KÖŞƏ

Zahid Rza

Milli tariximizin qalibiyyət səhifəsi

25 dekabr 2020 17:42
2175

Azərbaycan heç vaxt belə parlaq Zəfər əldə etməyib, heç vaxt indiki qədər güclü olmayıb

Bu gün Azərbaycan tarixinin ən qürurlu, sevincli, şanlı və şərəfli günlərini yaşayır. Tarixi torpaqlarımızın yağı tapdağından azad edilməsi uğrunda müharibə təkcə təcavüzkar Ermənistana deyil, bütün dünyaya xalqımızın əzmini və iradəsini, xalq-iqtidar-ordu birliyini, Azərbaycanın gücünü, qüdrətini bir daha nümayiş etdirdi. Prezident İlham Əliyevin Valday şəhərində qürur hissi ilə söylədiyi “Qarabağ Azərbaycandır və nida işarəsi” şüarının şücaətli Azərbaycan Ordusunun ilhamverici qüvvəsinə çevrilməsi sayəsində torpaqlarımız  azğın düşmənin 27 illik əsarətindən xilas edildi, Ermənistan tarixinin ən biabırçı məğlubiyyətini yaşadı. Haqq-ədalət zəfər çaldı. Mənfur düşmənin beli qırıldı.  İşğalçılar torpaqlarımızdan qovuldu.  Bu gün üçrəngli, ay-ulduzlu bayrağımız işğaldan azad edilmiş torpaqlarda qürurla dalğalanır.

Bütün dünya Azərbaycanın öz suverenliyi, ərazi bütövlüyü uğrunda inamlı mübarizəsinin, azadlıq mücadiləsinin şahidi oldu. Vətən müharibəsində Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Silahlı Qüvvələrimiz  canı-qanı bahasına Ermənistan ordusunun “məğlubedilməz”liyi barədə illərdir formalaşdırılmış mifi qısa müddətdə darmadağın etməklə “böyük Ermənistan” xülyasını, qondarma “dqr”i tarixin zibilliyinə ataraq  düşməni və onun məkrli havadarlarını Azərbaycan xalqının iradəsi ilə hesablaşmağa vadar etdi. Bütün dünyaya sübut edildi ki, Azərbaycanın razılığı olmadan Dağlıq Qarabağla bağlı heç bir qərar qəbul edilə bilməz. Rəşadətli Azərbaycan əsgərinin qanı, canı bahasına azad olunmuş Cəbrayıldan, Füzulidən, Zəngilandan, Qubadlıdan sonra  Qarabağın incisi olan Şuşa 28 il yarımlıq  həsrətdən sonra işğalçılardan təmizləndi. Döyüş meydanında əldə edilən qələbə imkan verdi ki, işğal altında olan Ağdam, Kəlbəcər və Laçın rayonları bir güllə atmadan, bir şəhid vermədən işğaldan azad edilsin. Təbii ki, bir güllə atmadan, bir əsgərimizin burnu belə qanamadan öz torpaqlarımıza sahiblənməyimiz müzəffər ordumuzun döyüş meydanındakı əzmi, qüdrəti ilə yanaşı, həm də Azərbaycanın möhtəşəm siyasi-diplomatik fəaliyyətinin nəticəsi idi.

Prezidentimizin dediyi kimi, noyabrın 8-də Şuşa işğaldan azad olunandan sonra artıq düşmən bizə qarşı müqavimət göstərməyin heç bir əhəmiyyət kəsb etməyəcəyini anlayaraq noyabrın 10-da faktiki olaraq kapitulyasiya aktını imzaladı: “Şuşanın işğaldan azad edilməsi bizim gücümüzü göstərdi, Ordumuzun peşəkarlığını, hərbçilərimizin cəsarətini, qəhrəmanlığını göstərdi. Şuşanın götürülməsi çox böyük peşəkarlıq, cəsarət tələb edən əməliyyat idi. Əminəm ki, bu əməliyyat dünya hərb tarixində xüsusi yer tutacaqdır. Çünki bu əməliyyatı yalnız yüngül silahlarla silahlanmış bizim qəhrəman hərbçilərimiz dağlardan, meşələrdən, cığırlardan keçərək icra ediblər. Şuşanın işğaldan azad edilməsi bizim şanlı Qələbəmizdir”

Noyabrın 10-da Azərbaycan, Rusiya prezidentləri və Ermənistanın baş naziri birgə Bəyanat imzaladılar. İmzalanmış sənəd təcavüzkar Ermənistanın hərbi təslim aktı, diz çökməsi ilə yanaşı,  Azərbaycanın böyük geosiyasi və geoiqtisadi qələbəsi idi. Birgə bəyanatda Ermənistan öz üzərinə qoşunlarını 20 gün ərzində Ağdam, Kəlbəcər və Laçından çıxaracağına dair öhdəlik götürdü. Dağlıq Qarabağa hər hansı statusun verilməməsi, ərazi bütövlüyümüzün tam təmin olunması və nəhayət, ölkəmizin digər ərazilərinin Naxçıvanla kəsilmiş quru-avtomobil, dəmiryol əlaqələrinin bərpasının nəzərdə tutulması Azərbaycanın tam və qeyd-şərtsiz Qələbəsinin əyani sübutu oldu.

Azərbaycanın zəfəri ilə başa çatan Vətən müharibəsi xalqımızın gücünü, əzm və iradəsini, qətiyyətini, öz Lideri ətrafında  dəmir yumruq kimi birləşdiyini bütün dünyaya nümayiş etdirdi.  Azərbaycan işğalçı Ermənistan üzərində qələbə qazanmaqla  regionda yeni reallıq yaratdı. Qəhrəman ordumuz  BMT Təhlükəsizlik Şurasının Azərbaycanın Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilmiş torpaqların qeyd-şərtsiz dərhal boşaldılmasını tələb edən, 27 il kağız üzərində qalan qətnamələrini 44 gündə icra edərək ərazi bütövlüyümüzü təmin etdi.

Qarşıda bizi böyük işlər, azad edilmiş torpaqlarımızda quruculuq işləri gözləyir. Azad edilən ərazilərimizdə bərpa işləri ilə bağlı böyük proqramlar hazırlanır. Bütün işğaldan azad edilmiş torpaqlarımızın bərpası üçün Baş plan hazırlanır. Barbar, mağara təfəkkürlü ermənilərin daşı-daş üstündə qoymadıqları şəhər, rayon, qəsəbə və kəndlərimiz əsaslı şəkildə yenidən bərpa ediləcək, soydaşlarımızın öz tarixi torpaqlarına qayıdışı təmin ediləcək. Bütün bunlara Azərbaycanın malik olduğu güc, qüvvət, iqtisadi qüdrət tam imkan verir.  Dövlətimizin başçısının dediyi kimi, Qələbə günündən 8 gün və işğalçı Ermənistanın kapitulyasiyasından 6 gün keçəndən sonra  Alxanlı qəsəbəsindən Füzuli-Şuşa avtomobil yolunun çəkilməsinə başlanması bunun bariz nümunəsidir.

Ümumiyyətlə, düşmənin əsarətindən azad olunan ərazilərə Böyük Qayıdışın təmin edilməsi üçün şəhər və kəndlərin bərpası və yenidən qurulması, həmin ərazilərdə müasir infrastrukturların yaradılması məqsədilə gələn ilin dövlət büdcəsindən 2,2 milyard manat vəsaitin ayrılması nəzərdə tutulub. Buraya elektrik enerjisi, təbii qaz, su, rabitə, yol, təhsil, səhiyyə, mədəniyyət, mənzil-kommunal və digər zəruri infrastrukturların və mədəni-tarixi abidələrin bərpası və yenidən qurulması, yaşayış evlərinin tikintisi və sair daxildir.

Dünya hərb tarixinə qızıl hərflərlə yazılacaq 44 günlük Vətən müharibəsinin qalibi, tarixinin ən şərəfli, ən sevincli və qürurverici günlərini yaşayan  qüdrətli Azərbaycan  sarsılmaz iradəsi, güclü iqtisadiyyatı ilə öz şərəfli missiyasını yerinə yetirərək  Qarabağı yenidən cənnət məkana çevirəcək. Prezident, Ali Baş Komandan, Vətən müharibəsinin qalib sərkərdəsi, “Qarabağ Azərbaycandır” nidasını bütün dünyaya təsdiq etdirən Müzəffər Ali Baş Komandan İlham Əliyevin dekabrın 23-də işğaldan azad edilmiş Qubadlı və Zəngilan rayonlarına  səfəri zamanı söylədiyi kimi, bu gün Azərbaycan güclü ölkədir və tarixdə heç vaxt indiki qədər güclü olmayıb: “Azərbaycan tarixdə heç vaxt belə parlaq Zəfər əldə etməmişdir, tarixdə heç vaxt indiki qədər güclü olmamışdır. Bizim gücümüz birliyimizdədir. Biz birlik nümayiş etdirmişik, əzmkarlıq nümayiş etdirmişik, qəhrəmanlıq nümayiş etdirmişik və bunun nəticəsində dəmir yumruqla düşmənin başını əzib öz doğma torpaqlarımızı azad etmişik”.