KÖŞƏ

Zahid Rza

Ulu Öndər Qarabağı öz canı qədər sevirdi

10 dekabr 2020 18:00
1885

Görkəmli şəxsiyyət və böyük dövlət xadimi, Vətəni, xalqı üçün misilsiz xidmətlər göstərən, milli və bəşəri ideallara, dünyada dostluğa, sülhə və tərəqqiyə böyük töhfələr verən,  siyasətin kamil bilicisi, ulu öndər Heydər Əliyev Azərbaycanın ayrılmaz parçası olan Qarabağı öz canı qədər sevirdi. Danılmaz həqiqətdir ki, Ümummilli Liderin Azərbaycana birinci dəfə  rəhbərliyi dövrü - 1969-1982-ci illər  bütün Azərbaycanda olduğu ki, Qarabağın da intibah dövrü kimi tariximizə silinməz hərflərlə yazılıb. Məhz o illər Qarabağın sosial-iqtisadi və mədəni inkişafında böyük töhfələr əldə edilib.

Ümummilli Lider respublikamıza birinci dəfə rəhbərliyi zamanı Dağlıq Qarabağda tərəqqisində danılmaz xidmətlər göstərmiş, onun iqtisadi-mədəni inkişafına böyük töhfələr vervişdir. Sonradan isə  Kremldə yüksək vəzifə tutarkən daim ermənilərin məkrli Qarabağ iddialarının qarşısını almışdır. Bu haqda ümummilli lider Heydər Əliyevin aşağıdakı fikirləri xüsusilə maraqlıdır: “… 1969-cu ildən Azərbaycana rəhbərlik etmişəm. O zaman da bu məsələlər qaldırılıbdır. 1977-ci ildə SSRİ-nin Konstitusiyası qəbul olunarkən Konstitusiyanı hazırlamaq üçün komissiya təşkil edilmişdi. Komissiyaya o vaxtkı Kommunist Partiyasının Baş katibi Brejnev rəhbərlik edirdi və respublikaların nümayəndələri də, o cümlədən mən də bu komissiyanın üzvü idim. Komissiya layihə hazırladığı dövrdə, təxminən, bir il müddətində həddindən artıq təkliflər gəlmişdi ki, Dağlıq Qarabağ ayrılıb Ermənistana verilməlidir. Hətta, bir-iki dəfə bu məsələnin komissiyada baxılmasına cəhd olmuşdu.” Ümummilli lider Heydər Əliyev daha sonra deyirdi: “Məni düzgün başa düşün, olan şeyi deyirəm. Mən o vaxt bunların qarşısını aldım. Amma, qarşısını almaq da çətin idi. İradəmlə və Azərbaycan xalqının milli mənafelərini canımla, qanımla müdafiə edərək qarşısını aldım”.

Ulu öndər hələ Dövlət Təhlükəsizlik Komitəsinin (DTK) rəhbəri olduğu zaman ermənilər 1967-ci il iyun ayının 24-də Xankəndidə küçələrə erməni dilində 300-dək vərəqə yapışdırmışdılar. Saxta və uydurma şovinizmə  söykənən, yalan erməni tarixini əks etdirən bu vərəqələrdə Dağlıq Qarabağın Ermənistan SSR-in tərkibinə qatılması təbliğatı gedirdi. Təbii ki, mükəmməl kəşfiyyatçılıq keyfiyyətləri olan DTK-nın milli təfəkkürlü generalı Heydər Əliyev həmin vərəqələrin müəlliflərini tapdırıb, ciddi cəza verdirmişdi. Digər bir fakt, 1967-ci ildə erməni millətçiləri özləri erməni əsilli birini öldürmüş və bu ölümü iki azərbaycanlının üzərinə qoymuş, onların məhkəməsində isə həmin azərbaycanlıları öldürmüşdülər. Məqsəd milli münasibətləri qızışdırmaq, qarşıdurma yaratmaqla yerli əhalini köçürüb, Qarabağın Ermənistana birləşdirilməsinin bünövrəsini yaratmaqdan ibarət idi. Və... nə yaxşı ki, qismət böyük Heydər Əliyevi Azərbaycanın taleyinə yazmışdı. Ulu öndər 15 gün şəxsən Xankəndinə gedərək, bu prosesin qarşısını öz məharətli çevik müdaxiləsi ilə aradan qaldırmışdı. Qarabağın inkişafı, abadlaşdırılması istiqamətində bütün sahələr üzrə işlər aparırdı.

Ulu öndər SSRİ rəhbərliyində-Sov. İKP MK Siyasi Bürosunun üzvü, SSRİ Nazirlər Soveti sədrinin birinci müavini vəzifəsində işlədiyi müddətdə erməni şovinistlərinin Dağlıq Qarabağ Muxtar Vilayətinin Ermənistana birləşdirilməsi haqqında cəhdləri qətiyyətlə dəf edilmişdi. Bədnam “yenidənqurma”nın müəllifi, Sov İKP MK-nın baş katibi, ermənipərəst Mixail Qorboçovun məkrli siyasəti nəticəsində Ulu Öndər “səhhətinə görə” ölkə rəhbərliyindən uzaqlaşdırıldıqdan sonra ermənilər öz məkrli planlarını gerçəkləşdirmək üçün sözün əsl mənasında at oynatmağa başladılar. M.Qorboçovun iqtisadi məsələlər üzrə müşaviri, bədnam akademik A.Aqambekyan 1987-ci ilin sonunda Fransanın nüfuzlu “Humanite” qəzetinə Dağlıq Qarabağ Muxtar Vilayətinin Azərbaycandan alınıb Ermənistana birləşdirilməsi barədə müsahibə verdi. Bundan sonra-1988-ci ilin fevralından başlayaraq Dağlıq   Qarabağ öz qara günlərini yaşamağa başladı. Məhz buna görə də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Dağlıq Qarabağ münaqişəsinin tarixinə nəzər salarkən qeyd etmişdir: “Əgər Heydər Əliyev o vaxt Azərbaycanda qalsaydı və Azərbaycanın rəhbəri kimi fəaliyyət göstərsəydi, Dağlıq Qarabağda heç vaxt separatçılar baş qaldıra bilməzdilər. Heç vaxt bizim torpaqlarımız işğal altına düşə bilməzdi”.

Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin Şuşanın işğaldan azad edilməsi ilə münasibətilə xalqımıza müraciətində “Mən bu gün ulu öndər Heydər Əliyevin məzarını ziyarət etdim, onun ruhu qarşısında baş əydim. Ürəyimdə dedim, xoşbəxt adamam ki, ata vəsiyyətini yerinə yetirdim. Şuşanı azad etdik! Bu, böyük Qələbədir! Bu gün şəhidlərimizin, Ulu Öndərin ruhu şaddır! Gözün aydın olsun Azərbaycan! Gözünüz aydın olsun dünya azərbaycanlıları!” söyləməsi onun Ümummilli Liderin ideyalarına, siyasi kursuna sadiqliyini bir daha təsdiq etdi.

İşğal olunmuş torpaqlarımızın azad olunması uğrunda başlayan Vətən müharibəsi Azərbaycanın böyük  zəfəri ilə başa çatdı.  Müzəffər Azərbaycan Ordusu ümummilli lider Heydər Əliyevin müdrik, uzaqgörən və çevik daxili və xarici siyasətinin layiqli davamçısı, qətiyyətli Sərkərdə, xalqımızın iftixarı, Ali Baş Komandan İlham Əliyevin  rəhbərliyi ilə təcavüzkar Ermənistanın silahlı qüvvələrini 44 gün ərzində darmadağın edərək işğal altındakı torpaqlarımızı  düşmən tapdağından azad etdi. Bakının Azadlıq meydanında Zəfər paradı keçirildi. Tarixi ədalət bərpa olundu.

Ulu öndər Heydər Əliyev “Mənim başa çatdıra bilmədiyim bütün işləri İlham Əliyev başa çatdıracaq” deyirdi. Zaman bir daha Ümummilli Liderin dühasının bənzərsizliyini sübut etdi. 

Bu gün hər bir azərbaycanlı böyük məhəbbət, ehtiram və sədaqət hissi ilə deyir: Ruhun şad olsun, ulu öndər-Qarabağ Azərbaycandır!