06 noyabr 2020 18:34
1508

Biz ölkəmizi, insanlarımızı qorumaq və ədaləti bərpa etmək üçün doğru olanı etdik

Dövlətimizin başçısı  İlham Əliyevin nüfuzlu xarici media qurumlarına çoxsaylı müsahibələri dünyada erməni yalanlarının ifşa olunmasını, Ermənistan-Azərbaycan münaqişəsinin tarixi, Ermənistanın işğalçılıq siyasəti və hazırda gedən hərbi əməliyyatlar haqqında həqiqətlərin dünya ictimaiyyətinə çatdırılmasını təmin edir

Sentyabrın 27-dən davam edən İkinci Qarabağ müharibəsi Azərbaycanın yalnız döyüş meydanında deyil, informasiya müstəvisində də üstünlüyünü bir daha Ermənistana və ona havadarlıq edən dövlətlərə nümayiş etdirir. Dövlətimizin başçısı İlham Əliyevin bu müddətdə xarici ölkə mətbuatına hər  müsahibəsi Azərbaycan həqiqətlərinin, Qarabağ münaqişəsinin əsl mahiyyətinin dünya ictimaiyyətinə çatdırılmasında zəngin mənbədir. Çünki cənab İlham Əliyev 30 ilə yaxın dövrün reallıqlarını, münaqişənin həllində vasitəçilik missiyasını yerinə yetirən ATƏT-in Minsk qrupunun həmsədrlərinin neytrallığı qorumayaraq, işğalçı dövlətə sanksiyaların tətbiq edilməsi barədə düşünməmələrini, bununla da Ermənistanın yeni ərazilər uğrunda mübarizə planı hazırlayıb  son bir ayda müxtəlif yaşayış məntəqələrimizi atəşə tutmasını faktlar əsasında diqqətə çatdırır, imkan düşdükcə  dünyaya hüquq, tarix və eyni zamanda, milli qürur dərsi keçir. Beynəlxalq münasibətlərdə hüquq probleminin yaşanması özünü qabarıq şəkildə büruzə versə də, Azərbaycan Ordusu dövlətimizin qətiyyəti, xalqımızın iradəsi əsasında  Ermənistanın hərbi təxribatlarına qarşı əks-hücum əməliyyatlarını davam etdirməklə bir daha beynəlxalq hüququn da, ədalət meyarının mövcudluğunu da təsdiqlədi. Real olan budur ki, həmin prinsiplər maraqlara uyğun olaraq tətbiq edilir, ən əsası bu gün güc amilinin öndə olduğu özünü daha çox təsdiqləyir. Təbii ki, bunun müəllifləri dünyanın aparıcı dövlətləri və nüfuzlu beynəlxalq təşkilatlardır. Azərbaycan illərdir münaqişənin sülh danışıqları əsasında həlli üçün səylər göstərir, ATƏT-in Minsk qrupunun həmsədrləri guya Ermənistana  söz demək imkanınla olmadıqları barədə görüntü yaradır, bununla da  vəziyyətin belə davam edəcəyini düşünürdülər.

Artıq Azərbaycan yeni reallıqlar yaradıb, Ermənistan və ona havadarlıq edən dövlətlər bu reallıqlarla barışmalıdır. Dövlətimizin başçısı İlham Əliyev bütün müsahibələrində müharibənin hansı şərt daxilində dayandırılacağını və danışıqlar masasında oturacağını bildirir. Bir sözlə,  Prezident İlham Əliyevin nüfuzlu xarici media qurumlarına  çoxsaylı müsahibələri, ölkəmizin uğurlu kommunikasiya fəaliyyəti dünyada erməni yalanlarının ifşa olunmasını, Ermənistan-Azərbaycan münaqişəsinin tarixi, Ermənistanın işğalçı siyasəti və hazırda gedən hərbi əməliyyatlar haqqında həqiqətlərin dünya ictimaiyyətinə çatdırılmasını təmin edir. Məhz dövlət başçısının, medianın, sosial şəbəkə istifadəçilərimizin və ümumilikdə hər bir azərbaycanlının töhfə verdiyi uğurlu informasiya siyasətinin nəticəsidir ki, dünyada erməni yalanlarının yayılmasının qarşısı alınır, düşmən dövlət öz iddialarını beynəlxalq ictimai rəyə sırıya bilmir. Ermənistanın və erməni lobbisinin Fransanın TF1 kanal, «New-York Times» nəşri, CNN telekanalı, İtaliyanın «La Reppublica» nəşri və digərlərinə olan təzyiqlərinin başlıca səbəbi də bu nəşrlərin münaqişəyə obyektiv yanaşmasıdır.

Bu gün işğalçı Ermənistan tam təcrid vəziyyətinə düşüb. Hələ münaqişədən əvvəl Azərbaycanın həyata keçirdiyi siyasət nəticəsində işğalçı Ermənistan bütün regional layihələrdən təcrid olundu və faktiki olaraq dalan dövlətə çevrildi. Beynəlxalq maliyyə qurumlarının hesabatlarında kasıb ölkə kimi yer tutan Ermənistanın bu gün hər bir sahədə asılı ölkə olduğu özünü qabarıq şəkildə büruzə verir. Bu baxımdan dövlətimizin başçısı İlham Əliyev bildirir ki, Ermənistana siyasi, iqtisadi, hərbi, diplomatik dəstək dayandırılsa, danışıqlar masası arxasında oturar, irəli sürulən şərtə görə işğal altında olan digər torpaqlarımızdan çıxar, münaqişənin həllində hərb yolundan hərbi-siyasi vəziyyətə keçmək mümkün olar.

Amma Ermənistanın baş naziri havadarlarının dəstəyinə güvənərək məsələnin diplomatik yolla həllinin mümkünsüzlüyünü bildirir,  Rusiya Prezidentinə göndərdiyi məktubda ondan hərbi yardım istəyir. Bu məktub işğalçının bugünədək  müharibəni necə və hansı dövlətlərin dəstəyi ilə davam etdirdiyinə işıq salır. Düşünürük ki, həmin dövlətlər gizli, yaxud aşkar şəkildə Ermənistanı silahlandırmaqla həm özlərinin vasitəçilik missiyalarına kölgə salır, həm də münaqişənin sülh danışıqları əsasında həllinə mane olurlar. Ermənistan  münaqişəni beynəlmiləlləşdirmək istəyir, bu tamamilə qəbuledilməzdir. Bu, Rusiya tərəfindən rədd edilmişdir. Amma bu silahlandırma faktı istər dünya dövlətlərinə, istərsə də nüfuzlu beynəlxalq təşkilatlara bəlli olsa da, bunu arxa plana keçirib diqqəti Türkiyənin Azərbaycana mənəvi və siyasi dəstəyinə yönəltmələri, hətta bu dəstəyi münaqişədə iştirak kimi dəyərləndirmələri birmənalı qarşılana bilməz.

Bu yaxınlarda İranın Ali Dini  Rəhbəri Ermənistanın Azərbaycanın beynəlxalq səviyyədə tanınan ərazilərini boşaltmalı olduğu ilə bağlı bəyanat vermişdir. Gürcüstan dəfələrlə Azərbaycanın ərazi bütövlüyünü dəstəkləmişdir. Ermənistanın münaqişəni beynəlmiləlləşdirmək, digər ölkələri münaqişəyə cəlb etmək, onların dəstəyini qazanmaq cəhdləri iflasa uğradı. Region dövlətlərinin hamısı Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir və işğalçı Ermənistanın öz qoşunlarını Azərbaycan ərazilərindən çıxarmasını zəruri hesab edirlər.

Azərbaycanın  beynəlxalq dəstək qazanması təbliğatının tarixi faktlara, real həqiqətlərə əsaslanmasından irəli gəlir. İnformasiya müharibəsində ölkəmizin qazandığı uğurlar göz önündədir. Münaqişənin həlli üçün möhkəm hüquqi baza yaradılıb. Azərbaycan tərəfi dünyanın ikili standartlarına baxmayaraq, öz təbliğat işini, informasiya mübarizəsini davam etdirir.  Ölkə Prezidenti İlham Əliyevin  vurğuladığı kimi, saxta, yəni, “feyk nyus” adlandırılan xəbərlər əfsuslar olsun ki, geniş vüsət alır. İstənilən yalan xəbər çox böyük fəsadlara gətirib çıxara bilər. Azərbaycan bu şər-böhtan kampaniyaları ilə daim üz-üzədir. Buna görə informasiya mühafizəsi, informasiya təhlükəsizliyi təmin edilməlidir.

Bugünümüzün reallıqlarından da göründüyü kimi, ölkəmizin uğurlu inkişafını, müstəqil siyasətini həzm etməyən dairələr əks-təbliğat kampaniyasını davam etdirir, onların inhisarında olan beynəlxalq hüquq müdafiə  təşkilatları Azərbaycanı “qeyri-demokratik” ölkə kimi təqdim edirlər. Diqqət çəkən məqam budur ki, demokratiya anlayışının mahiyyətini hələ də dərindən dərk etməyən işğalçı Ermənistan “azad ölkələr” sırasında yer alır. Bu faktın özü gündəmə gətirilən hesabatların, rəylərin hansı əsasda hazırlandığını, dövriyyəyə buraxıldığını əsaslı şəkildə açıqlayır. Reallıq budur ki, Azərbaycanın müstəqil siyasəti bəzi qüvvələr tərəfindən həzm edilmir, nə yolla olursa-olsun ölkəmizin haqqında mənfi rəy yaratmaq üçün dəridən-qabıqdan çıxırlar. Bu kimi ədalətdən uzaq, əsassız təbliğatlara biganə yanaşmalar isə dünyanın ikili siyasətinin təqdimatıdır ki, Azərbaycan bunu istər demokratik inkişafa, istərsə də yeganə problemimiz olan Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə münasibətdə aydın şəkildə görür.

Hər bir dövlətin milli təhlükəsizliyi ilə eyni səviyyədə dəyərləndirilən, ictimai rəyin formalaşdırılmasında başlıca aparıcı rola malik  informasiya təhlükəsizliyinin qorunması bütünlükdə cəmiyyətin, insanların vətəndaşlıq borcu olmalıdır. Bu fikri böyük inam və qətiyyətlə bildiririk ki, müstəqilliyimizin əbədiliyini təmin edən daxili və xarici siyasətimiz elə təməl üzərində qurulub ki, heç bir təsir onu sarsıda bilməz. Milli təhlükəsizliyə xələl gətirən informasiyaların yayılması yolverilməzdir. Bu baxımdan Prezident İlham Əliyevin imzaladığı “İnformasiya təhlükəsizliyi sahəsində fəaliyyətin təkmilləşdirilməsi tədbirləri haqqında” Fərmanda, “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Ermənistan Respublikası Silahlı Qüvvələri ilə təmas xəttində bəzi təhlükəsizlik tədbirləri haqqında” Sərəncamda, “Azərbaycan Respublikasında informasiya cəmiyyətinin inkişafına dair 2014-2020-ci illər üçün Milli Strategiya”da informasiya təhlükəsizliyi sahəsində vahid dövlət siyasətinin parametrləri əksini tapır. Ölkədə informasiya təhlükəsizliyinin təminatı üçün vacib olan məqamlara aydınlıq gətirilərkən qeyd olunur ki, müharibə şəraitində yaşayan Azərbaycanda  müdafiə sirlərinin qorunması üçün hərbi hissələrin dislokasiyası ilə bağlı məlumatların verilməsində milli və dövlətçilik maraqlarına diqqətlə yanaşılması daha vacibdir. Dövlətimizin başçısı İlham Əliyev bu çağırışı da edir ki, yeni texnologiyaların yaratdığı bütün imkanlardan səmərəli istifadə edərək Azərbaycan həqiqətləri dünya ictimaiyyətinə çatdırılmalıdır. Müxtəlif dillərdə internet resursları yaradılmalı, həqiqətlərimiz faktlar əsasında dünyaya bəyan edilməlidir. Bu mühüm uğurumuzu da qeyd etməliyik ki, Azərbaycan kosmik klubun üzvüdür. Son 5 ildə Azərbaycan orbitə 3 peyk çıxarıb. Dövlətimizin başçısı uğurlarımız fonunda bu reallığı qeyd edir ki, Azərbaycan ona görə bəzi hallarda beynəlxalq müstəvidə təzyiqlərlə üzləşir ki, heç kimin qarşısında baş əymir və əyməyəcək.

Əsassız, ictimai rəyi əks etdirməyən təxribat xarakterli  məlumatların qarşısının alınmasında güclü vasitə olan informasiya təhlükəsizliyinin təminatı Azərbaycan həqiqətlərinin olduğu kimi dünyaya çatdırılması baxımından daha önəmlidir. Bu gün Ermənistanın apardığı  qərəzli  təbliğatın  Azərbaycan həqiqətləri fonunda neçə təsirsiz olduğu aydın görünür. Düşmənin hərbi texnikası, silah-sursat anbarları, dayaq məntəqələri, avtomaşınlar, sisternlər, canlı qüvvənin yerləşdiyi yerlər Azərbaycan Ordusu tərəfindən dəqiq və sərrast atəşlə məhv edilir. Dövlətimizin başçısı İlham Əliyev xalqa müraciətlərində, eyni zamanda, Müdafiə Nazirliyi gündəlik məlumatında Ermənistanın məhv edilən və qənimət kimi götürülən hərbi texnikasının statistikasını açıqlayır. Məhz onların dəyərinin ümumi hesablanması fonunda dövlətimizin başçısı İlham Əliyev bu sualla müraciət edir ki, bunlar hardandır? Ermənistana bu qədər silahı hansı dövlət verir? Çünki onların dəyərini nəzərə alsaq, kasıb, dilənçi Ermənistan bunları almaq imkanında deyil. İşğalçını silahlandırmağın özü bu siyasəti dəstəkləməkdir. Dövlətimizin başçısı bildirir: «Hər dəfə bu sualı verirəm və verəcəyəm. Cavab gələnə qədər verəcəyəm. Haradandır bu pul, haradan? Müşahidəçilər, vasitəçilər, politoloqlar, ermənipərəstlər desinlər ki, haradan gəlir? Bizim pulumuz var, hər şey şəffaf. Nə qədər pulumuz var Azərbaycan xalqı bilir, dünya bilir, hər kəs bilir. Öz pulumuzla alırıq. Heç kimdən də asılı deyilik. Bu, borc içində olan, müflisləşən ölkə haradan alıbdır? Ermənistanın xarici dövlət borcu təxminən 8 milyard dollardır. Valyuta ehtiyatları isə 1,5 milyard dollardır… Kim verib sənə bu qədər silahı? Niyə soruşan yoxdur? Bu bir ay ərzində, demək olar ki, mən hər gün müsahibə verirəm. Mənə sual verilir ki, Türkiyənin F-16-ları nə gəzir sizdə? Mən cavab verməkdən yorulmuşam. Gedin açın, peykiniz var, görmürsünüz nə gəzir? Gedin baxın F-16 neyləyir, havadadır, yerdədir? Hər kəs bilir ki, yerdədir. Özü də təlimlər üçün gəlib və müharibə başlayanda qalıbdır. Türkiyəli qardaşlarımız onları bizə mənəvi dəstək vermək üçün saxlayıblar…Yaxşı, mən bu suallara cavab verirəm. Amma Ermənistana da, silahları onlara verənlərə də sual verin. Verin bu sualları, nə üçün silah verirsən? Pulunu vermisənmi? O silahları istehsal edən ölkələrin vətəndaşları bilirlərmi ki, bir ay ərzində onların nə qədər malı batıb? Biz onların nə qədər silahlarını məhv etmişik?»   Dövlətimizin başçısı İlham Əliyev daim xalqa müraciətlərində cəbhə bölgəsindəki hazırkı vəziyyətlə bağlı yalnız tələb olunan çərçivədə məlumatları verir. “Əməliyyat haqqında bundan artıq demək istəməzdim.  Cünki bu, hərbi sirdir, məxfi xarakter daşıyır. Ancaq biz bəzi videogörüntüləri  paylaşdıq. Bu videogörüntülər Azərbaycan Ordusu tərəfindən keçirilmiş əməliyyatların cüzi bir hissəsidir. Nə mümkün olubsa, onu göstərmişik, hesab edirəm ki, indiki mərhələdə  bundan artıq informasiya vermək düzgün olmazdı. Ancaq bu videosüjetlər açıq-aydın göstərir ki, düşmənin infrastrukturu, canlı qüvvəsi, səngərləri, postları, dayaq məntəqələri nə qədər dəqiqliklə məhv edilir” söyləyən cənab İlham Əliyev bu fikirləri ilə, eyni zamanda, informasiya təhlükəsizliyinin qorunmasının  prioritetliyini  açıqlayır.

O da məlumdur ki, döyüş zonasından video yayanlarla bağlı cinayət işi başlanıldı. Dövlət Təhlükəsizliyi Xidməti yaydığı məlumatda bildirib ki, aidiyyəti dövlət orqanlarının həyata keçirdiyi dövlət sirrinin mühafizəsi tədbirlərinə zidd olaraq və müvafiq xəbərdarlıqlara baxmayaraq, döyüş əməliyyatları aparılan ərazilərdə bir sıra şəxslər tərəfindən mobil telefon aparatlarının texniki imkanlarından istifadə etməklə icazəsiz videoçəkilişlər edilib, Azərbaycan qoşunlarının strateji və əməliyyat planları, dislokasiyası və yerdəyişmələri, şəxsi heyəti, silah və hərbi texnikaları, digər döyüş təminatı, əməliyyat şəraiti barədə məlumatları əldə etməyə imkan verən müxtəlif videomateriallar yayılıb. Qeyd olunan videogörüntülər düşmən ordusu tərəfindən Azərbaycan Respublikasının qoşun hissələrinin qüvvə və mövqeləri barədə informasiyanın əldə edilməsi, həmçinin kəşfiyyat-təxribat fəaliyyətinin həyata keçirilməsi məqsədləri üçün istifadə olunub. Aşkar edilmiş faktlar üzrə Dövlət Təhlükəsizliyi Xidmətində cinayət işi başlanılıb, hazırda həmin şəxslərin cinayət əməlləri ilə bağlı istintaq aparılır. Bir daha vətəndaşlara fəal döyüş zonasından icazəsiz videoçəkilişlərin aparılmasının və yayılmasının cinayət məsuliyyətinə səbəb olduğu barədə xəbərdarlıq edilir, Azərbaycan əsgərinin həyatına təhlükə yaradan bütün davranışlardan çəkinməyə çağırırıq.

Həmrəyliyimizi daha da möhkəmləndirək, dövlət maraqlarını qoruyaq,   erməni yalanlarını tarixi həqiqətlərə, tarixi faktlara əsaslanan təbliğatımızla  susduraq,  informasiya mübarizəsində qələbənin  Dağlıq Qarabağ probleminin həllində rolunun təbliğatçısı kimi  töhfələrimizi artıraq.

Yeganə Əliyeva, «İki sahil»