KÖŞƏ

Zahid Rza

Azərbaycanın səbrini sınamayın yoxsa...

26 fevral 2021 16:28
1007

Azərbaycanın səbrini sınamağa çalışanların aqibəti yenə “dəmir yumruq” olacaq

2020-ci il sentyabrın 27-də işğalçı Ermənistanın Azərbaycana qarşı törətdiyi təxribat nəticəsində başlanan Vətən müharibəsi şanlı ordumuzun qələbəsi ilə başa çatdı. Silahlı Qüvvələrin Ali Baş Komandanı, Prezident İlham Əliyevin rəhbərliyi altında müzəffər Azərbaycan Ordusu işğal altında olan ərazilərimizi, xüsusən tariximizdə, xalqımızın qəlbində xüsusi yeri olan, Qarabağın rəmzini- Şuşa şəhərini noyabrın 8-də təcavüzkar Ermənistanın işğalından azad etməklə fəxarətli tarix yazdı. “Dağlıq Qarabağ münaqişəsi” məhfumu yoxa çıxdı, ərazi bütövlüyümüz və tarixi ədalət bərpa olundu.

Tarixi torpağımız olan Qarabağın 30 illik işğalına 44 günlük Vətən müharibəsi ilə son qoyulmasını xalqımız böyük sevinc, coşqu və qürur hissi ilə qarşıladı. Düşmən üzərindəki tarixi Qələbəmiz Azərbaycanın gücünü, qüdrətini, ordumuzun əzmini bütün dünyaya nümayiş etdirdi. 2020-ci il noyabrın 10-da Rusiya, Azərbaycan və kapitulyasiyanı qəbul edən Ermənistan arasında üçtərəfli Bəyanat imzalandı. Beləliklə də Azərbaycanın qələbəsi, Ermənistanın məğlubiyyəti bütün dünyaya bəyan olundu.

Bu gün 30 il ərzində xüsusi təəssübkeşlik və ikili standartlar nümayiş etdirərək Ermənistanın işğalçılıq siyasətinə göz yumanlar, bəzi mənfur xarici dairələr regionda öz çirkin maraqlarını təmin etmək, məkrli planlarını həyata keçirmək üçün Ermənistana yenidən güc-qüvvət vermək, bu ölkənin ordusunu yenidən canlandırmaq niyyətinə düşüblər. Bundan istifadə edən Ermənistandakı revanşist qüvvələr baş qaldıraraq Azərbaycanı növbəti təxribat və müharibə ilə hədələməyə çalışırlar. Ancaq onlar unudurlar ki, Azərbaycan bu şər qüvvələrin öz çirkin məqsədlərini yenidən gerçəkləşdirməsinə heç bir vəchlə imkan verməyəcək. Tarixən böyük güclərin əlində alətə çevrilən, müəyyən dairələrin “arxa bağçası” olan və hazırda hərbi-siyasi, sosial-iqtisadi böhran məngənəsində çırpınan, humanitar fəlakət yaşayan Ermənistanda məğlubiyyətlə barışmayan bəzi qüvvələr bütün bunlardan həvəslənərək Azərbaycana qarşı revanşist çağırışlar və bəyanatlar səsləndirirlər. Ancaq bu yaramazlar unudurlar ki, revanşizm Ermənistana çox baha başa gələ bilər. 

Prezident İlham Əliyev fevralın 25-də Bakının Ramana qəsəbəsindəki yaşayış kompleksində şəhid ailələri və müharibə əlillərinə mənzillərin təqdim olunması mərasimindəki çıxışında həmin revanşist qüvvələrə bir daha xəbərdarlıq edərək onları xam xəyallar qurmaqdan çəkinməyə, necə deyərlər, ağıllarını başlarına toplamağa çağırıb: “Amma bir neçə gün əvvəl eşitmişəm ki, indi onların müttəfiqləri Ermənistan ordusunu yenə də canlandırmaq istəyirlər, onları modernləşdirmək istəyirlər. Nəyə görə? Kimə qarşı? Müharibə başa çatıb. Əgər kimsə revanşist fikirlərlə yaşayırsa, bax, bu yumruğu görəcək, bu, yerindədir və bizim səbrimizi sınamasınlar. Ermənistan ordusu bitdi, yoxdur və olmamalıdır. Belə bir faşist dövlətdə ordu olmamalıdır. Biz heç vaxt imkan vermərik ki, bizim üçün hər hansı bir təhlükə yenidən yaransın, yaxud da ki, azad edilmiş torpaqlara qayıdacaq vətəndaşlarımız hər hansı bir risk hiss etsinlər".

Təbii ki, 44 günlük Vətən müharibəsində Azərbaycanın qazandığı tarixi Zəfər məğlub Ermənistanda dərin psixoloji-mənəvi sarsıntı və şok effekti yaradıb. Ölkədəki bu cür ağır vəziyyətdən, xaos və anarxiyadan, cəmiyyətdəki fikir parçalanmalarından sui-istifadə edərək bəzi xarici dairələrin gizli dəstəyi sayəsində çevriliş yolu ilə hakimiyyəti zəbt etməyə çalışan şovinist qüvvələr fəallaşaraq müharibə cağırışları ilə meydan sulayırlar.

Təbii ki, Azərbaycan bütün bunları diqqətlə izləyir, hətta ölkə başçısının dediyi kimi, nəzarətdə saxlayır, ordumuzun daha da gücləndirilməsi, modernləşdirilməsi üçün ciddi addımlar atır: “Biz bütün işlərə nəzarət edirik. Biz ordumuzu bundan sonra da gücləndirəcəyik. Yeni kontraktlar imzalanıb, ən müasir silahlar alınır, artıq onlar gətirilir. Dünyada hansı müasir silah varsa, onlar da artıq kontraktlanıb və Azərbaycana gətiriləcək. Müharibə, eyni zamanda, ordunun gələcək təkmilləşdirilməsi məsələlərini də üzə çıxarıb. Aparılacaq islahatlar daha da çevik, daha da döyüşkən və döyüş qabiliyyəti yüksək olan ordunun yaranmasına gətirib çıxaracaqdır”.

Bütün bunlara görə Ermənistan tərəfi, bu ölkədəki mənfur revanşistlər papaqlarını qarşılarına qoyub yaxşı-yaxşı düşünməli, odla oynamamalı, kin- küdurəti, düşmənçiliyi bir kənara ataraq Azərbaycana qarşı təxribatçı hərəkətlərdən, fitnəkar və avantürist əməllərdən əl çəkməlidirlər. Bu qüvvələr Azərbaycanın səbrini sınağa çəkmək əvəzinə, xoş niyyətlə uzanan əlləri sıxmalı, xalqlarımızın rifahı, regionun inkişafı, təhlükəsizliyi və sabitliyi naminə əməkdaşlıq barədə ciddi düşünməlidirlər. Əks təqdirdə səbri tükənən Azərbaycanı bu dəfə kimsə durdura, onsuz da “dəmir yumruq”la əzilən Ermənistanı məhv olmaqdan kimsə xilas edə bilməz.

Məhərrəm Ağalaroğlu
Təfəkkürün tərəkəməsi
Elşad Miraləm
BİZ KİMİK?