KÖŞƏ

Zahid Rza

Bəxtəvər olsun başın, bəxtimiz oğlan imiş!...

02 may 2023 00:48
4558

Son günlər cəmiyyətimizdə, Milli Strateji Düşüncə Mərkəzinin sədri İsa Qəmbərin Kanadada yaşayan oğlu İlkin Qəmbərin çəkdiyi, tarixi faktların aşırı dərəcədə saxtalaşdırıldığı “Ermənistan krallığı, Qədim Roma ilə Parfiya arasında” “film”i , eləcə də onun qondarma “erməni soyqırımı” ilə bağlı “anım” paylaşımı ilə bağlı etirazlar hələ də davam edir.  

Məsələ ilə bağlı ictimaiyyətimizdə etiraz və ikrah doğuran məqamlardan biri də İlkinin atası Müsavat Partiyasının sabiq başqanı İsa Qəmbərin və onun həyat yoldaşı Aida Qəmbərin bu film barədə açıqlamalarıdır.

 Belə ki, ata Qəmbər bildirib ki, İlkinin 40-a yaxın yaşı var, yetkin insandır. Ona görə də öz qərarlarına, öz addımlarına görə məsuliyyət daşıyır. Ardınca da deyib ki, kimin nə sualı varsa, İlkinin özünə yönləndirə bilər: “Onun mövqeyində, fikirlərində müəyyən məqamlar var ki, onlarla razı deyiləm. 7-8 ildir ki, biz görüşmürük, üz-üzə danışa bilmirik. İlkin uzun illərdir Kanadada yaşayır. Orada bir neçə azərbaycanlı ilə birgə yutub kanalı (Kings and Generals) açıblar. Yüzlərlə tarixi film çəkiblər. Təsəvvür edin, bir neçə istedadlı azərbaycanlının yaratdığı kanal yutubda ən populyar kanallardan biridir. 3 milyona yaxın abunəsi var.Mənim üçün soyqırımla bağlı paylaşım gözlənilməz oldu. Görünür, İlkin, eləcə də bəzi gənclərlə bu mövzular ətrafında söhbət etməyə ehtiyac var”.

 “Ermənistan krallığı, Qədim Roma ilə Parfiya arasında” “film”i ilə bağlı ata İ.Qəmbərdən sonra ana Aida Qəmbərin açıqlamaları insanlarda daha çox etiraz yaradıb: “Birincisi, mən nə bu filmi, nə də sözügedən məsələləri şərh edirəm; ikincisi, bu, tarixi kontentdir, yəni tarixi mövzudur”.

İlkinin qıldığı qələti geniş şərh etməkdən boyun qaçıran anası A.Qəmbərin oğlunun bu antitürk, antimilli, erməni sevgisi ilə dolu “yaradıcılığ”ını “content” adlandırması hər kəsi təəccübləndirib.  Bu cümlələrin alt qatında gizlənən mətləbləri oxucularımızla bölüşmək üçün əvvəlcə Aidə Qəmbərin işlətdiyi “content” sözünün mənasına diqqət yetirək. “Content” sözü ingilis dilində “məzmun” mənasını ifadə edir. Günümüzdə, hər şey internetlə bağlıdır və insanlar daha çox onlayn şəkildə əlaqə yaradır, alış-veriş edir, müştərilər qazanır, şirkətlər reklamlar verir və s.

Kontent marketinq hədəfdə tutulmuş auditoriya üçün onlayn şəkildə məzmunun yaradılmasına, nəşr edilməsinə və yayılmasına yönəlmiş marketinq növüdür. Kontentinin əsas məqsədi insana təsir etməkdir.

Yəqin ki, A.Qəmbərin oğlu İlkinin “Ermənistan krallığı, Qədim Roma ilə Parfiya arasında” “film”i ilə bağlı işlətdiyi “content”in nə olduğunu hamımız anladıq. Arxası da var. “Content”lə bağlı həmçinin deyilir ki, insan məzmundan xəbərdar olana qədər adi bir istehlakçı olsa da, məzmuna məruz qaldıqdan sonra potensial istehlakçı, məzmundan təsirləndikdə və məhsul və ya xidmət seçdikdə isə artıq müştəri olur…

Yəni… Yənisi odur ki, İlkin Qəmbərin özü kimi bəzi manqurt “azərbaycanlı” yala hürənlərlə “Ermənistan krallığı, Qədim Roma ilə Parfiya arasında” “film”ini izləyənlər məzmundan xəbərdar olana qədər bu “yaradıcılıq” işindəki “ideyalar”ın istehlakçısı olacaqlar. Daha doğrusu, ermənilərin bu ərazilərin ən qədim sakinləri olduqları barədə bu filmdəki eybəcər, necə deyərlər, heç bir əndazayə sığmayan yalanların müştərisi olacaqlar.

Son günlər İlkin Qəmbərin xəyanətə bərabər bu bağışlanmaz addımı cəmiyyətin bütün zümrələri kimi vaxtilə İsa Qəmbərə çox yaxın olan şəxslər tərəfindən də kəskin tənqid atəşinə tutulub. Bir vaxtlar Müsavat Partiyasının Divan üzvü olmuş Əli Quliyev sosial şəbəkədəki statusunda yazıb: “Ən düzgünü, hörmətli İsa Qənbərin bu məsələlərlə bağlı aydın mövqe nümayiş etdirməsi olardı. Amma olmadı, İsa bəy, özünün məşhur prinsipinə - “etiraf siyasətçinin sonudur” bu dəfə də sadiq qaldı! Çox təəssüff!”.

Nə deyəsən? Yəqin ki, hər addımbaşı vətənpərvərlikdən dəm vuraraq insanlara dərs keçməyə çalışan İ.Qəmbərin öz oğluna bu dərin, müqəddəs və ən ülvi hisslərdən, duyğulardan bəhs etməyə vaxtı və həvəsi olmayıb. Birdəki Vətən sevgisi, Vətənə məhəbbət insanın daxilindən, qanından, genindən gəlir. Vətənə bağlı, dürüst, təmiz insanlar yaxşı bilirlər ki, vətənpərvərlik fəaliyyət sahəsindən asılı olmayaraq, mənəvi-siyasi məsuliyyəti layiqincə dərk etməkdir. Çox təəssüf ki, İsa Qəmbərin oğlu İlkin kimilər bu şərəfli yükü daşımağa layiq olmadılar, ola bilmədilər…

 Bu yerdə dahi M.Ə.Sabirin bir şeirindəki misraları xatırlamamaq olmur:

“Oğlumuz, ay Xansənəm, bir yeke pelvan imiş!

Bəxtəvər olsun başın, bəxtimiz oğlan imiş!”..