“Veysəloğlu” Şirkətlər Qrupu və SABAH qruplarının birgə təşkilatçılığı, Təhsil Nazirliyinin tərəfdaşlığı ilə Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyinə həsr olunan universitetlərarası “Nə? Harada? Nə zaman?” intellektual yarışı keçirilib.
Turnirdə 10 ali təhsil müəssisəsində 20 komanda olmaqla, ümumilikdə 120 tələbə mübarizə aparıb. Gərgin mübarizə şəraitində keçən “Nə? Harada? Nə zaman?” intellektual yarışın qalibi Bakı Mühəndislik Universitetini təmsil edən “Promotey” komandası olub. Adıçəkilən komanda bütün suallara rəqiblərindən daha çox cavab verməyi bacarıb və turnirin ən güclüsü seçiliblər. Müvafiq olaraq 2-ci və 3-cü yerlərə isə Azərbaycan Dillər Universitetini təmsil edən “Fenomen” və Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin “Fətəlity” komandaları layiq görülüb.
Qeyd edək ki, 1-ci, 2-ci və 3-cü yerin qaliblərinə sertifikatlar, medallar və kubok təqdim edilib, həmçinin Teas Press nəşriyyat evindən bestseller kitablar hədiyyə olunub. Bundan başqa turnirin çempionu “Promotey” komandası 2500 manat, ikinci yerin sahibi “Fenomen” 1500 manat, üçüncü yerə layiq görülən “Fətəlity” isə “Veysəloğlu” Şirkətlər Qrupu tərəfindən 1000 manat pul mükafatı qazanıb.
Orxan Vahidoğlu, “İki sahil”