12 fevral 2021 17:21
1452

Tarixə “qara gecə” olaraq düşən Xocalı qətliamını unutmadıq, unutmayacağıq

44 günlük müharibə bu reallığa bir daha işıq saldı ki,  işğalçı Ermənistan və ona havadarlıq edən dövlətlər bütün işğal altında olan torpaqlarımızın geri qaytarılmasında maraqlı olmayıblar, hətta 5 rayonun  verilməsi ilə kifayətlənməyə çağırışlar ediblər.  Ermənistan tərəfi hər dəfə bu məsələni gündəmə gətirirdi ki,  əgər  7 rayon Azərbaycana qaytarılacaqsa, mütləq Dağlıq Qarabağın statusu eyni vaxtda öz həllini tapmalıdır. İşğalçı dövlətin bu şərti açıq-aşkar danışıqları imitasiya naminə apardıqlarını təsdiqləyirdi. Azərbaycanın münaqişənin həllində dəyişməz mövqeyi nəinki Ermənistana, ona havadarlıq edən dövlətlərə də çox yaxşı bəlli idi. «Azərbaycanın ərazi bütövlüyü danışıqlar mövzusu deyil və ola da bilməz» bəyan edən rəsmi Bakı işğal altında olan torpaqlarımızı istənilən yolla azad edəcəyimizi ən yüksək tribunalardan bəyan edirdi. Dağlıq Qarabağ Azərbaycanın ayrılmaz tərkib hissəsidir.

 «Bu 17 il ərzində dəfələrlə bizə müxtəlif yerlərdən, xarici dairələrdən belə siqnallar gəlirdi ki, indi beş rayonu alın, bununla da kifayətlənin. Siz müharibədə məğlubiyyətə uğramısınız, Ermənistan müharibədə, - Birinci Qarabağ müharibəsi nəzərdə tutulurdu, - qələbə qazanıb. Siz reallıqlarla razılaşın. İndi beş rayon ki, sizə vəd verilir, o da böyük şeydir, siz onu alırsınız, Laçın, Kəlbəcər də qalsın sonraya, siz nə vaxt müstəqillik versəniz Dağlıq Qarabağa, o vaxt da o rayonların bir hissəsi sizə qayıda bilər» söyləyən dövlətimizin başçısı İlham Əliyev bildirir ki,   Laçın, Kəlbəcər və Şuşa Azərbaycana qayıtmadığı halda  heç bir razılaşmanın  ola bilməzliyini  bəyan edirdim. Bu mövqe xarici ölkələrdə bir çoxlarını qıcıqlandırırdı: «Mən deyirdim ki, bizim ərazi bütövlüyümüz bərpa edilməlidir. Deyirdim ki, müharibə variantı heç vaxt istisna olunmur. Nəinki deyirdim, bütün bu illər ərzində bütün gücümüzü səfərbər edib ölkəmizi gücləndirirdik, güc toplayırdıq - həm beynəlxalq müstəvidə, həm ölkə daxilində, həm iqtisadi məsələlərin həllində, ölkəmizdə həmrəyliyin və birliyin möhkəmlənməsində, ordu quruculuğunda güc toplayırdıq. Bu gücü dəmir yumruq formasına gətirdik, düşmənin belini qırdıq və bu gün biz yeni reallıq yaratdıq. Əgər hətta bir il bundan əvvəl bəziləri bizə deyirdilərsə ki, siz mövcud olan reallıqla barışın, bu gün mən deyirəm, hər kəs mövcud reallıqla barışmalıdır.»

Yuxarıda qeyd etdiyimiz kimi, Azərbaycan BMT Təhlükəsizlik Şurasının qətnamələrini icra etdi.  Bu qətnamələr 27 il idi ki, kağız üzərində qalırdı. Beynəlxalq hüquq bizim tərəfimizdə olduğu halda işğalçı dövlətə maddi və mənəvi dəstək göstərilərək münaqişənin həlli prosesi uzadılır, Ermənistan əlavə vaxt qazanırdı. Azərbaycan 44 gün davam edən Vətən müharibəsinin nəticəsi olaraq  beynəlxalq hüquq praktikasında da  yeni reallıq yaratdı. Bir daha beynəlxalq hüquq, ədalət deyilən məfhumların mövcudluğu dünyaya çatdırıldı. Cənab İlham Əliyev dünyanın ən nüfuzlu beynəlxalq təşkilatlarının tribunasından, o cümlədən BMT Baş Assambleyasının iclaslarında bu  məqamı xüsusi qeyd edirdi ki, beynəlxalq hüququn norma və prinsiplərinin, BMT Təhlükəsizlik Şurasının qərar və qətnamələrinin icrası üçün vahid mexanizm müəyyənləşdirilməlidir. Bu qətnamələr bəzi dövlətlər üçün 1-2 saat ərzində icra edilir, amma Azərbaycana gəldikdə isə mənzərə göz önündədir.

Azərbaycan dünyanın ikili standartlar əsasında yanaşmasını müharibənin getdiyi 44 gündə də aydın şəkildə gördü. Döyüş meydanında məğlubiyyəti ilə barışmayan Ermənistan hakimiyyətinin göstərişi əsasında erməni silahlı qüvvələrinin mülki şəxsləri, yaşayış məntəqələrini atəşə tutması, 44 gündə 100-ə yaxın  mülki şəxsin ölümünə, 400-dən artıq insanın yaralanmasına səbəb olan  terror aktlarını törədilməsinə dünyanın biganə yanaşması, eyni zamanda, 10 noyabr razılaşmasına uyğun olaraq Ağdam, Kəlbəcər və Laçını boşaldarkən törətdikləri vəhşilikləri görməzdən gəlmələri Dağlıq Qarabağ münaqişəsinin həlli prosesinin 30 il uzanmasının səbəblərini bütün aydınlığı ilə ortaya qoydu. Amma bütün bu cəhdlərə, ikili yanaşmalara, Azərbaycana göstərilən təzyiqlərə baxmayaraq dövlətimizin qətiyyəti, xalqımızın iradəsi, ordumuzun gücü, qüdrəti sayəsində  torpaqlarımızı azad etdik, kimin haqlı, kimin haqsız olduğunu, beynəlxalq hüququ arxa plana keçirməyin dünyanın aparıcı dövlətlərinin, nüfuzlu beynəlxalq təşkilatların nüfuzuna hansı xələli gətirdiyini bir daha onların nəzərinə çatdırdıq.

Əbəs yerə deyilmir ki, hadisələrə ən böyük dəyəri zaman özü verir. Cənab İlham Əliyev bütün müraciətlərində bu fikri xüsusi qeyd edirdi ki, nəyi nə zaman etmək lazım olduğunu bilirdim.

44 günlük müharibə, Azərbaycan Ordusunun uğurlu əks-hücum əməliyyatları Azərbaycanın sözünün imzası qədər əhəmiyyətli  olduğunu dünyaya nümayiş etdirdi. Çoxəsrlik tariximizin ən şanlı səhifəsini yazan ordumuz bir daha sübut etdi ki, yenilməz, məğrur ordu bizim ordudur.  Ordumuz ərazi bütövlüyümüzü bərpa etməyə,  işğala son qoymağa qadirdir. Bölgədə bu gün və gələcək üçün yeni təhlükəsizlik, yeni əməkdaşlıq formatı yaradıldı. Artıq yeni yazılan tariximizdə torpaqlarımızın işğaldan azad olunduğu tarixlər yer alıb. 30 il torpaqlarımızın işğal günləri yaxınlaşdıqca mənəvi sarsıntı keçirir, bu nisgilin nə zaman başa çatacağını gözləyir, içimiz torpaq həsrəti ilə göynəyirdi. Artıq bu sıxıntılar arxada qaldı.

Azərbaycan xalqının əzmi və iradəsi, dövlətimizin iqtisadi gücü, müasir ordu quruculuğu və xalq-iqtidar birliyi ölkəmizin Qələbəsini təmin edən mühüm amillər oldu. Dövlətimizin başçısı İlham Əliyevin Zəfər Gününün təsis edilməsi il bağlı Sərəncamında da qeyd olunduğu kimi, ulu əcdadlarımızın zəngin dövlətçilik və hərb tarixindən ilhamlanan Azərbaycan xalqı daha bir şanlı qəhrəmanlıq salnaməsi yazaraq, özünün qalib xalq olduğunu bütün dünyaya sübut etdi, düşmən üzərində tarixi Zəfər çaldı.  Həmin sənəddə xalqımızın qüdrətinin və milli qürurumuzun təntənəsinə çevrilən, dövlətimizin nüfuzu və gələcək inkişafı baxımından müstəsna əhəmiyyət kəsb edən bu misilsiz Qələbənin əbədiləşdirilməsi məqsədilə hər il 8 noyabr tarixinin Azərbaycanda  Zəfər Günü kimi təntənəli şəkildə qeyd edilməsi öz əksini tapmışdı. Cənab İlham Əliyevin Sərəncamı ilə 27 sentyabr Anım günü kimi təsis olunub.

Əvvəldə də qeyd etdiyimiz kimi, döyüş meydanında məğlubiyyəti ilə barışmayan Ermənistan silahlı qüvvələrinin baş nazir Nikol Paşinyanın əmri ilə cəbhə bölgəsindən xeyli kənarda yerləşən Gəncəni və Bərdəni, digər  yaşayış məntəqələrimizi, mülki əhalini raket hücumuna məruz qoymaları işğalçı dövlətin Azərbaycan xalqına qarşı soyqırımı aktları idi.  İşğalçı dövlət cinayət əməlləri ilə beynəlxalq hüququn fundamental prinsiplərinə, həmçinin beynəlxalq humanitar hüquq və Cenevrə konvensiyalarına məhəl qoymadığını açıq-aşkar nümayiş etdirdi. Mülki əhaliyə atəş açmaq insanlığa qarşı cinayətdir. Dünya bu reallığı dərk etmək istəmirdi ki,  Ermənistanın törətdiyi cinayət əməllərinin bugünədək cəzasız qalması yeni müharibə cinayətlərinə yol açır. Dünya baş verənləri görməzdən gəlib, heç nəyi eşitmək istəməsə də, ədalət deyilən məfhumun mövcudluğu Azərbaycan Ordusu tərəfindən onlara bəyan edildi. Dövlətimizin başçısı İlham Əliyev 44 günlük müharibə dövründə xarici mətbuata çoxsaylı müsahibələrində də həmin müddətdə ermənilərin törətdikləri terror aktlarına diqqəti yönəldərək bildirmişdir ki, bu, erməni faşizminin növbəti təzahürüdür. Onlar  döyüş meydanında məğlubiyyətə uğrayanda mülki şəxslərə atəş açırlar. Bunu  Birinci Qarabağ savaşında da gördük. Məhz Xocalı soyqırımını törədənlər  həmin mənfur qonşularımızdır. Onların əsas hədəfi mülki şəxsləri öldürmək, Azərbaycan əhalisi arasında panika, qorxu yaratmaq, bizi dayandırmaq və öz çirkin niyyətlərinə çatmaqdır. Ancaq gördülər ki, bu, alınmır və nə qədər mərmi düşürsə-düşsün Azərbaycan vətəndaşları öz torpağında qürurla yaşayırlar və bütün bu çətinliklərə dözürlər. Onları birləşdirən Qarabağın qaytarılması, Azərbaycan bayrağının işğal edilmiş bütün torpaqlarda qaldırılması  və ərazi bütövlüyümüzün bərpa edilməsi idi.

XX əsrin ən dəhşətli faciəsi olan Xocalı soyqırımının 29-cu ildönümü ərəfəsindəyik. Artıq Xocalı qurbanlarının ruhu şaddır.  Vaxtilə işğal altında olan bütün torpaqlarımızda bu gün Azərbaycan bayrağının dalğalanmasından qürur duyuruq.  Hər bir Azərbaycan vətəndaşının borcu həqiqətlərimizin, erməni vəhşiliklərinin təbliği, Xocalı faciəsinin soyqırımı kimi tanıdılması istiqamətində atılan addımlara dəstək olmaqdır.  Ermənilər və onlara havadarlıq edən dövlətlər Xocalı faciəsini törətməklə  xalqımızın mübarizə əzmini qırmaq, tarixi torpaqlarımızın bir qisminin itirilməsi ilə barışmağa məcbur etmək istəyirdilər. Lakin mənfur  düşmən məqsədinə çata bilmədi. Xalqımız öz dövlətinin suverenliyi, ərazi bütövlüyü uğrunda mübarizədə daha da mətnləşdi, qəhrəmanlıq və dəyanət nümayiş etdirdi.

Xocalı soyqırımına hüquqi-siyasi qiyməti müasir müstəqil Azərbaycan dövlətinin qurucusu, ulu öndər Heydər Əliyev verdi. Onun  təşəbbüsü ilə 1994-cü il fevralın 24-də Milli Məclis “Xocalı Soyqırımı Günü haqqında” qərar qəbul etdi. Ümummilli Liderin   “Xocalı soyqırımı qurbanlarının xatirəsinə sükut dəqiqəsi elan edilməsi haqqında” 1997-ci il fevralın 25-də imzaladığı Sərəncamla hər il fevral ayının 26-sı saat 17.00-da ölkəmizdə Xocalı soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad olunur. Son 17 ildə dövlətimizin başçısı İlham Əliyevin, Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın uğurlu fəaliyyətləri, səyləri nəticəsində Azərbaycan həqiqətləri əsaslı şəkildə beynəlxalq ictimaiyyətə çatdırılır, erməni yalanları ifşa olunur. Xocalı faciəsini erməni millətçilərinin yüzilliklər boyu türk və Azərbaycan xalqlarına qarşı apardıqları soyqırımı və etnik təmizləmə siyasətinin qanlı səhifəsi kimi dəyərləndirən dövlətimizin başçısı İlham Əliyev erməni yalanlarının, vəhşiliklərinin ifşasında birliyimizin gücünü hər zaman önə çəkir. Bütün türk dünyasına birlik çağırışını edən cənab İlham Əliyev 44 günlük müharibə dövründə dost, qardaş Türkiyənin hər an Azərbaycanın yanında olduğunu böyük qürur hissi ilə qeyd edir. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın dünyaya ünvanladığı «Azərbaycan tək deyil» mesajı birliyimizin, həmrəyliyimizin aydın ifadəsi idi.

Türkiyə Prezidentinin Xocalı soyqırımı ilə bağlı söylədiyi fikirlər bir daha qardaş ölkənin Azərbaycanın kədərini öz kədəri, sevincini öz sevinci kimi qəbul etdiyinin dünyaya nümayişidir: «Xocalıda insanlığın gözləri önündə məsum, yaşlı, qadın, uşaq demədən XX əsrin ən böyük vəhşətlərindən biri törədilmişdir. 106-sı qadın, 63-ü uşaq olmaqla 613 soydaşımız xüsusi amansızlıqla qətlə yetirilmişdir. Tarixə “qara gecə” olaraq düşən Xocalı qətliamını unutmadıq, unutmayacağıq. Azərbaycanlı qardaşlarımın, qarabağlı köçkünlərin də Xocalını közərən od kimi ürəklərində daşıdığını bilirəm.  Xocalı qətliamını törədənləri bir daha şəxsən öz adımdan və millətim adından lənətləyirəm.»

Artıq Dağlıq Qarabağ münaqişəsi arxada qalıb. Tarixi faktlar ermənilərin onlara havadarlıq  edən dövlətlərin dəstəyi ilə zaman-zaman törətdikləri vəhşiliklərdən danışır, daim dünyaya bu çağırışı edir ki, işğalçı dövlət törətdiyi cinayət əməllərinə görə  beynəlxalq hüquq çərçivəsində cəzalandırılmalıdır. Azərbaycan Ordusu Ermənistana döyüş meydanında heç vaxt unuda bilməyəcəyi dərsi verdi. Bu dərs ona havadarlıq edən dövlətlərə, beynəlxalq təşkilatlara da ciddi mesajdır.

Həqiqətlərimizin təbliğində, Azərbaycanın diplomatik mübarizədə qələbəsində  Heydər Əliyev Fondunun xidmətləri əvəzsizdir. Qarabağ həqiqətlərinə, Xocalı soyqırımına həsr olunan kitablar müxtəlif dillərə tərcümə olunaraq beynəlxalq ictimaiyyətə çatdırılıb. Artıq bu kitablarda yalnız və yalnız faktlar, erməni vəhşiliklərini nümayiş etdirən şəkillər danışır. Hər zaman qeyd etdiyimiz kimi, bunları görməzdən gəlmək vəhşiliyə, vandalizmə dəstək olmaq, cinayətkara geniş imkanlar açmaq deməkdir.  Bu faktı da qeyd edək ki,  Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə 2008-ci ildə start verilmiş “Xocalıya ədalət!” beynəlxalq maarifləndirmə kampaniyasının məqsədi Xocalı soyqırımı, Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması, Xocalı soyqırımı qurbanlarının xatirəsinin yad edilməsi, xüsusən də gənc nəsil tərəfindən unudulmamasına yönəlib. Kampaniyanın fəaliyyəti nəticəsində dünyanın 16 ölkəsi, ABŞ-ın 24 ştatı və İslam Əməkdaşlıq Təşkilatı tərəfindən Xocalıda törədilmiş cinayətləri soyqırımı kimi tanıyan qətnamələr qəbul edilib.

44 günlük müharibənin reallıqlarına, bu müddətdə Ermənistan silahlı qüvvələrinin törətdikləri terror aktlarına həsr olunan yeni dərsliklər, kitablar bir daha Azərbaycanın 30 ildə hansı vəhşi ilə üz-üzə qaldığının təqdimatı olacaq.

Yeganə Əliyeva, «İki sahil»