaycan tək deyil, Türkiyə yanındadır və Azərbaycan da hər zaman Türkiyənin yanındadır!»

Göründüyü kimi, işğalçı Ermənistanın yaydığı feyk xəbərlərindən fərqli olaraq,  Türkiyə münaqişədə tərəf kimi iştirak etmir, Azərbaycana dəstəyi yalnız siyasi və mənəvidir. Dünyanın ən yüksək tribunalarından vahid mövqelərini səsləndirən iki dost, qardaş ölkə hər zaman ədalətin yanında olaraq, bütün münaqişəli məsələlərin beynəlxalq hüququn norma və prinsipləri əsasında çözülməsinə səy göstərirlər. Artıq bu birliyin dünyaya ünvanladığı ədalət çağırışı fonunda dünya siyasətində yanaşmalarda dəyişikliklər baş verməkdədir. Beynəlxalq hüquq münasibətlərin hansı səviyyədə olmasından asılı olmayaraq bütün dövlətlərə eyni şəkildə tətbiq olunmalıdır. Əgər BMT Təhlükəsizlik Şurasının daimi üzvü, eyni zamanda, ATƏT-in Minsk qrupunun həmsədrləri  olan  Rusiya, Fransa və ABŞ bu meyarı yanaşmalarında nəzərə alsaydılar, bu gün Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində atılan addımlardan deyil, işğaldan azad olunmuş torpaqlarımızın sosial-iqtisadi inkişafından bəhs edəcəkdik. Dünyanın aparıcı dövlətlərinin və təşkilatlarının 30 ilə yaxın müddətdə  bərpa edə bilmədiyi ədaləti Azərbaycan Ordusu bərpa edir.

Dövlətimizinbaşçısı İlham Əliyev  İspaniyanın EFE informasiya agentliyinə müsahibəsində «Hazırda ABŞ, Rusiya və Fransadan gözləntiniz nədir» sualına cavab olaraq bildirmişdir ki,  bu ölkələrdən hər birinin birtərəfli qaydada Ermənistana təsir etmək üçün kifayət qədər vasitələri var, istər hərbi dəstək olsun, istər siyasi dəstək, iqtisadi dəstək, diaspor dəstəyi və s. Lakin onlar əllərində olan bu alətlərdən istifadə etmədilər, onlar BMT Təhlükəsizlik Şurasının daimi üzvləri olaraq özlərinin qəbul etdikləri BMT Təhlükəsizlik Şurasının qətnamələrinin icrasında israr etmədilər. Ona görə də nəticənin olmaması faktı, əlbəttə ki, onların bacarmadığından çox istəmədiyini nümayiş etdirir. Əgər onlar bacarmadılarsa, kim bacarar? BMT Təhlükəsizlik Şurasının 3 daimi üzvü kiçik, yoxsullaşmış, asılı Ermənistana təsir edə bilmir? Onlar, sadəcə olaraq, istəmədilər: «Onlar vəziyyətin sabit olmasını istəyirdilər, bu, doğrudur. Onlar sülh ssenarisini istəyirdilər. Lakin onlar görəndə ki, demək olar 30 ildir sülh ssenarisi yoxdur və Ermənistanın yeni hökuməti bəyanatlar və əməllərlə prosesi faktiki olaraq məhv edir, düşünürəm ki, onlar hərəkətə keçməli idilər. Mən dəfələrlə onların liderləri, yüksək rütbəli rəsmiləri ilə danışaraq çağırış etmişəm ki, Ermənistana təzyiq göstərin, sanksiya tətbiq edin. Əgər sanksiya tətbiq etmək istəmirsinizsə, ən azı bunu dilə gətirin, elan edin ki, sanksiyalar tətbiq olunacaq, əks halda, bu təcavüzkara təzyiq göstərmək üçün başqa heç bir mexanizm olmayacaq. Beləliklə, düşünürəm, bu gün onlar dərk ediblər ki, uzun illər “münaqişənin hərbi həlli yoxdur” deməklə səhv ediblər. Biz bu reallığı dəyişdik. Hərbi həll yolu var. Lakin bizim bu gün danışdığımız ondan ibarətdir ki, gəlin, hərbi həllin həmin səhifəsini bağlayaq və siyasi həllə keçək. Beləliklə, hərbi-siyasi həll üstünlük təşkil etməlidir.»

Yeganə Əliyeva, «İki sahil»