04 yanvar 2021 21:13
910

Ukrayna da “Bayraktar” alacaq

Ukraynanın Hərbi Dəniz Qüvvələrinin komandanı Aleksey Neijpapa yanvarın 4-də Ukraynanın 2021-ci ildə donanması üçün Türkiyədən pilotsuz uçuş aparatları və korvet alacağını açıqlayıb.

Ölkə mediasına açıqlamasında o bildirib ki, Türkiyədən “Bayraktar TB 2” PUA-ları alınacaq.

A.Neijpapa Ukraynanın pilotsuz təyyarələrdən həm dəniz, həm də quru əməliyyatlarında istifadə edəcəyini bəyan edib və ölkəsinin Türkiyə ilə ortaq şəkildə istehsal olunan Ada-sinif korvetləri sayəsində NATO standartlarında istehsal gücünə çatacağını bildirib.

Ukrayna rəsmisi bu açıqlamanı iki ölkənin müdafiə nazirlikləri arasında dekabrda imzalanmış müqavilənin ardından verib.

"İki sahil" "dailysabah.com" saytına istinadən xəbər verir ki, korvetlər Ukraynanın Mkolaiv şəhərində yerləşən “Okean” gəmiqayırma zavodunda Türkiyə texnologiyalarından istifadə olunmaqla istehsal ediləcək.

Ukrayna Qara dənizdə və Azov dənizində təhlükəsizliyini möhkəmləndirmək  üçün donanmasını gücləndirməyi hədəfə alıb.

Ada-sinif korvetlər hava, yerüstü və sualtı hədəflərin təyin edilməsini, yerləşməsini, təsnif edilməsini, müəyyənləşdirilməsini və məhv edilməsini həyata keçirə və dənizdə atəş dəstəyi təmin edə bilər.

Xatırladaq ki, Türkiyə dünyada öz milli imkanlarından istifadə edərək hərbi gəmi inşa və dizayn edə bilən 10 ölkədən biridir.

Ukrayna və Türkiyə birlikdə təyyarə mühərriki istehsalına başlamaq haqqında da müzakirələri davam etdirirlər.

Nübar Süleymanova, "İki sahil"