KÖŞƏ

Zahid Rza

Anti-azərbaycan şəbəkənin missionerləri...

21 dekabr 2022 23:57
7332

Bu gün planetimiz sözün əsl mənasında xaos, anarxiya girdabına yuvarlanıb desək, yanılmarıq. Hazırda Cənubi Qafqazda, daha doğrusu, Qarabağda Azərbaycan-Ermənistan münasibətləri müstəvisində dünyanın güc mərkəzləri arasında sərt və mürəkkəb mübarizə gedir. Balkanlarda Serbiya-Kosova münasibətləri kontekstində gərginlik hökm sürür. Tanınmış ekspertlər Balkanlarda baş verən hadisələrdə “rus barmağı”na işarə edirlər. ABŞ Konqresinin Nümayəndələr Palatasının sabiq sədri Nensi Pelosinin Tayvana səfərindən sonra Çinin Tayvan və onun əsas müttəfiqi olan ABŞ arasındakı münasibətlərdə gərginliyə səbəb olub və Tayvan boğazında qarşıdurma riskini artırıb.

Bu yaxınlarda Əfqanıstandakı Talibanın İranla sərhəddə atışması, onun Rusiyaya müəyyən ultimativ şərtlər təqdim etməsinin arxasında isə bəzi güc mərkəzlərinin geosiyasi maraqlarının dayanmasını, İranda son zamanlarda baş verən hadisələri, eləcə də böyük güclərin Mərkəzi Asiya uğrunda gedən nüfuz savaşını, Türkiyə ilə bağlı gizli planların üzə çıxmasını da nəzərə alsaq, analoji hadisələrin gələcəkdə bu bölgəni öz ağuşuna alacağına şübhə yeri qalmır.

Bütün bunlarla yanaşı, köhnə dünyada “Avropanın jandarmı” (“Gendarme de l'Europe”) kimi tanınan Rusiyanın aqressiv davranışları bu gün Avrasiya məkanında təhlükəsizliyi ciddi şəkildə təhdid edir. Bəli, köhnə dünya yıxılır, yeni dünya nizamı qurulur, planetimizin mənzərəsi dəyişir. Əgər belə demək mümkünsə, bu proseslər bütün dünyanı sarsıdan COVID-19 ilə başlayaraq Rusiya Ukrayna müharibəsi ilə özünün pik nöqtəsinə çatdı. Çünki bu müharibədə hədəf yalnız Rusiya deyil. Nüfuzlu nəşrlərdə tanınmış ekspertlərin qeyd etdikləri kimi, Ukraynada baş verənlər həm də Avropa İttifaqı (Aİ) və Çinə güclü təsir edəcək. Hazırda Çinlə Aİ arasında ticarət dövriyyəsi 600 milyard dollar təşkil edir. Əgər Aİ bu müharibə ilə əlaqədar baş verən proseslərə görə zəifləyərsə hazırda Asiyanın nəhəngi olan Çin də böyük itgilərə məruz qalar.  

Təəssüf ki, bu gün planetimizin mənzərəsi belədir. Təsəllimiz odur ki, belə bir qarmaqarışıqlıqda, bütün dünyada, necə deyərlər, at izinin it izinə qarışdığı bir dövrdə sabitlik, tərəqqi ünvanı olan Azərbaycan tarixinin ən şərəfli dövrünü yaşayır. Xalqımız işıqlı gələcəyi naminə yeni tarix yazır. Dünyada gərgin, ziddiyyətli və qarışıq proseslərin getdiyi bir dövrdə qırx dörd günlük Vətən müharibəsindəki tarixi Zəfəri ilə yeni reallıqlar yaradan Azərbaycan inkişaf, tərəqqi yolunda inamla addımlayır. Bütün bunlar Prezident, Ali Baş Komandan İlham Əliyevin uğurlu daxili və xarici siyasətinin, gərgin əməyinin, əzminin və qətiyyətinin bəhrəsidir.

Şübhəsiz, bizim məqsədimiz son dövrlərdə beynəlxalq münasibətlər sistemində baş verən hadisələri, yeni dünya nizamı, onun mahiyyəti, pərdəarxası məqamları, böyük güclərin qlobal hegemoniya uğrunda apardıqları siyasətin məqsədi, bu nizamda Azərbaycanın yeri və sair məsələləri təhlil edib proqnozlar vermək deyil. Biz belə iddialardan çox uzağıq. Amma son dövrlərdə ölkəmizdəki radikal müxalifətin başbilərinin və ayrı-ayrı xarici ölkələrdə “siyasi mühacir” adı ilə məskunlaşan satqınların Azərbaycan əleyhinə “qara piar” kampaniyası aparmaları ictimaiyyətimizi narahat etdiyindən bu məsələlərə toxunmağı zəruri hesab etdik.

Təbii ki, ölkəmizin beynəlxalq münasibətlər sistemində öz mövqeyini möhkəmləndirməsi, iqtisadi imkanlarını artırması, və digər amillər müəyyən güc mərkəzlərini, eləcə də bəzi region dövlətlərini  narahat edir. Məhz həmin dairələrin dirijorluğu ilə “sapı özümüzdən olan baltalar”-AXCP sədri Əli Kərimli, həmçinin Gültəkin Hacıbəyli, Tofiq Yaqublu, Qənimət Zahid, Sevinc Osmanqızı və digərlərini çirkli pullarla bəsləyərək, necə deyərlər, qısqırdaraq üstümüzə salırlar. Bu marginalların dünyada baş verən proseslərin fonunda Azərbaycanın milli maraqlara xidmət edən daxili və xarici siyasətinə ləkə yaxmaları, eləcə də Şuşa-Laçın yolunda azərbaycanlı fəalların aksiyası və digər proseslərlə bağlı son günlərdə sosial şəbəkələrdəki çıxışları onların erməni lobbisinin təsiri altında olan təşkilatlarla sinxron fəaliyyətini açıq-aşkar ortaya qoyur.

Anti-azərbaycan şəbəkənin missionerləri olan dağıdıcı düşərgədəkilərin iç üzü budur. Hələ bu harasıdır? Sular durulduqca çox şeylər üzə çıxacaq, çox mətləblərin üstünə gün işığı düşəcək.  O zaman ictimaiyyət hər şeydən əli üzülən bu dağıdıcı düşərgənin başbilənlərinin çıxardığı oyunlardan daha yaxından xəbərdar olacaq...