Bu gün şəhid Səməndər İsgəndərov yaşasaydı 25 yaşını qeyd edəcəkdi
Bu gün Vətən müharibəsində qəhrəmancasına döyüşərək torpaqlarımızın işğaldan azad olunmasında fəal iştirak edən şəhid İsgəndərov Səməndər Vahid oğlunun doğum günüdür. Şəhidin 25 yaş günü münasibəti ilə Masallı Rayon İcra Hakimiyyəti başçısının müavini Adəm Məhərrəmov, rayon İcra Hakimiyyətinin başçısı aparatının Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri Qəşəm Hadıyev, bir sıra ictimai-siyasi təşkilatların nümayəndələri, Sərçuvar kənd orta məktəbinin müəllim-şagird kollektivi və sakinlər qəhrəman döyüşçünün məzarı önünə əklil və gül dəstələri qoyublar. Ziyarətçilər torpaq uğrunda canından keçən qəhrəmanın xatirəsini dərin hörmət və ehtiramla yad edib, ailəsinə başsağlığı veriblər.
Rayon İcra Hakimiyyəti başçısı aparatının Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri Qəşəm Hadıyev çıxış edərək bildirib ki, Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə torpaqlarımızın işğaldan azad edilməsi hər birimizdə qürur doğurur və bu amal uğrunda fədakarlıq göstərənlər Azərbaycan xalqının qəlbində əbədi yaşayacaqlar.
Çıxışlardan sonra kənd məktəbinin balaca fidanları şəhidin xatirəsinə şeirlər səsləndiriblər.
Qeyd edək ki, Səməndər İsgəndərov 1996-cı il fevralın 23-də Masallı rayonunun Sərçuvar kəndində anadan olub. Rayonun ilk Milli Qəhrəmanı Səfəralı Məmmədov adına Sərçuvar kənd tam orta məktəbini bitirdikdən sonra, 2014-cü ildə həqiqi hərbi xidmətə çağırılıb. Əsgərlikdən qayıtdıqdan sonra Kərbəla ziyarətgahına yollanıb. Kərbəlayi adına yiyələndikdən sonra isə atasının yanında avtomobil təmiri ustası kimi çalışıb. 2020-ci ilin sentyabrında çağırış əsasında ön cəbhəyə yollanıb. Şuşa uğrunda gedən qızğın döyüşlərdə qəhrəmancasına şəhadətə qovuşub. Allah rəhmət eləsin! Məkanı cənnət olsun!
Şəhid Səməndər İsgəndərovla bağlı ətraflı bu linklərdə tanış ola bilərsiniz:
http://ikisahil.az/post/shehid-anasi-nishanlisini-bizleri-yariyolda-qoydu-oglum-fotovideo
https://www.youtube.com/watch?v=MUHgcr0rSC4&t=81s
Taleh Bağırov, “İki sahil”