KÖŞƏ

Cavid Əkbərov

Koçaryan və Sarkisyan rejimlərinin yaratdığı ordu məhv edilib

21 dekabr 2020 17:51
1120

Xəbər verildiyi kimi, dekabrın 18-də Prezident İlham Əliyev Müstəqil Dövlətlər Birliyinin (MDB) Dövlət Başçıları Şurasının videokonfrans formatında keçirilən iclasında iştirak edib.

Dövlətimizin başçısı İlham Əliyev iclasda çıxış edərək COVID-19 pandemiyası ilə mübarizədə Azərbaycanın gördüyü işlər və İkinci Qarabağ müharibəsi haqqında ətraflı danışıb.

Prezident İlham Əliyev çıxışında Ermənistan-Azərbaycan arasında müharibənin səbəbləri və nəticələri, hazırkı dövrdə işğaldan azad olunmuş ərazilərimizdə və işğalçı ölkədə müşahidə olunan vəziyyət haqqında olduqca vacib məqamlara toxunub. Təsadüfi deyil ki, dövlət başçısı İlham Əliyevin çıxışı MDB-ni təmsil edən bütün dövlətlərdə, ələlxüsus Rusiya və Ermənistanda çox ciddi izlənilib.

Qarabağ həqiqətlərinin MDB platformasında işıqlandırılması kifayət qədər vacib faktordur. Çünki təşkilatı təmsil edən dövlətlər uzun illər Azərbaycanla birlikdə SSRİ-nin tərkibində olub və bölgəyə ən yaxın ölkələr sayılır. Həmçinin həmin dövlətlərin bir çoxu Ermənistan və Rusiyanın iştirak etdikləri Avrasiya İttifaqı və Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı  kimi qurumlarda yer alırlar. Bu isə o deməkdir ki, münaqişə ilə bağlı MDB-nin tutduğu mövqe kifayət qədər vacibdir. Ermənistanın demək olar ki, bütün hərbi və iqtisadi əlaqələrinin bu məkanda olmasını nəzərə alsaq, Qazaxıstan, Belarus, Özbəkistan kimi dövlətlərin istər münaqişə ilə bağlı tutduqları mövqe, istərsə də Ermənistanla gələcək iqtisadi və hərbi münasibətin perspektivləri Azərbaycanın bu istiqamətdə apardığı siyasətdən birbaşa asılıdır.

Prezident İlham Əliyev sözügedən iclasda qeyd edib ki, indi Ermənistanda çox gərgin vəziyyət yaranıb: “Ermənistanın baş nazirinin bizim iclasda iştirak etmədiyini nəzərə alaraq daha heç nəyi şərh etməyəcəyəm. Mən yalnız quru faktları, orada baş verənlərin çox cüzi faizini dedim. Ermənistanda gedən daxili siyasi proseslərə əsla müdaxilə etmək niyyətində olmadan bircə onu demək istərdim ki, darmadağın edilmiş ordu Paşinyanın ordusu deyil, bu, 20 il ərzində Koçaryanın və Sarkisyanın yaratdığı ordudur. Bizim şəhərlərimizi – Ağdamı, Füzulini, Cəbrayılı, Zəngilanı, Qubadlını və başqalarını Paşinyanın ordusu məhv etməyib, o, belə göstərişlər verməyib. Əvvələn, orada artıq dağıdılası bir şey qalmamışdı.”

Qələbədən sonra qarşıda duran əsas vəzifələrdən biri işğal dövründə Ermənistanın Azərbaycana vurduğu zərərin hesablanması və işğalçı barədə beynəlxalq hüququn tələblərinə uyğun ölçü götürülməsidir. Ermənistanın təcavüzü nəticəsində Azərbaycanın işğal olunmuş ərazilərində törədilmiş dağıntılar 30 illik proses çərçivəsində ayrıca qiymətləndiriləcək. Əvvəllər bu məsələni qaldıran zaman həmin ərazilərə giriş imkanı olmayıb, real faktlar əsasında bunu ortaya qoymaq çətinlik yaradıb. İndi isə ərazilərimiz işğaldan azad edilib. İşğal dövründə Azərbaycana vurulan ziyan hesablanacaq və Ermənistana qarşı təzminat davası açılacaq. O cümlədən Kəlbəcəri yandıran, meşələri qıran düşmən onun da cavabını verəcək.

Dövlət başçısı İlham Əliyev işğaldan azad edilmiş ərazilərimizdə ermənilərin törətdikləri vəhşiliklər haqqında danışarkən, həmçinin bildirib ki, bütün bunlar Koçaryan və Sarkisyanın – MDB üzrə bizim belə adlandırılan keçmiş həmkarlarımızın, 20 il ərzində bizim iclaslarda iştirak edən insanların, uzun illər boyu mənimlə danışıqlar aparan adamların rejimi tərəfindən edilmişdi: “Biz bilirdik ki, onların əlləri Azərbaycan xalqının qanına bulaşıb, lakin biz həmin ərazilərə gələndə onların törətdiklərinin bütün dəhşətini, bütün faciəviliyini gördük. Buna görə də indi vəziyyətdən öz siyasi məqsədləri üçün istifadə etməyə və Paşinyana hücum etməyə çalışanlar başa düşməlidirlər ki, bunu onun ordusu etməyib. O, ordu yaratmağa macal tapmazdı və praktiki olaraq bunu edə də bilməzdi, bunun üçün vaxt lazım idi, lakin 20 il ərzində bu ordunu Koçaryan və Sarkisyan yaradıb, biz onların ordusunu darmadağın etmişik.”

Prezident İlham Əliyevin MDB Dövlət Başçıları Şurasının iclasında çıxışı Cənubi Qafqazın dünəni, bu günü və gələcəyi prizmasından çox vacibdir. Dövlət başçısı həm çıxışları, həm də ordumuzun dəmir yumruğu ilə Ermənistanın bütün siyasi rəhbərlərinə tarix dərsi verdi. Bir daha sübut olundu ki, Ermənistan yalnız işğalçı və terrorçu deyil, həm də vandal dövlətdir. 30 illik işğaldan sonra azad edilən ərazilərimizdə ortaya çıxan mənzərə başqa cür düşünməyə əsas vermir.

Artıq müharibə başa çatıb. Ermənistan noyabrın 10-da Prezident İlham Əliyevin şərtləri əsasında kapitulyasiya edib. Bölgədə yeni reallıq yaranıb və bəzi xarici siyasi dairələrin üçtərəfli Bəyanata kölgə salmaq cəhdləri isə tamamilə mənasız və əhəmiyyətsizdir. Ermənistanı diz çökdürən müharibənin qalibi Azərbaycan işğaldan azad olunmuş bütün şəhər və rayonlarını, kənd və qəsəbələrini yenidən quracaq. Ermənistan isə tarixi boyu Azərbaycanın dəmir yumruğunun ağrısını hiss edəcək.

Məhərrəm Ağalaroğlu
Anama məktub
Elşad Miraləm
BİZ KİMİK?