Ayaqlarım elə donmuşdu ki, heç nə hiss etmirdim. Anam paltarını cırıb bizim ayagımıza bağladı. Ac-sussuz 3 gün meşə ilə yol getdik
Bir neçə gün sonra Xocalı soyqırımının 29-cu ildönümü qeyd olunacaq. Ermənilərin zaman-zaman azərbaycanlılara və türklərə qarşı soyqırımı siyasəti həyata keçirdikləri faktdır. Yüzlərlə günahsız insanın, xüsusilə qadınların, qocaların, uşaqların bir gecədə qətlə yetirilməsi dünya tarixində az rast gəlinən faciələrdəndir.
“İki sahil” həmin dəhşətli faciənin şahidlərindən birinin- Aynurə Abışovanın xatirələrini təqdim edir.
- Xocalı faciəsinin azyaşlı şahidi kimi həmin gecə haqqında nə deyə bilərsiniz?
- Deyirlər ki, uşaq yaddaşı silinməz olar. Həqiqətən də bu, belədir. O gecəni dəhşət içində xatırlayıram. Fevral ayı dəhşətli dərəcədə soyuq idi və deyim ki, qar dizdən idi. 29 il keçməsinə baxmayaraq, o günü bu gün kimi xatırlayıram. O dəhsətli faciənin heç bir anını unuda bilmirəm. Ananın gözü qarşısında balası öldürülürdü. Qardaş bacıdan ayrı düşürdü. Hər kəs öz yaxın və doğmalarını itirirdi. Bəlkə də azyaşlı olmağım, nə baş verdiyini tam anlamamağım mənə həmin gecəni dözməyə imkan verdi. İndi həmin gecəni xatırlayanda inana bilmirəm ki, bu qədər dəhşətli anı yaşamışam. Azyaşlı olmağıma baxmayaraq dəhşətli gecənin yükünü çiyinlərimdə daşıdım. Anam soyuqda, qarda bizə təsəlli verə-verə gətirirdi. Deyirdi ki, az qalıb çatırıq. Aclıq da bizi taqətdən salmışdı. Ancaq anamın verdiyi təsəlli məni və bacılarımı sakitləşdirirdi. Xocalı faciəsi zamanı azyaşlı idim və nə baş verdyimi anlamırdım. Ancaq böyüdüm və böyüdükcə Vətən həsrəti qəlbimdə daha genis yer aldı. Oxudum, təhsil aldım və özümə söz verdim ki, Vətənimə, Xocalıma layiqli bir gənc olacağam.
- Aynur xanım, ağır da olsa həmin dəhşətli gecəni xatırlamanızı istəyirik. Yaddaşınızda nələr qalıb?
- Həmin gün gecə saat 12 idi və biz yatmışdıq. Əmimin ailəsi də bizdə qalmışdı. Qəflətən qapımız döyüldü. Bu, qonşumuz Yelmar kişi idi. O bildirdi ki, uşaqları qorxutmayın, ancaq ermənilər çox pis atırlar və qeyd etdi ki, əynimizi geyinib, onların "padval"ına gələk. Anam tələm-tələsik bilmədi ki, əynimizə nə geyindirdi. Biz birtəhər qonşunun "padval"ına getdik. Artıq ermənilər Xocalıya daxil olmuşdu, ancaq bizim heç nədən xəbərimiz yox idi. Düzdür, məhəllənin kişiləri artıq bilirdilər ki, ermənilər şəhərə daxil olub. Ancaq arvad-uşağı qorxutmamaq üçün bizə heç nə demirdilər, səhərin açılmağını gözləyirdilər. Səhəri elə orada “açdıq” və bizə dedilər ki, ermənilər şəhərə daxil olub, evləri yandırır, arvad-uşağı qətlə yetriri, əsir götürürlər. Biz birtəhər "padval"dan çıxıb "5 mərtəbə" deyilən təzə tikilmiş binaya daxil olduq. Axşama kimi orada qaldıq. Ermənilər bildilər ki, binada adamlar var və, oranı mühasirəyə aldılar. Bizimkilərdən silah olanlar binanın yuxarı mərtəbəsindən sona qədər ermənilərlə döyüşdülər. Orada mənim əmim yaralandı. Artıq sursat tükənmişdi. Həmin an döyüşən əsgərlərimizdən biri bizim otağa daxil olaraq dedi ki, ermənilər içəri daxil olsalar siz öldürüb, sonuncu gülləylə də özümü öldürəcəm, ancaq heş kimin əsir düşməsinə izn verməyəcəm. Bir az keçdikdən sonra atəş səsləri dayandı. Ermənilərin də sursatı qurtarmışdı. Axşamüstü birtəhər binadan çıxıb meşəyə üz tutduq. Ayaqlarım elə donmuşdu ki, heç nə hiss etmirdim. Anam paltarını cırıb bizim ayagımıza bağladı. Ac-sussuz 3 gün meşə ilə yol getdik. Meşədə anam bizə dedi ki, ayaqqabılarınızı çıxarın ki, camaatla ayaqlaşa bilək. Çünki o vəziyyətdə arxada qalanı gözləmək çətin idi. Biz ayaqqabılarımızı çıxardıq və buz kimi qarın üstündə ayaqyalın yolumuza davam etdik. Onu da qeyd edim ki, böyük bacım artıq donmuşdu. Biz elə bildik ki, artıq bacım ölüb. Anam bacımı bir an belə olsun qucağından yerə qoymurdu. Bacıma nəfəs verə-verə gətirib sağ-salamat çatdıra bildi. Həmin gecə bizə Vətəni uğrunda döyüşən Natiq adında hərbçi çox kömək etdi. O soyuda Qarqarcayı ayaqyalın keçməli idik. Həmin Natiq adlı hərbçi şəxs məni qucağına alıb çayı keçirtdi. Anama da çox kömək etdi. O faciə yaddaşıma elə həkk olunub ki, ölənə qədər yaddımdan çıxmaz.
- Həmin faciəvi gündən heç vaxt unutmayacağınız epizodu bizimlə bölüşməyinizi istərdim...
- O gecədən unutmadığım bir xatirə kimi meşədə anamdan ayrı düşdüyüm anı deyə bilərəm. Həmin anı heç vaxt unuda bilmirəm. Əmim qızı ilə mən meşədə atışma zamanı yolu azdıq və anamgildən ayrı düşdük. Dumana idi və 2 saata yaxın anamgildən ayrı, meşənin dərinliyində kimsəsiz qaldıq. Mən çox aglayırdım, amma səsimi çox çıxara bilmirdim. Anam geri qayıdıb bizi tapdı. Anamdan ayrı düşəndə düşündüm ki, bir daha anamı görə bilməyəcəm. Amma Allah elə bir güc verdi ki, dözdüm və iki saat gözlədim. İnanırdım ki, meşənin hansı dərinliyində olsam, belə, anam məni atıb getməz. Bu inam mənə həmin vaxt dözmək üçün güc verdi. Həmin gecə məndən uşaqlığımı aldı. Uşaq yaddaşıma qanlı bir faciə həkk edildi. Bununla da, uşaqlığım məhv edildi. Hər il bu faciə yaxınlaşdıqca sanki, o anı təkrar-təkrar yaşayıram. Elə bil ki, Xocalı faciəsi 29 il deyil, dünın baş verib. Məhv olmuş uşaqlığımı yenidən yaşamaq istərdim.
- 29 ildən sonra ilk dəfədir ki, ərazi bütövlüyümüzün bərpasından sonra bu faciəni anacayıq. Tarixi Zəfərimizin Xocalı faciəsinin tanıdılmasında nə kimi rolu olacaq?
- Bu il 26 fevralı tarixini fərqli anacam. Çünki biz Zəfər çalmışıq. 29 ildən sonra Vətən həsrətinə son qoyuldu. İşğalda olan torpaqlarımız işğaldan azad edildi. Bəli, bu, cənab Prezidentimizin apardığı məqsədyönlü siyasət nəticəsində mümkün oldu. Şanlı ordumuzun şücaətinin nəticəsidir ki, biz öz torpaqlarımıza qovuşduq. Bu, Zəfər Tarixidir. Ərazi bütövlüyümüzün bərpasından sonra biz bu il Xocalı faciəsini hüznlə, amma qururla yad edəcəyik. Tarixi Zəfərimiz artıq bütün dünyaya bəllidir. Bütün dünya Azərbaycanın, ordumuzun gücünü əyani şəkildə gördü. Xocalı faciəsi dünya soyqırımlar tarixində öz yerini tutan faciələrdəndir. Baxmayaraq ki, dünya 30 ilə yaxın bir vaxtda işğala, soyqırıma göz yumdu. Ancaq biz bu gün öz Zəfərimizlə dünyaya bir mesaj verdik və Azərbaycan öz ərazi bütövlüyünü bərpa etdi. Xocalı faciəsinə göz yuman dünya birliyi bizim qələbəmizin şahidi oldu və bildi ki, şəhid şəhəri bu gün zəfər şəhəridir.
- Gənclərimizin Xocalı faciəsinin dünyaya çatdırılmasında rolu haqqında nə deyə bilərsiniz?
- Bu gün gənclərimiz Xocalı faciəsinin dünyaya catdırılmasında fəal rol oynayır. Mən bir Xocalı gənci olaraq, dəfələrlə bir çox ölkələrdə Xocalı faciəsi ilə bağlı geniş məruzələrlə çıxışlar etmişəm. Gənclərimiz bu istiqamətdə çox işlər görür və bu faciənin dünyaya catdırılması üçün əlindən gələni edirlər. Bu elə bir faciədir ki, bir şəhər bir gecədə məhv edilib. Neçə-neçə uşaq valideynsiz qaldı, elə ailələr oldu ki, tamamilə məhv edildi. Təbii ki, bu faciəni dünyaya çatdırmaq hər bir gəncimizin borcudur. Gələcəkdə də çalişacağam ki, bu faciə heç vaxt unudulmasın, bu məsələ ilə bağlı təbliğatımız güclü olsun və biz düşmənin xislətini bütün dünyaya sübut edək. 20 Yanvar və Xocalı faciəsi bizim əbədi qan yaddaşımızdır. Xocalı faciəsinin dünya dövlətləri tərəfindən soyqırımı kimi tanınması üçün biz gənclərin üzərinə böyük məsuliyyət düşür. Sosial şəbəkələrdə geniş təbliğat aparmalıyıq. Ermənilərin bu faciələri hansı vəhşiliklə törətdiklərini fakt və sübutlarla bütün dünyaya çatdırmalıyıq. Biz bunu təkcə ildönümləri ərəfəsində yox, hər gün etməliyik.
Yaqut Ağaşahqızı, “İki sahil”
Özbəkistanın təhsil mütəxəssisləri Quba Soyqırımı Memorial Kompleksində təlimdə iştirak ediblər
Xəzər rayonunda “27 sentyabr- Anım günü” ilə bağlı silsilə tədbirlər keçirilib
Azərbaycanın mina qurbanlarının “danışan fotolar”ı Nürnberqdən dünyaya ədalət çağırışı edib